Əl-Cahiz və ibn Miskaveyhin təkamül nəzəriyyələri Darvini qabaqlayır
Təkamül nəzəriyyəsi Çarlz Darvindən min il əvvəl müsəlman alimlər tərəfindən irəli sürülüb. BBC-nin hazırladığı araşdırmada müasir elmin məhək daşlarından hesab olunan təkamül nəzəriyyəsinin ilk müəllifinin Darvin olmadığı sübut olunur.
Qeyd edək ki, 1859-cu ildə nəşr olunan Növlərin Əmələ Gəlməsi kitabında Darvin təkamülü “modifikasiya vasitəsilə törəmə” kimi təsvir edərək, müxtəlif növlərin eyni əcdaddan yarandığını irəli sürüb. Hazırda müasir dünya elmi məhz Darvinin irəli sürdüyü bu nəzəriyyəyə əsaslanır – baxmayaraq ki, Darvinin bu nəzəriyyəsini səmavi dinlər rədd edir. Hətta Darvinin nəzəriyyəsini rədd etmək üçün xristian, müsəlman din adamları çoxlu sayda kitablar yazıb, əks-arqumentlər irəli sürüblər. Lakin yeni elmi araşdırmalar göstərir ki, Darvindən çox-çox keçmişdə təkamül fikrini irəli sürən alimlər olub.
Məsələn, Darvindən təxminən min il əvvəl İraqda yaşayan müsəlman alimi əl-Cahiz heyvanların təbii seçmə adlanan proses nəticəsində necə dəyişdiyi haqda kitab yazıb. Əsl adı Əbu Osman Əmr Bəhr Əlkənani əl-Bəsri olan bu filosof, daha çox gözləri hədəqəsindən çıxan mənasına gələn “əl-Cahid” təxəllüsü ilə tanınır. Əl-Cahizin təkamül haqda yazıları onun “Kitab əl-Heyevan” (“Heyvanlar kitabı”) adlı əsərində əks olunub..
Əl-Cahiz 776-cı ildə İraqın cənubunda yerləşən Bəsrə şəhərində doğulub. Bu dövr, ümumiyyətlə, İslam dünyasında elmin və fəlsəfənin yüksəliş dönəmi hesab olunur. 8-9-cu əsrlərdə İraqda insan zəkasının inkişafı ideyasını təbliğ edən ilahiyyat məktəbi – Mötəzilə cərəyanı geniş yayılmışdı. Abbasilər xəlifələri fəlsəfi əsərlərin yunan dilindən ərəb dilinə tərcümə olunmasını dəstəkləyir, Bağdadda elm mərkəzləri, kitabxanalar, xəstəxanalar fəaliyyət göstərirdi. Bəsrədə din, elm və fəlsəfə üzrə qızğın müzakirələr aparılırdı.
Belə bir dövrdə yetişmiş müsəlman alimi əl-Cahizin həyatı boyu 200 kitab qələmə aldığı düşünülür, lakin onların çox az hissəsi dövrümüzə qədər gəlib çatıb. Onun ən məşhur işi olan “Heyvanlar kitabı”, 350 heyvan barəsində söz açan bir ensiklopediyadır ki, burada əl-Cahiz Darvinin təkamül nəzəriyyəsinə son dərəcə oxşar fikirlər irəli sürüb.
“Heyvanlar sağ qalmaq üçün və mənbələr tapmaq, qurban olmaqdan can qurtarmaq və çoxalmaq uğrunda mübarizə aparırlar”, – əl-Cahiz yazır. Sitat: “Ekoloji faktorlar orqanizmlərin sağ qalmaq üçün yeni xüsusiyyətlər yaratmasına təsir edir və beləliklə, onları yeni növlərə çevirir. Sağ qalan heyvanlar isə uğurlu xarakteristikalarını balalarına ötürürlər”.
