Devalvasiyanın “yükü” kimin çiyninə yüklənir?

0
674

Allahverdi Cəfərov

Ötən il milli valyutamızın – manatın 2 dəfədən çox ucuzlaşması nəticəsində əksər istehlak məhsullarının qiymətində ciddi artımlar qeydə alındı. Qiymət artımları təkcə idxal məhsullarında deyil, eyni zamanda yerli istehsalda da özünü büruzə verdi. Məhsul istehsalçıları isə bunu xammalın xaricdən gətirilməsi ilə əlaqələndirdilər. Onu da bildirək ki, qiymət artımları özünü ən çox ərzaq məhsullarında göstərdi. Hətta bir çox ərzaq məhsulunun qiyməti 2 dəfədən çox bahalandı. Lakin bu bahalanmaya rəğmən pərakəndə satış mənəqələrində çörəyin qiyməti artmadı. Daha doğrusu həyata keçirilən inzibati tədbirlər nəticəsində çörəyin qiymətini sabit saxlamaq mümkün oldu. Çörəyin qiymətinin dəyişməsi əhalinin sosial vəziyyətinə birabaşa təsir etdiyi üçün inzbati müdaxilə də insanlar tərəfindən müsbət qarşılandı. Ancaq məlum məsələdir ki, manatın 2 dəfədən çox ucuzlaşması fonunda çörəyin qiymətinin artmaması bu sahədə fəaliyyət göstərən sahibkarlara mənfi təsir etdi. Bu barədə mətbutda da geniş müzakirələr aparıldı. Hökümətin bu sahəyə güzəştlər etməsinin vacibliyi dəfələrlə gündəmə gətirilib. Lakin belə görünür ki, rəsmi qurumlar sahibkarlara hansısa güzəştləri etmək əvəzinə bu sahədəki zərərin bir hissəsini taxıl istehsalçılarının – fermerlərin üzərinə qoymaq qərarına gəliblər.

Qiymətlərin bu səviyyədə olması fermerlərin bu sahəyə olan marağını azaldacaq

Dövlət Taxıl Fondu dünəndən etibarən yerli buğda istehsalçılarından buğda qəbuluna başlayıb. Taxıl Fondu yapışqanlıq keyfiyyəti 23% -dən çox olan 3-cü sinif buğdanın 1 tonunu fermerlərdən 250 manata qəbul edəcəyini bildirib. Bu isə o deməkdir ki, bu il fermerlər istehsal etdikləri buğdanı devalvasiyadan əvvəlki qiymətə satmalı olacaqlar. İki rəqəmli inflyasiyanın mövcud olduğu bir dövrdə buğdanın qiymətinin dəyişməz qalması fermerlər üçün böyük zərər deməkdir. Dövlət Taxıl Fondu ölkə daxilində buğdanın ən böyük alıcısı hesab olunur. Elə bu səbəbdən də daxili bazarda buğdanın topdansatış qiymətini Taxıl Fondu müəyyən edir. Yəni, Fondun təyin etdiyi qiymət buğdanın ən yüksək topdansatış qiyməti hesab olunur. Halbuki ölkəmizə buğdanın idxal edildiyi iki əsas ölkədə – Rusiya və Qazaxıstanda buğdanın qiyməti Fondun elan etdiyi qiymətdən yüksəkdir. Hazırda Rusiyada yapışqanlıq keyfiyyəti 23% -dən çox olan 3-cü sinif buğdanın 1 tonu təxminən 12 min rubl (184 dollar -280 manat) təşkil edir. Qazaxıstanın ən böyük ticarət birjası olan “Avrasiya Ticarət Sistemi”ndə isə dünən buğdanın 1 tonunun qiyməti 55 min tengəyə (165 dollar – 252 manat) bərabər olub.

Onu da bildirək ki, əvvəllər heç vaxt Fondun müəyyən etdiyi qiymət Rusiya və Qazaxıstan bazarlarındakı qiymətlərdən aşağı olmayıb. Məsələn, 2014-cü ilin iyun ayında Taxıl Fondu buğdanın 1 tonunu fermerlərdən 230 manatdan qəbul edib. Həmin dövürdə buğdanın 1 tonu Rusiya bazarlarında təxminən 205 manat, Qazaxıstanda isə 215 manat olub.

Eyni zamanda xaricdən idxal olunan buğdanın qiymətinə nəzər salsaq görərik ki, Fondun müəyyən etdiyi 250 manat olduqca aşağıdır. Belə ki, bu ilin ilk 5 ayı ərzində ölkəyə ümumi dəyəri 105 milyon dollar olan 556 min ton buğda idxal olunub ki, bu da məhsulunun 1 tonunun 188 dollara (290 manat) başa gəldiyini göstərir.

Buradan açıq şəkildə görünür ki, Fond fermerlərdən buğdanı aşağı qiymətə satın almaq niyyətindədir və bu da çörəyin qiymətinin sabit saxlanılmasına xidmət edir. Olan isə heç şübhəsiz ki, buğda istehsalçılarına – fermerlərə olur. Qiymətlərin bu səviyyədə olması isə yaxın gələcəkdə fermerlərin bu sahəyə olan marağını azaldacaq ki, olduqca strateji bir məhsula olan ehtiyacımız idxaldan asılı olacaq.

Məlumat üçün onu da qeyd edək ki, Dövlət Taxıl Fondu üçün alınacaq buğda “Səngəçal” və “Gəncə” taxıl elevatorları, həmçinin “Karat-Holdinq”, “Abşeron Taxıl” MMC, “Karmen” MMC, “Dəvəçi-Dəyirman MMC”, “Gəncə-Dəyirman” MMC, “Aveta” MMC, “Svinks” MMC, N. Quliyev adına “Bakı-Taxıl” ASC, “EL” kiçik müəssisəi, “Pak-Nur”, “Xırman”, “Rəşad” və “Neon” firmaları vasitəsilə qəbul edilir. Onu da bildirək ki, ötən illə müqayisədə bu il Dövlət Taxıl Fondu üçün buğda qəbul edən müəssisələrin sayı artırılıb. “Pak-Nur”, “Xırman”, “Rəşad” və “Svinks” MMC də bu il buğda qəbulunu həyata keçirəcəklər

BIR CAVAB BURAXIN