Bunun nəyi pisdir ki?

0
564

 

Bu axır vaxtlar həmkarlarım bizim Bakı Beynəlxalq Avtovağzal Kompleksindən bir para məqalələr yazıblar. Biz də lazım görürük ki, elə həmin məqalələrdəki bu məkanla bağlı yazılanları vərəqləyək və öz fikrimizi, rəyimizi müxtəsərcə söyləyək.

Mən başa düşə bilmirəm ki, niyə həmkarlarım sərnişinlərin kassalardan bilet almamağını qabardırlar? Mən ölüm, bu heç qabardılası məsələdir? Necə? “Bilet satışı” birbaşa perronda, avtobusların yanında, özü də sürücülər tərəfindən aparılır? Axı bunun nəyi pisdir, ay başınıza dönüm? Məgər siz bilmirsinizmi geniş əraziyə malik Bakı Beynəlxalq Avtovağzal Kompleksinin kassalarını axtarıb tapmaq, oradan bilet almaq sərnişinə zülm verməkdən başqa bir şey deyil? Görünür, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin rəhbərliyi elə bu səbəbdən belə mədəni xidmət göstərməyə üstünlük verib. Məncə, buna görə rəhbərliyə təşəkkür etmək lazımdır. Amma siz…

Mən axı başa düşə bilmirəm, avtobus yerindən tərpənənə, eləcə də avtovağzalın ərazisindən çıxana qədər səyyar satıcıların hər birinin satdıqları malların (ərzaq, yeyinti məhsullarından tutmuş geyim, suvenir əşyalarına qədər) ruhuna uyğun oxuduqları “ariyalar” niyə həmkarlarımın xoşuna gəlmir? Biri yazır ki, onlar sərnişinlərin rahatlığını pozur, o biri yazır ki, camaatın əsəbləri ilə oynayırlar… Burada mədəniyyətdənkənar nə var ki? Guya mənim həmkarlarım Bakı Beynəlxalq Avtovağzal Kompleksinin rəhbərliyindən çox bilirlər? Üstəlik, onlar hələ rəhbərliyə məsləhətlər də verirlər. Hə, lap yadımdan çıxmışdı: biri də yazır ki, anlamaq olmur bu kompleks avtovağzaldır, yoxsa ticarət mərkəzi, bazar?! Ay mənim həmkarım, məgər özüm görməmisən ki, perrona çıxış elə “tənzimlənib” ki, sərnişinlər əsasən ticarət zonasının içindən keçmək məcburiyyətində qalırlar? Sən isə bundan bir kəlmə belə yazmırsan? Olmaya orada sənin də tanışların çalışırlar, hə? Elə bu səbəbdən onları deyil, avtobuslara cumub çörəkpulu qazanmağa çalışanları qaralayırsan? Deyəsən, mətləbdən uzaqlaşdım axı… Hə, onu deyirdim axı. Həmin səyyar satıcılar vaxt qıtlığından ərz etdiyim ticarət zonasına kifayət qədər vaxt ayıra bilməyənlərə mədəni xidmət göstərirlər də. Sizi bilmirəm, şəxsən mən bu mədəni xidmətdən dəfələrlə yararlanmışam və buna görə rəhbərliyin ünvanına ürək sözlərimi də çatdırmışam. Bunun nəyi pisdir axı?

Mənə elə gəlir ki, Bakı Beynəlxalq Avtovağzal Kompleksindəki bu nəsnələri oranın rəhbəri əsla görmür. İnandırım sizləri o görsə, bir anda orada qayda-qanun yaradar. Güman edirəm ki, axır ki o, bir gün bunları görəcək. Ya da günlərin bir günü həmin rəhbər orada görünməyəcək. Məsələ bu qədər bəsit və sadə…

BIR CAVAB BURAXIN