Cahangir Hacıyevin separatçıları maliyyələşdirdiyi təsdiqləndi

0
366
 11

Xəbər verildiyi kimi Azərbaycan Beynəlxalq Bankının problemli kreditlərini idarə edən “Aqrarkreditbank”  Rusiyanın “Vertical Capital” konsaltinq şirkəti ilə bankı bi ölkədəki batan kreditləri ilə bağlı anlaşıb. Artıq Beynəlxalq Bankın Rusiyadakı törəmə bankı “MBA-Moskva”ya 4 milyon dollar borcu olan “Non-Stop Productions” kino şirkətinin səhmlərinin 49 faizi “Vertical Capital”la işbirliyinin nəticəsi olaraq “Aqrarkreditbank”ın mülkiyyətinə keçib.

Lakin bu, Cahangir Hacıyevin komandasının səhmlərinin yarıdan çoxu dövlətin mülkiyyətində olan bankın pullarını Rusiyada kredit kimi səpələyib batırmasına dair yeganə fakt deyil. “Vertical Capital”ın məlumata görə, Babayev qardaşlarının Sankt-Peterburqdakı beşulduzlu “Hermitage” oteli, İsraildə Xixinaşvililər ailəsinə məxsus “Diamond” sintetik almaz istehsalı və elektrostansiya layihəsi (81 milyon dollar), qazax biznesmen Jomart Kamenovun bir neçə layihəsi (180 milyon dollar), Rusiyanın nəhəng şərab idxalçısı “Mistral Alko” (19 milyon dollar), “Mistral Alko”nun keçmiş sahiblərindən biri, abxaziyalı sahibkar Levan Tuzba və onun strukturlarının (400 milyon dollar) Azərbaycan Beynəlxalq Bankına borcu qalır.

Bu borclular siyahısında abxaz oliqarx Levan Tujba diqqəti xüsusi cəlb edir.Çünki hələ ötən ilin dekabrında virtualaz.org bu oliqarxın Azərbaycan Beynəlxalq Bankı ilə kredit sövdələşməsi barədə məlumat əldə etmişdi və araşdırma aparmışdı. Söhbət ərazisinin bir hissəsində separatizm ocağı mövcud olan ölkənin bankından pulların qonşu və strateji tərəfdaş ölkədə-Gürcüstanda separatçı Abxaziya bölgəsinə yatırılması kimi siyasi baxımdan qalmaqallı faktdan gedirdi. Hansı ki, o vaxt Beynəlxalq Bankın pullarının Abxaziyaya yatırılması və geri qaytarılmaması faktı barədə rəsmi dairələr şərh verməmişdi.

İndi Beynəlxalq Bankın Rusiyadakı borcluları siyahısında kifayət qədər sanballı məbləğlı abxaz oliqarxın da yer alması faktının təsdiqlənməsindən sonra virtualaz.org C.Hacıyevin separatçı Abxaziyada hansı fəaliyyətləri maliyyələşdirdiyi barədə araşdırmanı bir daha oxuculara çatdırmağı vacib bildik. Bu, məhkəmədə günahsızlığı barədə alovlu çıxış edən keçmiş bankirin fəaliyyətinə bir daha nəzər salmağa imkan verir.

 

Oliqarx “Lyova” ya 226 milyon dollar

 

Həmin vaxt virtualaz.org-a Moskvadakı iri biznes çevrələrindəki mötəbər qaynağın bildirdiyinə görə, C.Hacıyev 2000-ci illərin ortalarında “Lyova” kimi tanınan abxaz oliqarx Levan Tujbaya Abxaziyada sitrus meyvələrinin istehsalı və emalı biznesinə yatırmaq üçün iri məbləğlərdə kredit ayırmağa başlayıb. Mənbə abxaz oliqarxa Azərbaycan Beynəlxalq Bankının cəmi 226 milyon dollar (faizlərlə birlikdə) ayırdığını bildirirdi.

