Dünyada ilk xalça muzeyinin yarım əsrlik yubileyi

0
1308

 

 

Bu il Azərbaycan Xalça Muzeyi özünün 50 illiyini qeyd edir. 1967-ci il martın 13-də Azərbaycan SSR Nazirlər Sovetinin 130 nömrəli sərəncamına əsasən beynəlxalq miqyasda unikal olan muzeyin əsası qoyulmuşdur. Xalça sənəti Azərbaycan xalqının həyatında müstəsna rol daşıdığına görə, dünyada bu sahə üzrə ilk ixtisaslaşmış müəssisə olan Azərbaycan Xalça Muzeyi məhz respublikamızda təşkil edilmişdir. Böyük sənətkar Lətif Kərimovun təşəbbüsü ilə yaradılan muzey milli irsin əhəmiyyətli hissəsi sayılan xalça sənətinin və unudulmaqda olan xalça texnologiyalarının qorunub saxlanılmasını təmin edən, təbliği və tədqiqi ilə məşğul olan elmi-tədqiqat mərkəzi kimi fəaliyyət göstərir.

Bu illər ərzində muzeyin müxtəlif adları olmuşdur. 1967-1993-cü illərdə Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi, 1993-2014-cü illərdə Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi, 2014-cü ildən isə Azərbaycan Xalça Muzeyi adlanır.

50 il ərzində muzeyin ekspozisiyası müxtəlif təyinatlı binalarda fəaliyyət göstərmişdir. Belə ki, ilk ekspozisiya 1972-ci ildə İçərişəhərdə XIX əsr memarlıq abidəsi olan Cümə məscidində, müstəqillik illərində Neftçilər prospektindəki Muzey Mərkəzində (keçmiş Lenin Muzeyi), çağdaş dövrdə isə məhz onun üçün Dənizkənarı Milli Parkın gözəl guşəsində ucaldılan müasir üslublu möhtəşəm tikilidə yerləşmişdir. Xalqımızın milli irsinin nadir nümunələri olan xalça və dekorativ-tətbiqi sənət inciləri fərqli üslublu məkanlarda hər dəfə müxtəlif səslənərək ekspozisiyaya özünəməxsus xüsusiyyətlər gətirmişlər. Ancaq məhz yeni binadakı muzey ekspozisiyasında geniş halda olaraq 7 kolleksiyaya (“Xovsuz xalçalar”, “Xovlu xalçalar”, “Xalça məmulatları”, “Bədii metal”, “Çini, şüşə, ağac, kağız”, “Parça, geyim, tikmə” və “Zərgərlik məmulatları”) daxil olan sənət nümunələri – xüsusilə də əsrarəngiz xalçalarımız layiqli şəkildə nümayiş olunmaq fürsətini qazandı.

Kolleksiyanın çox hissəsi 70-80-ci illərdə son dərəcə dəqiqliklə və mükəmməl şəkildə toplanmışdır. Kolleksiyanın toplanması məqsədi ilə respublika rəhbəri tərəfindən böyük vəsaitlər ayrılmışdı. Həmin dövrdə ölkənin aparıcı xalçaçı-alimləri, sənətşünasları və etnoqraflarının daxil olduğu ekspedisiyalar respublikamızın müxtəlif guşələrinə ezam olunmuş və bu zamanı muzey əhəmiyyətinə malik dekorativ-tətbiqi sənət nümunələri aşkarlanmışdır. Görkəmli xalçaçı-rəssam Lətif Kərimov başda olmaqla muzeyin ekspertləri tərəfindən toplanan əşyalar bu gün dünya incəsənət xəzinəsinin qiymətli nümunələri kimi qəbul olunur. Bu gün muzey fondları 10 mindən çox eksponatdan ibarət unikal kolleksiyaya malikdir. Onun böyük bir hissəsini xovsuz və xovlu xalçalar, xalça məmulatları təşkil edir. Bu Azərbaycan xalçalarının bütün növ və qrup kompozisiyalarının təqdim olunduğu ən dolğun və zəngin kolleksiyadır.

Muzeyin maraqlı kolleksiyası elmi-tədqiqat işi üçün tükənməz mənbədir. Yaranma tarixindən başlayaraq muzey elmi-tədqiqat və tədris mərkəzi olub, ölkəmizin mədəni həyatında fəal iştirak edir, beynəlxalq əlaqələr, fondların komplektləşdirilməsi və sosial sahələr üzrə işlər aparır.

