Deputat Zahid Oruc ötən ilin fevralında bir neçə vəzifə daşıyan məmurlardan söz açaraq, “bir nazirin həm də kafedra müdiri olması düzgün deyil” demişdi.
Deputat bir neçə vəzifə daşıyan millət vəkillərini də tənqidə tutmuşdu: “Bu, millət vəkillərinə də aiddir. Qoy Milli Məclis üzvlərindən başlayıb məmurlaradək, bu ixtisar prosesi davam etsin. Mən hesablamışam ki, bir neçə vəzifə daşıyanlar ixtisara salınsa, bununla, ən azı, min boş vəzifə yeri yaranmış olar”.
O sözlərin dilə gətirilməsindən bir il ötsə də, Zahid Oruc AzadlıqRadiosu-na mövqeyinin dəyişməz qaldığını bildirir. Düşünür ki, bir məmurun eyni zamanda bir neçə vəzifə daşıması işin keyfiyyətini də azaldır. Onun fikrincə, iqtisadi böhran yaşayan ölkədə məcburi köçkünün ona verilən müavinətdən imtinası gündəmə gətirilirsə, məmurların da tutduqları başqa vəzifələrdən çıxarılması normal səslənər. Bu, həm də əlavə iş yeri olar:
– Bu təkliflə çıxış etməkdə məqsəd təkcə iş yerlərini bir neçə vəzifə tutanların hesabına formalaşdırmaqdan ibarət deyildi. Həm normal idarəetmə ənənəsini yaratmaq üçün gərəkiydi, həm də insanın fiziki imkanlarının müəyyən limiti olduğunu çatdırmaq, beləliklə, həmin işlərin keyfiyyətli görülməsi ideyasını rəhbər tutmaq istəmişdim. Üçüncüsü, gənclərin dövlət idarəetmə sisteminə daşınması baxımından da bunun bir həlqə olacağını zənn edirdim. Hesab edirəm ki, bir neçə vəzifə tutanlar gənclərin önünü kəsirlər. Dördüncüsü, o zaman bu məsələni Azərbaycanın tanınmış, ünlü bir yazıçısının (Çingiz Abdullayevin – red.) şəxsi nümunəsində həyata keçirilməsi çağırışında bulunmuşdum. Çox müxtəlif reaksiyaların şahidi oldum. Qaldırdığım məsələnin institusional, ictimai, siyasi, sosial əsası vardı.
– Bu gün – 2 fevral ölkədə gənclər günüdür. Necə bilirsiniz, bir neçə vəzifə tutanlar gənclərə yol açıb geri çəkilməyə, əldə saxladıqları vəzifələrdən getməyə nə dərəcədə hazırdırlar?
– Bunu istəməlidirlər. Bir də görürsən, deputat, hər hansı məmur və ya nazir dörd vəzifəni eyni anda tutur və buna da ictimai xarakter verir. Bəzən də bunu fədakarlıq nümunəsi kimi təqdim etməyə, bunun sanki ondan istəndiyi görüntüsü yaratmağa çalışır. Ancaq biz bu halda effektivlik əldə edə bilmirik. Əvvəla, bir neçə vəzifənin əldə tutulması başqalarının hüququnu pozur. İkincisi, bir şəxs kafedra müdirliyini hökumət vəzifəsi ilə bərabər əldə saxlayacaqsa və ya parlament işiylə paralel aparacaqsa, bir yandan da başqa institutun rəhbəri olacaqsa, bu halda biz vəzifənin proporsional bölünməsini təmin edə bilmədiyimizi göstəririk. Birinə bir neçə vəzifə verir, başqasına bir vəzifə və ya heç vermirik. Belə olmur. İdarəetmə onda güclü olur ki, proporsionallıq təmin edilir, vəzifə bölgüsü dəqiq aparılır, məsuliyyət müəyyənləşir, cavabdehlik istənir. Hər kəsin də elmi-intellektual, lap fiziki gücü o optimallıqda nəzərə alınır.
– Yəni siz bir adamın bu vəzifələri effektiv şəkildə icra edəcəyinə şübhə edirsiniz?
– Gəlin görək o qrafik necə müəyyənləşdirilə bilər. Adam günortaya qədər zavodu yönləndirir, günortadan sonra iki saat vaxt tapıb böyük auditoriya qarşısında, yəni güclü axtarışları olan, kommunikasiyanın yol verdiyi çərçivədə mövzunu araşdırmağı bacaran şəxslərin önündə mühazirə oxuyur. Bunlar doğrudanmı belə dahidirlər? Bu günlərdə prezident Vladimir Putin akademiyanın prezidentindən soruşdu ki, bu məmurların elmi dühası Rusiya Akademiyası üçün bu qədərmi vazkeçilməzdir? Həqiqətənmi, bizim alim ordusu məmur sisteminə söykənməlidir? Putin dəqiqləşdirmək istəyirdi ki, həqiqətənmi bu adamlar alimlikdən dövlət idarəçiliyinə gəlmək istəyirlər, yoxsa sonradan vəzifə pillələrində bunlara titullar, adlar lazım olur? Bildiyim qədər, Putin həmin şəxslərdən bir neçəsini tutduğu vəzifədən azad etdi və dedi ki, gedin elimi axtarışlarla məşğul olun. Əslində, hamıya bəllidir ki, o kitabları, məqalələri başqaları yazır. Hesab edirəm ki, bizim çağırışımızdan yaxşı nəticələr çıxarmaq olardı. Dünya miqyasında detektiv əsərlərin ustalarından sayılan Çingiz Abdullayev mənə dedi ki, onun vəzifələrinin sayı, deyəsən, 18-dir, əksəriyyəti də ictimaidir. Sadəcə, onun adından, nüfuzundan istifadə edirlər. Halbuki bunu hamıya şamil etmək olmaz. Üç yerdən məvacib alanlar var. Amma ona da şahidəm ki, maaşından imtina edib vəzifəsini saxlayanlar var.
