Dağlıq Qarabağın keçmiş komendantı niyə indi danışmağa başlayıb

0
399

Dağlıq Qarabağın keçmiş komendantı, hazırda Rusiyada yaşayan general-mayorVladislav Safonov Bakıya səfər edib və mətbuat konfransı keçirib. 20 ildən sonra keçmiş komendantı paytaxtımıza gəlib bu cür fikirlər səsləndirməyə nələrin vadar etdiyi suallar doğurur.

Dağlıq Qarabağda məlum hadisələr baş verən zaman Azərbaycanın bu münaqişəyə hazır olmadığını vurğulayan V. Safonov bildirib ki, onun şəxsi iştirakı ilə çox çətin vəziyyətdə sabitlik qorunub saxlanılıb və böyük toqquşmaların qarşısını almaq mümkün olub: “Həmin dövrdə Xankəndində qanunsuz silahlı birləşmələrin zərərsizləşdirilməsi istiqamətində əməliyyatlar keçirilirdi. Vilayətdə yaşayan ermənilər mənim həyata keçirdiyim işlərə əngəl törətmək istəyirdilər. Hər yerdə silahlı insanlar gəzirdi. Mən təxribatların baş verməsindən çox ehtiyat edirdim”.

Rusiyalı general qeyd edib ki, münaqişənin alovlanmasına SSRİ-nin dağılması səbəb olub:“Sovet hakimiyyəti, o zamankı Azərbaycan rəhbərliyi Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı gücsüzlük nümayiş etdirirdi. 30 il əvvəl Dağlıq Qarabağda baş verənlər qarşısında rəsmi Bakı, Azərbaycanın ovaxtkı rəhbərliyi susurdu. Onlar münaqişənin qarşısının alınması üçün əməli addımlar atmırdılar”.

Politoloq Tofiq Abbasov ile ilgili görsel sonucu

Politoloq Tofiq Abbasov Safonovun 1988-90-cı illərdə komendant işlədiyi dövrdə Qarabağda olduğunu bildirdi: “Həmin illərdə müxbir kimi orada idim. Yaxşı yadımdadır ki, Safonov həqiqətən çox obyektiv, ciddi bir şəxs idi. Bilirdi ki, bu təxribatların kökündə separatçılıq niyyətləri durur. Amma o dövr elə bir dövr idi ki, həqiqətləri açıq şəkildə demək olmurdu. O zaman Safonovun ətrafında böyük təhdidlər var idi. Çünki ermənilər ələ ala bilmədikləri şəxsləri ya düşmən sayırdılar, ya da elə bir şərait yaradırdılar ki, onlar meydanı qoyub qaçsınlar. Safonov general idi, sözü tutarlı olması ilə yanaşı, Moskva da onunla hesablaşırdı. Tam əminliklə deyə bilərəm ki, o, ermənilərin düşmən siyahısında yer almışdı. Bu baxımdan o, Bakı konfransında bir çox həqiqətləri dilə gətirdi. Safonov ermənilərin təxribatına heç vaxt getməyib. Çətin olan o dövrdə özünü mühafizə edə bildi. Safonovun bu ərəfədə Bakıya gəlməsini çox müsbət dəyərləndirmək lazımdır. Çox gec olsa da, bu şəxs Bakıda həqiqətləri deməyə özündə cəsarət tapır, bunu vacib bir məsələ sayır. Onun dedikləri bizim üçün çox lazımlı etiraflardır”.

Akif Nağı ile ilgili görsel sonucu

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı Safonovun səmimiyyətinə inanmır: “Həmin hadisələrin içərisində olan şəxslərlə görüşürük, danışırıq. Bu barədə birmənalı fikirlər yoxdur. Məsələyə hər kəs öz prizmasından yanaşır. İstənilən halda faktlarla danışmaq lazımdır. Bu bir faktdır ki, onun komendant olduğu illərdə Dağlıq Qarabağda Azərbaycan kəndlərinin tam əksəriyyəti azərbaycansızlaşdırılmışdı. Ermənilərin Xankəndinə köçürülməsi həmin dövrə təsadüf edir. Heç kəs bu köçürülmənin qarşısını almırdı. Hətta Bakıdan gedən rəsmilər belə Xankəndinə buraxılmır, çox ciddi problemlər yaranırdı. Əgər bu proseslərə Safonov nəzarət edirdisə, onun hansı müsbət işlərindən danışmaq olar? Onun dövründə azərbaycanlılar məcbur qalıb Rusiya və digər ölkələrə üz tuturdular. Mən faktlarla danışıram. Safonov özünü təmizə çıxarmağa çalışmasın. Hansı məqsədlə onun Azərbaycana gəlməsi barədə danışmaq çətindir. Rusiya daim belə təcrübəli şəxslərini ortaya atır. Belə məsələlər daim diqqət mərkəzində saxlanılmalıdır. Birmənalı şəkildə inanmıram ki, Safonov və digərlərinin Bakıya səfərləri xoş niyyətlə həyata keçirilir. Burada hansısa təhlükəli məqamlar baş verə bilər. Özümüzü heç vaxt aldatmamalıyıq. Əgər Safonov doğrudan da nələrisə etiraf etmək istəyirdisə, o zaman komendant olduğu dövrdə etdiklərini etiraf edərdi, günahlarından, səhvlərindən danışardı. O zamankı Azərbaycan rəhbərliyini qaralamaqla hər şey bitmir”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

one + twenty =