DSX-nın gecikən açıqlaması: Dezinformasiya poliqonu

0
602

Ötən gün Azərbaycanda baş verən dəhşətli helikopter qəzası ortaya saysız-hesabsız suallar çıxardı. Suallardan daha çox isə dezinformasiyalar havada uçuşurdu. Elə bu gün də şayiələr tüğyan edir. Psevdovətənpərvərlərdən, növbətçi ekspertlərdən tutmuş təxribatçılara kimi hər kəs iş başındadır. Sosial şəbəkələrdə ağıla gələn və gəlməyən ehtimallar, “xəbərlər” tirajlanmaqdadır. Media isə sözün əsl mənasında boynu bükük vəziyyətdə rəsmi xəbərlər gözləyir. Media piyadadır.

Nəticədə ümumilikdə dövlət hədəfə çevirilir, hadisənin detallarını bilməyənlər (indiki vaxta qədər nəinki detallar, heç ümumi mənzərəni əks etdirən rəsmi informasiya da yayılmayıb) bu təxribatçı qrupların tələsinə düşür.

Bu çıxlımaz dalan niyə yarandı? Səbəb çox sadədir və aydındır. Dövlət Sərhəd Xidməti vaxtında açıqlama yaymadı…

Azərbaycanda baş verən hadisələrlə bağlı hər dəfə oxucular ilk olaraq xarici media vasitəsi ilə xəbər tutur. Burada çoxlu misallar çəkmək mümkündür. Amma üstündən keçək və sonuncu hadisəyə fokuslanaq.

Helikopter qəzasının baş verməsi ilə rəsmi məlumatın yayılması arasında rəsmi açıqlanan məlumatlara istinad etsək görərik ki, 2 saata yaxın fərq var. Baxmayaraq, bəzi ekspertlər bu fərqin 7-8 saat olduğunu iddia edir. Belə iddialar əlbəttə ki, olacaq. Dövlət Sərhəd Xidməti rəsmi açıqlamanı sosial şəbəkələrdə xəbərin trend olmasından, “Röyters”dən sonra yayacaqsa, şayiələrin yayılmasına niyə təəcüblənməliyik ki? 14 yüksək rütbəli zabitin faciəli şəkildə şəhid olması o qədər böyük hadisədir ki, bu haqda anında açıqlama yaymaq lazım idi.

Təsəvvür edin, bu barədə yayılan qeyri-rəsmi xəbərlər o qədər dəqiq idi ki, DSX-nın açıqlamasında yeni heç nə yox idi. Şəhid olanların ad və soyadları belə DSX-dan əvvəl sosal şəbəkədə yayıldı. Məni qınayan olmasa, hətta deyərdim ki, DSX-nın mətbuat xidməti həmin press-relizi sosial şəbəkə məlumatlarına əsasən hazırlayıb. Bunu bilərəkdənmi edirsiniz cənab Elçin Quliyev? Media ilə işləməyi bu qədər qeyri-peşəkar yerinə yetirməyin nəticəsində dövlətin hansı strukturlarını hədəfə gətirdiyinizin fərqindəsinizmi?

İlkin rəsmi məlumatın gec yayılmasını bir tərəfə qoyaq. Aradan 24 saatdan çox vaxt keçib. Bu müddətdə qəzanın baş vermə səbəbi haqda ilkin versiya belə səsləndirilməyib.

İddia olunur ki, qəzaya hava şəraiti səbəb olub. Bəyəm təlim keçirən, havaya helikopterlər qaldıran dövlətin strateji bir güc strukturu hava şəraitini nəzərə almayıbmı? Bildiyimə görə Milli Hidrometeorologiya Xidməti hər gün bütün dövlət qurumlarına gözlənilən hava şəraiti haqda detallı proqnoz göndərir. Bu proqnoza diqqət yetirmişdinizmi? Siz heç qəzet, sayt oxumursunuz? Axı həmin məlumatlar hər gün KİV-də tirajlanır. Həm də xüsusi şriftlərlə, fərqli rənglərdə. Müvafiq dövlət qurumu tərəfindən edilən XƏBƏRDARLIQlar təkcə evdə TV seyr edən Fatmanisə arvadla parkda təsbeh çevirən Həsənqulu dayıya ünvanlanmır. Bu məlumatların hamıdan çox sizə dəxli var. Əgər diqqət yetirilmişdisə, helikopterin havaya qalxmaq əmrini kim verib? 14 qəhrəmanı bir tabuta sığışdırmaq kimin ideyası idi?

Helikopterin texniki vəziyyəti haqda özünüz açıqlama vermisiniz ki, təmirdən yeni çıxıb. Bu o demək deyilmi texnikada heç bir texniki problem olmayıb? Yaxşı, sən vurmadın, mən də yıxılmadım. Nə oldu axı? Bu açıqlama ilə helikopterin texniki problem üzündən qəzaya uğraması ehtimalını azaldırsınız. Yaxşı, texnikada problem olmayıb. Bəs problem nədə, yaxud kimdə olub? 

İndi əsas suala keçək: hansı ehtimal qalır? Bu qaçdı-tutdu oyunu ilə hər gün bir versiya səsləndiriləcək, DSX da çıxıb onu təkzib edəcək. İş prinsipi budurmu? Bu bulmaca oyunu axı kimə lazımdır? Bu ana qədər nə üçün heç bir media nümayəndəsi qəza baş verən əraziyə buraxılmayıb? İndi orada nə var ki, əraziyə giriş qadağan olunub?

Baş prokuror bu gün xəbərdarlıq etdi ki, qəza ilə bağlı dezinformasiya yayanlarla qanun dilində danışılacaq. Razıyam. Çünki bu dezinformasiya savaşının hədəfi Azərbaycan Respublikasıdır. Dövlətə zərər vuranlarla o dövlətin qanunları ilə danışmaq bir vəzifə borcudur. Dezinformasiya poliqonunu isə DSX-nın informasiya siyasətindəki naşılığı yaradıb. Bu, gün kimi aydındır. Bütün digər məsələlərin üstündən keçmək mümkündür. Amma elə hadisələr var ki, o toplumun qəlbini param-parça edir. Belə bir anda aidiyyatlı qurum hesabat verməyə borcludur.

Elnur Məmmədli

BIR CAVAB BURAXIN