Virtualaz.org araşdırıb ki, Levan Şotoviç Tujba Moskvadakı abxaz diasporunun liderlərindən biridir. Abxaziyada ağac emalından tutmuş meyvə emalına və istehsalına qədər bir çox sahələrə iri investisiyalar yatırıb. Onu Abxaziya separatçı respublikasının keçmiş “prezidenti” Sergey Baqapşa yaxın iş adamı kimi tanıyırlar. Levan Tujba həmçinin Sergey Baqapşın oğlu Zurab Baqapşla ortaq şəkildə Abxaziya dağ-sənaye şirkətini təsis edib. “Suxumi ağac emalı zavodu” ASC-də ona məxsusdur.

 

Cahangir Hacıyevin ortağının “Gulfstream”ı və Abxaziyadakı biznesi

 

Levan Tujba Moskvada, iri biznes çevrələrində yaxşı tanınan oliqarxdır, “Gulfsteram” markalı özəl təyyarəsi var. Virtualaz.org saytının Rusiyanın biznes-jetlərinin Reyestrindən əldə etdiyi informasiyaya əsasən onun təyyarəsi M-Nels bort nişanı daşıyır. Buna baxayaraq üzdə olmağı sevmir və internet mənbələrində onun fotosuna rast gəlmək mümkün deyil.

Abxazya mənbələrində göstərilir ki, Levan Tujba 2004-cü ildə Gürcüstanın bu separatçı bölgəsində meyvə istehsalı və emalı biznesinə investisiya yatırmağa başlayıb. “Prezident” Sergey Baqapşa istinadən abxaz KİV-ləri xəbər verib ki, Levan Tujbanın ortaq olduğu  “Abxaziya Meyvə Şirkəti &Co” tanınmamış respublikada 18 milyon dollara emal müəssisəsi tikib.

 

Sitrus plantasiyaları, meyvə qəbulu məntəqələri

 

Habelə Tujba Abxaziyada sitrus və üzüm plantasiyaları salıb, respublikanın praktiki olaraq hər yerində meyvə qəbulu və çeşidi məntəqələri açıb. Bu məntəqələrdə qəbul edilən sitrus meyvələrinin standarta uyğun gələni Rusiya bazarına ixrac olunur, qeyri-standart olanları isə şirə emalına göndərilir. Tujbanın şirkəti Abxaziyanın Pitsunde bölgəsində mandarin və kivi bağları salmaq üçün 100 hektar torpaq sahəsi də alıb. Habelə sovxozlara traktorlar, digər texnika verib ki, meyvə istehsalını genişləndirsinlər. Və indi belə məlum olur ki, Tujba Abxazyaya yatırdığı on milyonlarla dollar investisiyanı Cahangir Hacıyevdən alırmış…

Beslan Aqrbanın ortağı

 

Levan Tujba Moskvada mənzillənmiş digər abxaz iş adamı Beslan Aqrbanın da ortağıdır. Rusiya mənbələrində göstərilir ki, Beslan Aqrbanın “Misrtal Alko” şirkəti Abxaziya şərablarının Rusiyaya idxalı üzrə inhisarçıdır. Bundan əvvəl Aqrbanın “Mistral” şirkəti düyü və yarma istehsalı, satışı ilə məşğul idi. (“Mistral” düyülərini Bakının supermarketlərinin vitrinlərində də görmək olar)

2012-ci ildə isə o, Levan Tujbanın təklifi ilə şərab biznesinə girir, “Mistral Alko” şirkəti üzərindən Abxaziyadan Rusiyaya şərab idxalına başlayaraq qısa müddət ərzində bazarda ciddi paya malik olur. Ancaq belə görünür ki, son vaxtlar Tujbanın biznesində işlər yaxşı deyil. Onun  Abxaziyanın Əmanət Bankına 250 milyon rubla yaxın kredit borcu var. Bank məlumatı Abxaziya prokurorluğunun sorğusu əsasında təqdim edib, kredit 2012-ci ildə alınıb.

