Doğum tarixi sirli qalan bədəvi oğlu: o, dünyanı dəyişmək istəyirdi

0
893

 

Nəinki anadan olduğu gün, heç il dəqiq deyil. Dəqiq olan bircə budur ki, anası Ayşə bin Niran onu Sirt şəhəri yaxınlığındakı Jaraf kəndində çadırda dünyaya gətirmişdi. Bədəvi Məhəmməd əbu Mənyarın ailəsində sonuncu uşaq idi. Həm də ailənin yeganə oğlu. Odur ki, ata və anası onun gözdən qırağa qoymurdular. Sonradan xatirələrində yazacaqdı: “Biz bədəvilər adətən çadırlarımızı dəniz sahilindən 20 km aralıda qururuq. Amma mən yeniyetmə yaşıma qədər dəniz üzü görmədim”.

 

Sirt şəhərində də orta məktəbə gedir. Məhz məktəbə gedəndə sənədlərini təqdim edərkən atasından uşağının doğum ilini və gününü soruşurlar. Atası, “7 iyun 1942-ci il yazın” – deyir. Və beləcə, hər ilin 7 iyunu, onun ad günü ölkəsində milli bayrama çevrilir. O ölkə ki, indi viran qalıb. O ölkə ki, iki hökuməti var. Və bu ölkənin 700 qəbiləsi hələ də vətəndaş müharibəsi aparır; onun ölümündən sonra. Bədəvi Məhəmmədin oğlu Müəmmərin, Müəmmər Qəddafinin ölümündən sonra. 6 il əvvəl öldürülməsəydi, indi, elə bu gün 75 yaşını qeyd edəcəkdi.

 

***

 

Qəddafi haqda çox yazılıb, çox danışılıb. Onlarla sənədli film çəkilib haqqında. Amma onun həyatında elə məqamlar var ki, oxucular üçün bu gün də maraqlı olaraq qalır.

27 yaşında kapitan rütbəsindəykən Liviya kral I İdrisi devirərək hakimiyyətə gəlib Liviyada. Yeni hökumətə isə zabit dostlarını cəlb edib.

 

Onun verdiyi ilk qərarla monarxiya ləğv olunub.  İnqilabi Komandanlıq Şurası ölkədə ali hakimiyyət orqanı elan edilib və ölkə Liviya Ərəb Respublikası adlandırılıb. O, təkcə Liviyada siyasi vəziyyəti dəyişməyib əslində. Təsəvvür edin, bir neçə dəfə dünyanın siyasi xəritəsini belə dəyişməyə cəhd edib. Hakimiyyəti ələ keçirdikdən 3 ay sonra Misir prezidenti Camal Əbdül Nasir və Sudanın baş naziri Cəfər Nimeyrinin iştirakı ilə görüş keçirib və bu 3 dövlətin birləşməsi ideyasını özündə əks etdirən “Tripoli xartiyası” imzalanıb. Amma dünyanın siyasi xəritəsi dəyişməyib, plan baş tutmayib. Yeri gəlmişkən, sonradan Suriya da bu birləşmiş dövlətdə yer almaq istəyini bildirmişdi.

 

17 aprel 1971-ci ildə Benqazidə Misir, Suriya və Liviya rəhbərlərinin iştirakı ilə Ərəb Respublikaları Federasiyasının yaradılmasına dair müqavilə imzalanıb. Növbəti il müqavilə hər üç ölkədə referendumla qəbul edilib, vahid dövlətin bayrağı və gerbi təsdiq olunub. Amma rəhbərlər arasındakı fikir ayrılıqları səbəbindən 11 noyabr 1977-ci ildə Ərəb Respublikaları Federasiyası ləğv edilib. 1970-ci ildə Qəddafi Tunis prezidenti Həbib Burgibaya iki ölkəni birləşdirməyi təklif etsə də, o, bundan imtina edib.

 

O, ölkəsini yerləşdiyi Afrika qitəsinin lideri olmağa çalışırdı. Bu qitədə hara və necə gəldi müdaxilə edirdi. 1978-1979-cu illərin Uqanda-Tanzaniya müharibəsi zamanı Müəmmər Qəddafi 2500 Liviya hərbçisini Uqanda diktatoru İdi Aminə yardım üçün göndərmişdi.