Bu gözəl sənət məbədinə müxtəlif illərdə Əziz Əliyev (1967-1982) və Röya Tağıyeva (1983-2015) başçılıq etmişlər. 50 il ərzində muzey dünya səviyyəsində bir çox uğurlara imza atmış, həm ölkəmiz, həm keçmiş sovetlər birliyi, həm də beynəlxalq miqyasda Azərbaycan xalçasının tanıdılması və təbliğində böyük rol oynamışdır. Buna misal olaraq, 70-ci illərdə muzey kolleksiyasının bir qisminin Almaniyada və İtaliyada sərgilənməsini və bir sıra nəşrlərdə işıqlandırılmasını göstərmək olar. Muzey müvəffəqiyyətlə 30-a yaxın beynəlxalq miqyaslı sərgi keçirmişdir. İldən-ilə Azərbaycan xalçasının nüfuzu artırdı, bu da Azərbaycan xalçasına həsr olunmuş böyük bir elmi simpoziumun təşkili üçün zəmin yaradırdı. İlk simpozium Azərbaycan Xalça Muzeyinin təşəbbüsü və UNESCO-nun dəstəyi ilə 1983-cü ildə Bakıda təşkil olunmuşdur. Bu simpoziumun keçirilməsində ümummilli lider Heydər Əliyevin böyük dəstəyi və Azərbaycanın görkəmli xalça ustası, böyük sənətkar Lətif Kərimovun səyi olmuşdur. Azərbaycan xalçasının tanıdılması ilə bağlı digər beynəlxalq simpoziumlar 1988 və 2003-cü illərdə Bakıda, 2007-ci ildə isə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və UNESCO-nun təşkilatçılığı ilə UNESCO-nun Parisdəki Mənzil Qərargahında keçirilmişdir. Sonuncu Azərbaycan xalçası üzrə beynəlxalq simpozium Lətif Kərimovun 100 illik yubileyinə həsr olunmuş və bu da ölkəmizin xalça ustasına olan xüsusi hörmətin əyani göstəricisidir.

Muzeyin yaradılmasında, xalçaçılıq haqqında elmdə, xalça sənətinin bədii-texniki inkişafında Lətif Kərimovun rolu danılmazdır. Lətif Kərimovun 110 illik yubileyi 2016-cı ilə təsadüf etmiş və muzey tərəfindən təşkil olunmuş böyük bir tədbir – MDB-nin Humanitar Əməkdaşlıq üzrə Dövlətlərarası Fondunun dəstəyi ilə “Xalçaçılıq sənəti” mövzusunda dəyirmi masa keçirilmiş və MDB ölkələrindən dəvət olunmuş xalça mütəxəssisləri iştirak etmişlər. Bu tədbir çərçivəsində Ümumrusiya Dekorativ-Tətbiqi və Xalq İncəsənəti Muzeyi (Moskva) ilə birgə Lətif Kərimovun 110 illik yubileyinə həsr olunmuş maraqlı sərgi keçirilmiş və muzey tərəfindən görkəmli xalça ustadı Lətif Kərimova həsr olunmuş kitab nəşr olunmuşdur.

Son illərdə muzey bir çox beynəlxalq tədbirlərə ev sahibliyi etmişdir. O cümlədən, 2016-cı ilin yadda qalan tədbirlərindən biri I Beynəlxalq “Türk dünyasının ortaq dili – naxışlar” adlı simpoziumun keçirilməsidir. Cari ilin may ayında II simpoziumun keçirilməsi planlaşdırılır.

Muzey aktiv olaraq sosial yönümlü ictimai layihələr həyata keçirir. Kolleksiya nümunələrinin, xalqımızın adət və ənənələrinin müxtəlif yaş qrupları arasında təbliği və yaxından öyrənilməsi məqsədi ilə xüsusi tədris proqramları həyata keçirilir. Kiçik yaşlı tamaşaçılar üçün əyləncəli oyun proqramlarından tutmuş, elmi-populyar mühazirələrə, ustad dərslərinə kimi elmi-maarifləndirici proqramlar cəmiyyətimizin hər üzvünün tələblərini nəzərə alır. “Ailə günu” adlı layihə geniş spektorlu proqramdır. Bundan başqa, muzeydə maraqlı kurator layihəsi olan “Bir eksponatın tarixi”, ölkəmizin müxtəlif elm sahələrində çalışan tanınmış alimlərin mühazirələri, unudulmaqda olan xalça və tikmə texnologiyalarının öyrənilməsi və tədris olunması üzrə ustad dərsləri keçirilir.

2017-ci il muzeyin həyatında çox əlamətdar bir tarixdir. Muzey öz 50 illik yubileyini təntənəli surətdə qeyd etməyə hazırlaşır. Belə ki, bu il silsilə tədbirlərin keçirilməsi planlaşdırılır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “V Beynəlxalq Azərbaycan xalçası simpoziumunun Bakı şəhərində keçirilməsi haqqında” 14 noyabr 2016-cı il tarixli sərəncamına əsasən təşkil olunacaq simpozium Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin birgə iştirakı ilə 17-20 oktyabr tarixlərində həyata keçiriləcək. Xalça muzeyi tədbir çərçivəsində bir neçə sərgilərin təşkilini, UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası ilə birgə “Azərbaycan Xalça Muzeyi – 50 il” kitabının nəşrini nəzərdə tutur.

Xalqımızın mədəni həyatında əhəmiyyətli yer tutan Azərbaycan Xalça Muzeyi bundan sonra da öz fəaliyyətini yüksək səviyyədə davam etdirərək milli ruhumuzun əksi olan qiymətsiz sənət nümunələrini daima yaşadacaqdır.

Şirin Məlikova

Azərbaycan Xalça Muzeyinin direktoru, Sənətşünaslıq üzrə fəlsəfə doktoru,Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının

“İncəsənət tarixi” kafedrasının dosenti

 

BIR CAVAB BURAXIN