– Sizcə, bir əldə iki-üç vəzifə tutmaq istəyi nədən qaynaqlanır? Səbəb söhbətdən öncə dediyiniz kimi “məlum komplekslərdir”, ya prestij məsələsidir?
– Bunun bir tərəfi komplekslərə bağlıdır. Adamlar bəlkə də əldə 3-4 vəzifə tutmaqla daha güclü görünmək istəyirlər. Belə güman edirəm. İkincisi, bir parlament üzvü fərqində olmalıdır ki, onun işi xalq təmsilçiliyidirsə, qanunvericilikdirsə, bu, böyük missiyadır. Millət vəkilliyindən uca hansı vəzifə var? Buna ikinci dərəcəli kimi baxacaqsansa, onda başqa vəzifələrin icrasını da yarımçıq qoyacaqsan. Xatırlayırsınızsa, Milli Məclisdə 15 faizlik kvota vardı, iki vəzifə tutmaq hüququ vardı zamanında. Amma sonradan aradan qaldırıldı. 2015-ci il seçkilərindən sonra deputat seçilən universitet rektorları ancaq parlamentdəki fəaliyyəti seçdilər. Deputatın, ya da hansısa məmurun nə qədər korifey imkanı var ki, başqa yerdə də işləsin?
– Bu məsələni qaldıranda həmkarlarınızın reaksiyası necə oldu?
– Həmin təkliflərin ünvanı olan adamlar bu söhbətdə bizə qarşı zərrə qədər arqument qoya bilmirdilər. Bu, birincisi. O ki qaldı məsələnin yenidən qaldırılmasına, Azərbaycanda institusional islahatlar aparılır və düşünürəm ki, nəhayət, bizdə də o məlum sindrom sındırılacaq. Bilmirəm bunun adına nə kultu demək olar? Bəlkə də bir neçə vəzifə tutmaq kultudur. Bunun mənəvi-psixoloji tərəfini araşdırmaq mənim işim deyil. Ancaq məncə, bu sindrom sınacaq. Nəhayət, Milli Məclisin binası deputatların səsi ilə dolacaq, bütün kabinetlərdə aktiv iş mühitini görə
Bəs bir neçə vəzifə daşıyan məmurlar kimlərdir?
Məsələn, baş nazirin müavini Əli Həsənov həm də Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədridir. O, eyni zamanda iki dövlət komissiyasına başçılıq edir. Bunlar Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyası, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasıdır.
Dövlət qulluğunda çalışıb deputat olanlar da az deyil. Məsələn, SOCAR-ın prezidenti Rövnəq Abdullayev, “Azərbaycan Dəmir Yolları” QSC-nin rəhbəri Cavid Qurbanov, “Azərkimya” İstehsalat Birliyi Müşahidə Şurasının sədri Muxtar Babayev…
Əvvəllər Konstitusiya deputatların 15 faizinin icra orqanlarında vəzifə tutmasına imkan verirdisə, 2000-ci ildən 15 faizlik kvota qüvvədən düşüb.
Deputatlar arasında eyni zamanda iki-üç vəzifə daşıyanlar daha çoxdur. “Qasid” Mətbuat Yayımı ASC-nin sədri Mirkazım Kazımov, AFFA-nın vitse-prezidenti Rauf Əliyev… Rüfət Quliyevsə həm işadamıdır – “European Tobacco Baku” ASC tütün şirkətinin İdarə heyətinin sədridir, həm Prezident yanında Ali Attestasiya Komissiyasında Ekspert Şurasının üzvüdür, həm Texniki Universitetin kafedra müdiridir, həm də deputat.
Milli Məclisin vitse-spikeri, eləcə də parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə Komitəsinin sədri Ziyafət Əsgərov həm də Bakı Dövlət Universitetində kafedra müdirinin müavinidir. Onun digər həmkarlarısa müxtəlif institutlarda rəhbər vəzifələrdə çalışırlar. Məsələn, Aytən Mustafayeva Milli Elmlər Akademiyası İnsan Hüquqları İnstitutunun, Gövhər Baxşəliyeva Şərqşünaslıq İnstitutunun direktorudur. Onların həmkarı Rafael Hüseynov həm parlamentdə Mədəniyyət Komitəsinə sədrlik, həm də Ədəbiyyat Muzeyinə başçılıq edir.
Deputat Eldar Quliyev eyni zamanda Azərbaycan Kooperasiya Universitetinin rektorudur.
Əlbəttə, siyahını uzatmaq da olar. Amma qısa siyahı da bir neçə vəzifə tutanların kimliyini yetərincə açıqlayır.