Tujba 2005-ci ildə Moskvada “Yupşara” distribütor şirkətini təsis edərək o cümlədən abxaz şərablarının ticarəti ilə məşğul olub. Levan Tujba həmçinin “Mistral Alco”nun təsisçiləri arasındadır. O, həmin şirkətdə 50 faizlik paya malik olub, 2010-cu ildə isə şirkətdəki iştirakını dayandırıb. Hazırda “Mistral Alko”nun səhmlərinin 75 faizi Beslan Aqrbaya, 25 faizi isə Britaniya Virgin adalarında qeydiyyatdan keçmiş “Totnes Business İnc” offşor şirkətinə məxsusdur.

Levan Tujbanın adına həmçinin Moskvada təsis edilmiş “Pluton” ASC-nin qeydiyyat sənədlərində də rast gəlinir. O, hava nəqliyyat vasitələrinin və avadanlıqlarının kirayəyə verilməsi, habelə nəqliyyat-logistika sahəsind fəaliyyət göstərən həmin şirkətdə 50 faiz payla ortaqdır. Tujbanın digər ortağı türk əsilli Mehmet Cancadır.

 

Digər abxazlar və “MBA-Moskva”nın keçmiş rəhbəri Fuad Abdullayev

 

Virtualaz.org Moskvadakı mənbələrdən həm də bunu öyrənə bilib ki, Levan Tujba Azərbaycan Beynəlxalq Bankı ilə işgüzar münasibətlərə malik olan yeganə abxaz biznesmen deyil. Moskvadakı abxaz diasporunun varlı nümayəndələrinin bir çoxu Cahangir Hacıyevin dövründə pullarını bu bankın Rusiyadakı törəmə bankı “MBA-Moskva”da saxlayırdı.

Abxaz iş adamları pullarını Rusiya prezidenti yanında Xalq Təsərrüfatı və Dövlət Qulluğu Akademiyasının prorektoru, abxaz diasorunun liderlərindən olan İqor Bartsisin vasitəsilə həmin banka yatırıb. İqor Bartsis “MBA-Moskva”nın keçmiş rəhbəri Fuad Abdullayevlə yaxın dost olub. O, 1969-cu ildə Abxaziyanın Qudauta rayonunda anadan olub, 90-cı illərin ortalarında abxaz separatçı hərəkatına dəstək verib.

Separatizmə dəstək və qaynana amili

 

Bəs Cahangir Hacıyevi Rusiyanın “müstəqil dövlət” kimi tanıdığı separatçı Abxaziya bölgəsinə Azərbaycan bankının pullarını yatırmağa nə sövq edib? Axı Azərbaycan etnik separatçılıqdan əziyyət çəkən ölkədir və Abxazyanı müstəqil dövlət kimi tanımır? 2008-ci ildə Rusiya Gürcüstana hərbi müdaxilə edəndə, daha sonra Abxaziya və Cənubi Osetiyanı faktiki ilhaq edib “müstəqil dövlət” kimi tanıyanda Azərbaycan Gürcüstana əlindən gələn dəstəyi verdi. Ancaq C.Hacıyev görünür heç Azərbaycan dövlətinin siyasətinə,  milli maraqlarına da məhəl qoymurdu və separatçı bölgəyə yüz milyonlarla dollar yönəldirdi.

C.Hacıyevin abxazlarla yaxın əlaqələrinin mümkün motivləri haqda danışan mənbələr deyirlər ki, görünür burada onun qaynanasının abxaz əsilli olmasının da rolu var. Keçmiş bankirin dövlətə məxsus bankın milyardlarla dollarını Azərbaycanda və xaricdə riskli layihələrə, öz adamlarının adına açılmış offşor şirkətlərə yönəldib batdırdığı bəs etmirmiş kimi, üstəlik Rusiyanın faktiki nəzarəti altında olan “boz zonaya” da milyonları axıdıb…

Virtualaz.org

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

4 × 1 =