Bütöv Azərbaycan Ocaqlarında (BAO) “Azərbaycan Cümhuriyyəti-100” mövzusunda növbəti dəyirmi masa keçirildi

0
897
 12 may 2018-ci il tarixdə “Azərbaycan Cümhuriyyəti-100” mövzusunda Bütöv Azərbaycan Ocaqlarının (BAO) Türk Dünyasını Araşdırmalar Qurummunun növbəti dəyirmi masası keçirildi.
Arazinfo.com-un verdiyi xəbərə görə, Tədbiri açıq elan edən BAO başqanının Türk Dünyası ilə Əlaqələr üzrə müavini, dos., dr. Faiq Ələkbərli (Qəzənfəroğlu) bildirdi ki, Azərbaycan Cümhuriyyətinin 100 illiyinə saylı günlər qaldığı bir vaxtda BAO-nun bu mövzuya həssas yanaşması, xüsusilə də Cümhuriyyətlə bağlı tədiqiqatlar aparan alimləri dəvət edərək onların əsərlərini ictimaiyyətə təqdim etməsi təsadüfi deyildir. Onun sözlərinə görə, BAO kiçik hislərdən uzaq duraraq öz müqəddəs hədəfinə, yəni Azərbaycanın bütövlüyünə çatmaq üçün Cümhuriyyətin layiqli və doğru şəkildə Azərbaycan türklərinə çatdırılmasını vacib saymaqdadır. F.Ələkbərliyə görə, bu anlamda böyük bir xalq olan Azərbaycan türklərinin əsas hədəfi də Azərbaycan ruhunu və Türklük ülküsünü özündə qoşa qanad kimi tutmaq şərti ilə həm birləşmək, həm də antitürk qüvvələrin əlləriylə qəsb edilmiş haqlarını geri qaytarmaqla bu bölgədə yenidən əvvəlki nüfuzunu bərpa etmək məqsədini güdür. Ona görə, bunun üçün də əsla bədgümanlığa yol vermədən Azərbaycan xalqı və Azərbaycan yurdu öz sinəsində yeni Məhəmməd Əmin Rəsulzadələr, Əli bəy Hüseynzadələr, Cavad xanlar, Nadir şah Əfşarlar, Nəsib Yusufbəylilər ortaya qoymaqla əsas hədəfinə gec-tez çatacaqdır. Daha sonra “Azərbaycan Cümhuriyyəti-100” mövzusu ilə bağlı məruzəçi olan tarix elmləri doktoru, professor Nəsiman Yaqublu öncə BAO-ya olan doğma və səmimi hislərindən bəhs etdi.
Tarixçi alim bildirdi ki, bu gün Bütöv Azərbaycan Ocaqları tutduğu doğru və milli xətlə həm 1911-ci illdə əsası qoyulan Türk Ocaqlarının, həm də Azərbaycan Cümhuriyyəti ideyalarının ən layiqli davamçılarındandır. Məhz belə bir milli ruhlu təşkilatda “Cümhuriyyət qurucuları” və “Azərbaycan Milli Azadlıq Hərəkatının Ensiklopediyası” kitablarının təqdimatından da məmnun qaldığını deyən N.Yaqublu bildirdi ki, bu kitablar onun həyatının ayrılmaz bir parçası halında araya-ərsəyə gəlibdir. Xüsusilə də, Cümhuriyyət qurucuları ilə bağlı araşdırmalar apararkən, əsərin qəhrəmanlarının, o cümlədən M.Ə.Rəsulzadənin, F.Xan Xoyskinin, N.Yusifbəylənin, N.Şeyxzamanlının və başqlarının vaxtilə yaşadıqları hisləri az qala onların özləri qədər yaşadığını deyən tarixçi alimə görə, onların hər birinin taleyi Azərbaycan xalqının tarixinin şərəfli bir parçasıdır. Bu tədqiqatları apararkən bir çox ölkələrdə, o cümlədən Fransa, Polşa, ABŞ, Almaniya, Türkiyə və başqa ölkələrdə olduğunu bildirən N.Yaqublu qeyd etdi ki, əslində Cümhuriyyət qurusularının simasında Azərbaycan ruhu bütün dünyada dolaşmaqdadır. Eyni zamanda, N.Yaqublu “Azərbaycan Milli Azadlıq Hərəkatının Ensiklopediyası” kitabı haqqında da ətraflı məlumat verərək bildirdi ki, bu əsər orijinal mənbələrə və məlumatlara əsaslanaraq yazılıb. Onun sözlərinə görə, bu kitabı oxuyan hər bir azərbaycanlı, Azərbaycan türkü öz milli ruhunu taparaq yenidən böyüklüyünü dərk edəcək və ona vaxtilə sırınmağa çalışımış müstəmləkəçilik hislərindən birdəfəlik qurtulacaqdır. Tarixçi alimə görə, bir millət öz milli tarixini dərk etmədən böyük uğurlar qazana bilməz. Bu anlamda, o, həmin kitablarının Azərbaycan xalqının milli özünədərkində və milli özünəinamında böyük rol oynayacağına inamını ifadə etdi. Tədbirdə iştirak edən Aydın Mədətoğlu, Cavanşir Beydullayev, Fəzail İsmail Böyükkişi, Rəsmiyyə Qarayeva, Yaşar Türkazər, Rizvan Hüseynov, Bəhmən Sultanlı, Raifə Sərxan qızı, Oqtay Daşoğuz, Hüseyn Artıkoğlu və başqaları da mövzu və kitablarla bağlı öz fikirlərini bölüşdülər.

 

 

BIR CAVAB BURAXIN