Bütöv Azərbaycan Ocaqlarının (BAO) Uyğur türkləri ilə bağlı Türk Konseyinə müraciət ünvanlayıb

0
578

Bütöv Azərbaycan Ocaqlarının (BAO) Uyğur türkləri ilə bağlı Türk Konseyinə

MÜRACİƏT edib. Müraciətdə deyilir:

Son dövrdə Çin Xalq Resbublikasının işğalı altında olan Sincan Uyğur Muxtar Rayonunda yaşayan Uyğur türklərinə qarşı Pekin rejiminin atdığı insanlığa zidd addımlar müşahidə olunmaqdadır. Çin dövlətinin Uyğurlara qarşı apardığı insanlığa zidd ayrı-seçkilik və marginallaşdırılma siyasətindən yüzminlərlə, hətta milyonlarla uyğurların əzab-əziyyət çəkdiyi artıq heç kəsə sirr deyil. Hələ, 2018-ci ilin avqust ayında BMT-nin insan haqları panelində “etibarlı hesabatlara” istinad edərək bildirilmişdir ki, bir milyondan çox insan Sincanda ekstremizm əleyhinə mərkəzlərdə saxlanılır.

Artıq bu cür insanlığa zidd düşərgələrdə saxlanılan uyğurların sayının 3 milyona çatdığı iddia olunur. Bu isə o deməkdir ki, Pekin rejimi Sincan bölgəsini əslində “Təhsil-islah mərkəzləri” adı altında “böyük gizli əsir düşərgəsinə” çevirmişdir. Çin həbslərin miqyasını inkar etsə də, “dini ekstremist” kimi damğalandırdıqları uyğurların bir qisminin islah məqsədilə “Təhsil-islah mərkəzləri” adı altında xüsusi cəza düşərgələrində saxlanılmasını da gizlətmirlər.

Üstəlik, 2017-ci ilin iyulundan rəsmi Pekin uyğurlardan mobil telefonlarına, cihazı izləyən və rəsmilərə hesabat göndərən tətbiqləri yükləməyi tələb ediblər. Digər tərəfdən Sincanda yerli qanunvericiliyə edilən düzəlişlərə əsasən uyğurlar, uyğur uşaqların dövlət məktəblərinə qəbulunun yasaqlanması, hüquqi sənədlərə bilərəkdən zərər vurulmasına görə cəzanın təyin olunması, dini qaydalara əsasən kəbin kəsməyin qadağan olunması, pasportun verilməsinin məhdudlaşdılması kimi qadağalarla ilə üz-üzə qalıblar. İnsan Haqları İzləmə Təşkilatının (HRW) hesabatında, son 2 ildə Sincan Uygur Muxtar Bölgəsində çox sayda insanın “önləyici təhlükəsizlik tədbirləri” adı altında suçsuz yerə həbs olunduğu və siyasi baxımdan təhlükəli olaraq dəyərləndirilən fərdlərin hər hansı bir məhkəmə qərarı olmadan toplama düşərgələrinə göndərildiyi öz təsdiqini tapır.

Qeyd edək ki, bəzi Avropa ölkələri və ABŞ uyğurların qarşılaşıdğı bu vəziyyətlə bağlı Çinə öz etirazlarını bildirib. Ancaq Türk Konseyinə daxil olan ölkələr hələ də, bu məsələdə ortaq mövqe nümayiş etdirmirlər. Hətta, son günlərdə yayılan məlumatlara görə Türkiyə Çinin uyğurlara qarşı yürütdüyü haqsız siyasəti pisləmək əvəzinə bəzi məsələlərdə dəstək verir, üstəlik Türkiyədəki uyğurların Çinə göndəriləcəyi də söylənilir.

Ancaq, Türkiyənin bu məsələdə dini və milli kimlik həsaslığını nəzərə alsaq, bunun gerçəyi özündə əks etdirmədiyinə inanırıq.

Biz, Bütöv Azərbaycan Ocaqları (BAO) olaraq hesab edirik ki, son günlərdə uyğurlarla bağlı yayılan fotolar, videolar və digər informasiyalar vəziyyətin daha da kritik həddə olmasından xəbər verdiyi üçün Türk Konseyinin hərəkətə keçməsi bir zərurətə çevrilmişdir.

Türk Konseyinə üzv olan Türk dövlətləri (Azərbaycan, Qazxıstan, Türkiyə, Qırğızıstan, Özbəkistan) Uyğurlarla bağlı məsələlərdə ortaq mövqedən çıxış edərək Çinin bu insanlığa zidd siyasətini qəti şəkildə pisləməlidirlər. Türk Konseyi olaraq uyğurlarla bağlı məslənin aydınlığa gətirilməsi üçün Türk dövlətlərinin Beynəlxalq bir komisiyasının yaradılmasına və həmin komisiyasnın Sincan bölgəsinə gedərək məsələni yerindəcə tədqiq etməsinə ciddi ehtiyac vardır.

Bütöv Azərbaycan Ocaqları.

Bakı, 06 dekabr 2019