Qəddafi ölümünə qədər Afrikada vahid pul, qızıl dinarı tədavülə buraxmağa çalışırdı. “Afrika birləşmiş ştatları” terminini ilk dəfə o, ortaya atılmışdı. O, vahid Afrika pulunun, qızıl dinarın istifadəsinə can atırdı. Bu üsul isə dünya iqtisadiyyatını xaosa sürükləyə, Afrika ölkələri bu vasitə ilə kasıblıq və borc bataqlığından çıxa bilərdi. Deyilənlərə görə, qızıl dinar məsələsi NATO tərəfindən hazırlanan müdaxilənin əsl səbəbi olub.

Bir dəfə BMT-də çıxış edərkən Qərb rəhbərlərinə xitabən belə demişdi: “Somali “piratları” pirat deyillər. Piratlar sizsiz. Siz Somali sularında qanunsuz balıq ovu aparırsınız. Somali “piratları” isə öz uşaqları üçün ölkənin sərvətlərini qoruyurlar. Mən onlarla görüşmüşəm və söhbət eləmişəm”.

 

Birmənalı olaraq diktator idi. Ölkədə siyasi partiyaların fəaliyyəti qadağan edilmişdi. Dövlətin iradəsindən kənar qəzet və jurnal nəşri mümkün deyildi. Elementar etiraz aksiyaları belə qan içində boğulurdu. Amma bir məqam var ki, bunu onun düşmənləri də etiraf edirdi. Qəddafi 42 il hakimiyyətdə olduğu müddətdə ölkəsi üçün xeyli sosial proqramın həyata keçirilməsinə nail olmuşdu. Liviyada evlərdə istifadə edilən elektrik və qaz pulsuz idi. Bu ölkənin vətəndaşı təhsil və səhiyyə xidmətlərindən də pulsuz istifadə edirdi. Dövlət bütün xəstələrə dərmanı heç bir ödəniş tələb etmədən verirdi. Xaricdə təqaüdlü oxuyan şagirdlərə Liviya dövləti hədiyyə olaraq aylıq 1650 avro təqaüd ayırmışdı. Liviyada bütün universitet məzunlarına bir iş tapana qədər maaş verilirdi. Qəddafinin “Yaşıl Kitab”ına əsasən yeni evlənən gənclərə ilk uşaq dünyaya gələn kimi ev verilirdi. Dünyanın ən böyük suvarma sistemi də məhz Liviyada reallaşdırılıb və ölkənin bütün ərazisi su ilə təmin edilib. Bu sistem “dünyanın səkkizinci möcüzəsi” adlandırılıb.

Əgər Liviyada kimsə fermer təsərrüfatı qurmaq istəsəydi, bütün şərait var idi. Ona ev, torpaq sahəsi, mal-qara, səpin üçün toxum heç bir vergi ödəmədən verilirdi. Liviyada körpə dünyaya gətirən qadın həm özü, həm də övladı üçün 5 min dollar həcmində yardım ala bilirdi.

 

Liviya dünyada tamamilə dövlətə məxsus banka sahib yeganə dövlət idi. Vətəndaşlar banka müraciət edib, faizsiz ssuda götürə bilərdilər. Bundan başqa, Liviyanın xarici borcu yox idi. Amma …

 

Amma bununla belə 6 il əvvəl onu devirdilər. Elə öz xalqı devirdi.

 

“Mən heç vaxt Liviya torpağını tərk etməyəcəm, qanımın son damlasına qədər vuruşacam və lazım gəlsə, şəhid olacam. Biz şəhid olmağı arzulayırıq. Cihadımızla atalarımızın qəhrəmanlığını təkrar edəcəyik” – demişdi. Cihad isə baş tutmadı. Hətta onu tutan cavan oğlan belə aman vermədi 69 yaşlı Müəmmərə. Onu öldürdülər. Və o gündən Liviyada hər gün insanlar ölür. Günahsız insanlar. Bunun nə vaxtadək davam edəcəyi isə məlum deyil.

 

Bir həftə əvvəl isə beynəlxalq informasiya agentlikləri Qəddafi ailəsinin paytaxt Tripoliyə qayıdacağı ilə bağlı xəbərlər yayıblar. Onun oğlu Səəf əl İslam həbsdən buraxılır. Qəddafiləri yüz minlərlə insanın qarşılayacağını deyirlər. Bundan sonra nə baş verəcəyini isə demək mümkün deyil. Çünki tarix sürprizlərlə doludur.Səbuhi Məmmədli. Lent.az

 

BIR CAVAB BURAXIN