BBC-nin araşdırmasında qeyd olunur ki, əl-Cahiz canlılar aləmini sağ qalmaq naminə daimi mübarizədə və bir növün həmişə digərindən daha güclü olmasında görüb. Sağ qalmaq xətrinə heyvanlar qida tapmaq, qurbana çevrilməmək və artmaq üçün rəqabət xüsusiyyətlərinə yiyələnməli idilər. Bu isə onları nəsildən-nəslə dəyişməyə vadar edib.
Ancaq əl-Cahiz yeganə “təkamülçü” müsəlman olmayıb. Müsəlman filosofları əl-Fərabi, Muhyiddin əl-Ərəbi, Əbu Reyhan əl-Biruni və İbn Xaldun təkamüllə bağlı fikirləri dəstəkləyib. Təkamül nəzəriyyəsi ilə bağlı geniş araşdırma aparan daha bir müsəlman filosof İbn Miskaveyh olub. 940-1030-cu illərdə İranda yaşamış ibn Miskaveyh “Əl-Fəvz əl-Əsğər” adlı əsərində təkamül barədə qeydlərini yazıb. Miskaveyhə görə, yüksək aləmdən enən ruh müxtəlif varlıqlarda təkamül edərək sonunda insan mərtəbəsinə gəlib çatıb. Onun sıralamasında ilk canlı hüceyrələr daha sonra bitkilər, bitkilərin təkamülü isə xurma və üzüm kimi bitkilərə qədər davam edir. Bu ağaclar bitki təkamülünün son mərtəbəsi olub, sonrakı mərhələdə isə heyvana yaranır. Məsələn, xurmada canlı heyvan xüsusiyyətləri görünməyə başlayır. Heyvanın ilk mərhələsi amöblər, birhüceyrəli varlıqlardır. Heyvanların təkamülü isə tədricən hərəkət edə bilən, 4 hüceyrəli köstəbək kimi heyvanlara yüksəlib və daha sonra 5 duyğu orqanı olan əhilləşə bilən at, şahin kimi heyvanlara çevrilib. Heyvanların təkamülünün son mərhələsi isə meymun və bənzər inkişaf etmiş növlərin yaranması ilə yekunlaşır.
Qeyd edək ki, müasir müsəlman alimləri arasında da təkamülü dəstəkləyənlər var. İstanbul Universitetinin professoru Teoman Duralı, Yaşar Nuri Öztürk, Süleyman Ateş kimi alimlər fərqli yanaşmaları olsa da, ümumilikdə təkamül nəzəriyyəsinin İslamda olduğu fikrini müdafiə edir.
Maraqlıdır ki, 19-cu əsrin avropalı intellektualları müsəlman aləminin təkamül ideyasına töhfəsindən xəbərdar olublar. Məsələn, BBC-nin araşdırmasında qeyd olunur ki, Çarlz Darvinin müasiri Vilyam Draper 1878-ci ildə “Təkamülün Məhəmmədi nəzəriyyəsindən” söz açırmış.
Lakin Darvinin əl-Cahizin işi ilə tanışlığı və ya ərəbcə, anlayışı haqqında heç bir dəlil yoxdur. Yeri gəlmişkən, hazırda bir sıra müsəlman alimləri, o cümlədən bir neçə il əvvəl dünyasını dəyişmiş türkiyəli ilahiyyatçı Yaşar Nuri Öztürk Darvinin ibn Miskaveyhin fikrilərini oğurladığını iddia edirdi.
Maraqlıdır ki, BBC radiosunda “İslam və Elm” adlı sənədli verilişin yaradıcısı olan elmi jurnalist Ehsan Məsud deyir ki, təkamül fikrinin tarixinə töhfələr verən başqa insanları da unutmamaq lazımdır. Onun fikrincə, İslam sivilizasiyasının qabaqcıl təhsil mərkəzləri kimi Bağdad və Bəsrənin aparıcı mövqe tutduğu 9-cu əsr İraqında kreativizm o qədər də mühüm hərəkat olmayıb. Alimlər yeni kəşflərlə təbii dünya barəsindəki biliklərin müqayisəsinə vaxt sərf etməyib, əvəzində hər şeyi özləri aşkarlamağa çalışıblar.
Kənan RÖVŞƏNOĞLU,
“Yeni Müsavat”