Çeçen jurnalist Əzəmət Zubairayevin həyat yoldaşı və 4 uşağı Azərbaycan vasitəsilə Türkiyəyə keçərək oradan İŞİD-ə qoşulub.
Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Ailəsini axtarmaq üçün İstanbula gələn jurnalist “Anadolu” agentliyinə müsahibə verərək 10 gündür ailəsindən xəbərsiz olduğunu qeyd edib:
“7 ay əvvəl bir televiziya kanalında çalışmaq üçün ailəmi Çeçenistanda qoyub Moskvaya gəldim. Ailəmlə telefonla danışırdım. Axırıncı dəfə 10 gün əvvəl zəng etmişdim, amma zəngimə cavab verən olmadı. Bundan sonra anam Qroznıya gedərək itkin kimi onların axtarışları üçün polisə müraciət etdi”.
Zubairayevin sözlərinə görə, polis araşdırma zamanı həyat yoldaşının İŞİD üzvü olan bir nəfərlə əlaqəsini ortaya çıxarıb. Çeçen jurnalist hesab edir ki, həyat yoldaşı həmin şəxsin təsiri ilə Suriyaya getmək üçün yaşları 4-8 aralığında olan 4 uşağını da götürərək Azərbaycana, oradan da avqustun 29-da İstanbula gedib.
Bundan bir həftə sonra İstanbula gedən çeçen jurnalist Rusiyanın İstanbuldakı konsulluğu vasitəsilə məlumatlı şəxslərlə görüşüb.
“Burada məni xeyli ümidləndirdilər. Dedilər ki, xüsusi əməliyyat keçirilib və Suriya ilə əlaqə, demək olar ki, kəsilib. Yəni ailəmin oraya gedib çıxması mümkün deyil. Onların İstanbulda qaldığını düşünürəm”.
Bir ata kimi çox çətin vəziyyətdə olduğunu deyən A.Zubairayev aylardır uşaqlarının üzünə həsrət qaldığını bildirib:
“Çeçenistandan kənarda işləmək məcburiyyətində qaldığım üçün onsuz da 7 aydır uşaqlarımı görmürdüm. 10 gündür səslərinə də həsrətəm. Harada olduqlarını, nə yediklərini, necə yaşadıqlarını bilmirəm. Türk polisinə güvənirəm. Türkiyə dövlətindən kömək gözləyirəm”, – deyə A.Zubairayev bildirib.
Qeyd edək ki, jurnalist A.Zubairayevin həyat yoldaşı Zareta (25) və uşaqları Rüstəm (8), Yasmina (7), Səid Mohammed (5) və Əlinin (3) tapılması üçün Terrorla Mübarizə Şöbəsində xüsusi istintaq qrupu yaradılıb.
Atatürk Hava Limanındakı bütün güvənlik kameralarının görüntüləri araşdırılır, 4 uşaqlı qadının qala biləcəyi bütün ünvanlarda polis axtarış aparır
Virtualaz.org