Bu, misli görünməmiş vandallıqdır – İlham Əliyev

0
579

Biz beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlıq edirik, bir-birimizi dəstəkləyirik. Xüsusilə BMT-dəki əməkdaşlığı mən qeyd etmək istərdim. İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlığımız çox uğurludur. Biz digər beynəlxalq təşkilatlar çərçivəsində də uğurlu əməkdaşlıq edirik, bir-birimizi daim dəstəkləyirik.

Arazinfo.com axar.az-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev müqəddəs Ramazan ayı münasibətilə müsəlman ölkələrinin Azərbaycandakı səfirlərini və diplomatik nümayəndəliklərinin rəhbərlərini qəbul edərkən çıxışı zamanı deyib.

Preziden müsəlman ölkələrinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın haqlı mövqeyini dəstəklədiklərini bildirib:

“Bu dəstəyə görə mən sizə minnətdaram. Bildiyiniz kimi, bütün aparıcı beynəlxalq təşkilatlar bu münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasını tələb edən qərar və qətnamələr qəbul etmişlər. BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul edib. BMT-nin Baş Assambleyası, ATƏT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası, ECO və digər təşkilatlar da oxşar qərar və qətnamələr qəbul ediblər. Bu qərar və qətnamələr münaqişənin həlli üçün hüquqi zəmin yaradır. Bu qərar və qətnamələrin qəbul edilməsində həmin təşkilatlardakı müsəlman ölkələri iştirak edirlər, münaqişənin həllinə dəstək verirlər.

Bildiyiniz kimi, uzun illərdir ki, beynəlxalq birlik tərəfindən tanınan Azərbaycanın tarixi, əzəli torpaqları erməni işğalı altındadır. Bu işğal nəticəsində 1 milyondan artıq azərbaycanlı doğma torpaqda qaçqın-köçkün vəziyyətinə düşmüşdür. Bizim şəhərlərimiz, kəndlərimiz ermənilər tərəfindən dağıdılıb. Muzeylərimiz talan edilib. Tarixi, dini abidələrimiz, məscidlərimiz ermənilər tərəfindən dağıdılıb. Bu, misli görünməmiş vandallıqdır. Xalqımıza qarşı ermənilər Xocalı soyqırımı törədiblər. Ondan çox ölkə bu soyqırımını rəsmi qaydada qəbul edib”.

İlham Əliyev bildirib ki, münaqişənin tezliklə həlli bölgəyə sabitlik, sülh gətirəcək:

“Münaqişənin tezliklə həlli üçün, ilk növbədə, Ermənistan öz işğalçı qüvvələrini işğal edilmiş torpaqlardan dərhal və qeyd-şərtsiz çıxarmalıdır və dünyanın ən ali qurumu olan BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etməlidir. Bu məsələ ilə bağlı ədalətli mövqeyinizə görə ölkələrinizə və sizə bir daha minnətdaram. Azərbaycan da öz növbəsində beynəlxalq təşkilatlarda bütün müsəlman ölkələrinin maraqlarını dəstəkləyən qərar və qətnamələrə dəstək verir, onların bir çoxunun təşəbbüskarı olmuşdur. İslam Əməkdaşlıq Təşkilatı haqlı olaraq Azərbaycan dövlətinin bu istiqamətdəki fəaliyyətini yüksək qiymətləndirir. Dəfələrlə bəyan etmişdir ki, Azərbaycan İslam həmrəyliyi məsələlərində çox önəmli rol oynayır. Bizim üçün İslam həmrəyliyini möhkəmləndirmək xarici siyasətimizin əsas prioritet məsələlərindən biridir. Biz İslam Əməkdaşlıq Təşkilatının fəal üzvüyük”.

BIR CAVAB BURAXIN