Bu gün Bolqarıstan və Azərbaycan iki dost və strateji tərəfdaş ölkələr kimi bir biri ilə daha sıx əlaqədədirlər

0
1616

Bu gün Bolqarıstan və Azərbaycan iki dost və strateji tərəfdaş ölkələr kimi bir biri ilə daha sıx əlaqədədirlər.

Müasir dövrdə Azərbaycan ilə Bolqarıstan arasında davam etdirilən çox sıx əməkdaşlıq onilliklər ərzində təşəkkül tapmışdır. Qeyd edək ki, Bolqarıstan Respublikası Azərbaycanın müstəqilliyini 1992-ci ilin yanvarında tanıyıb. Diplomatik münasibətlər isə həmin ilin iyununda yaradılıb.
Sentyabrın 30-da Bolqarıstan Respublikasına rəsmi səfərə gələn Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bildirmişdir: “Əminəm ki, bu səfərin nəticələri çox uğurlu olacaq və bu gün əldə edilmiş razılaşmalar mütləq yerinə yetiriləcəkdir, necə ki, bundan əvvəlki dövrlərdə əldə edilmiş razılaşmalar yerinə yetirilirdi”.
Müzakirə edilən əsas məsələ olan enerji təhlükəsizliyi sahəsində strateji tərəfdaşlar kimi əlavə addımlar atılacağına əminliyini ifadə edən ölkə başçısı bildirib ki, artıq bu sahədə də tərəfdaşlıq gerçəkləşib, Azərbaycan qazı indi Bolqarıstandadır.
Hələ 2005-ci ilin sentyabrında ilk dəfə Bolqarıstana rəsmi səfərə getmiş Prezidentimiz ölkə prezidenti ilə təkbətək görüşündə regional və beynəlxalq çərçivədə Bolqarıstanla əməkdaşlığın, o cümlədən iqtisadi əlaqələrin yüksək səviyyəyə çatdırılması üçün potensial imkanların olduğunu bildirmişdir. Bu əməkdaşlığın daha da inkişaf etdirilməsində, əlaqələrin yeni mərhələyə qədəm qoymasında Azərbaycan Prezidenti cənab İlham Əliyevin 2015-ci ilin mart ayında Bolqarıstana rəsmi səfəri böyük rol oynamışdır. Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə” imzalamışdılar. Bu vaxta qədər iki ölkə arasında çoxlu sayda sənəd imzalanmış, bu sənədlər qarşılıqlı əməkdaşlığın inkişafı üçün möhkəm hüquqi baza yaratmışdır.
Bolqarıstanın aparıcı biznes dairələrinin nümayəndələri tərəfindən Azərbaycan Prezidentinə avtomobil, qida, enerji, peyk, pilotsuz uçuş aparatları, kommunikasiya, rəqəmsal inkişaf, İKT, tibb, kimya sənayesi ilə bağlı olan layihələr barədə təqdimatlar edilib. Bəzi şirkətlərin nümayəndələri artıq Azərbaycan şirkətləri ilə əməkdaşlıq etdiklərini bildiriblər. Həmçinin, Ələt Azad İqtisadi Zonasında və digər sənaye zonalarında Azərbaycan şirkətləri ilə birgə fəaliyyət göstərməkdə maraqlı olduqlarını qeyd ediblər. Hazırda siyasi, iqtisadi, elmi, texniki və mədəni əlaqələr istiqamətində münasibətlər sürətlə və uğurla inkişaf etməkdədir.

Zərdab rayon Bıçaqçı kənd tam orta məktəbin direktor əvəzi-Kəmalə Məmişova