Britaniya mətbuatı: Qadın həkimlər yaxşıdır, yoxsa kişi həkimlər?

0
601

Britaniya mətbuatı

Britaniya mətbuatı: BP “Trampın qorxusundan” İrandan kənar durdu

“Financial Times” yazır ki, BP şirkəti ABŞ-da prezident seçilmiş Donald Trump-ın Tehrana münasibətdə sərt mövqeyini nəzərə alaraq sanksiyaların qaldırılmasından sonra bu ölkə ilə yeni əməkdaşlıq imkanından imtina edib.

Beləliklə də İranın neft yataqları indi onun iki Avropa rəqibinin Royal Dutch Shell və Total şirkətlərinin “ixtiyarında” qalır.

İran nüvə sazişinin imzalanmasının ardınca onun üzərindəki sanksiyalar qaldırıldıqdan dərhal sonra Qərbin Total və Shell də daxil neft-qaz nəhəngləri ilə yataqların inkişaf etdirilməsinə dair ilkin sazişlər imzalayıb.

Tehran 2017-ci ildə belə sazişlərin daha çox imzalanacağını elan edib.

Lakin 1908-ci ildə İranda ilk neft yatağını kəşf etmiş BP (o vaxtlar şirkətin adı Anglo-Persian Oil Company idi) ehtiyat edir ki, ABŞ-da prezident seçilmiş Donald Trump Tehranla yeni diplomatik gərginliyin yaşanmasına səbəb ola bilər.

Xəbər verilir ki, BP qarşıdan gələn tenderlərə qatılmayacaq və yaxın gələcəkdə Shell və Total şirkətlərindən fərqli olaraq İranla ikitərəfli kontraktlar bağlamaq niyyətində deyildir.

“Financial Times” yazır ki, şirkətə yaxın mənbələr qərarın kommersiya mülahizələri ilə qəbul olunduğunu deyirlər.

Onlar bildiriblər ki, BP-nin başqa yerlərdə daha cəlbedici layihələri var.

Buna baxmayaraq sözü gedən şəxslər Donald Trump-ın Tehrana münasibətdə sərt mövqeyinin BP-ni bu əməkdaşlıqdan çəkindirən konkret faktorlardan biri olduğunu etiraf ediblər.

BP Britaniya şirkəti olsa da, o hər hansı başqa Avropa neft-qaz qrupundan ABŞ-la daha sıx bağlılığı ilə fərqlənir. Onun səhmdarlarının 40, baş icraçı direktoru Bob Dudley də daxil işçilərinin 30 faizi amerikalılardır.

İran sanksiyaları ABŞ vətəndaşlarının İranda bizneslə məşğul olmasını qadağan edir.

“Financial Times” yazır ki, BP İrana investisiya yatırmaq üçün, cənab Dudley və başqa amerikalı əməkdaşları istisna edən ayrıca qurum yaratmalı olardı.

ABŞ-ın ExxonMobil və Chevron şirkətləri İrana investisiya yatırmaq təşəbbüsündən indiyədək kənar durublar.

BP İranla əlaqələrini qurmaq üçün bəzi əhəmiyyətli addımlar atmışdı. O Tehrandakı ofisini bərpa etmiş və ötən oktyabrda İranın bir tanker neftini almışdı. “Financial Times” qəzetinin mənbəyi olan şəxslər bütün bunların gələcəyi barədə şərh verməkdən imtina ediblər.

İran dünyada qaz ehtiyatlarına görə ikinci, neft yataqlarına görə isə dördüncü yeri tutur.

Tehran qarşıdan gələn 5 ildə 200 milyard dollar investisiya cəlb etməyi hədəf seçib.

Fransanın Total şirkəti noyabr ayında İranla onun Cənubi Pars qaz yataqlarının inkişaf etdirilməsinə dair saziş imzalayıb. Bu layihədə Çinin dövlət neft şirkəti də iştirak edəcək.

Britaniyada qeydiyyatdan keçmiş Shell şirkəti isə ötən ay Tehranla daha böyük saziş imzalayıb. Şirkət İranın cənub-qərbindəki Azadeqan və Yadavaran neft yataqlarında, habelə Körfəzdəki Kiş qaz yatağında geoloji-kəşfiyyat işləri aparacaq.

Tehranla neft və qaz kontraktları imzalamış başqa şirkətlər bunlardır: Gazprom, Rosneft və Lukoil (Rusiya), ONGC (Hindistan) və DNO (Norveç).

“Financial Times” yazır ki, Tehran Barack Obama Ağ Evi tərk edənədək daha çox kontraktların imzalanmasına can atır.

Donald Trump seçki kampaniyası zamanı İranla imzalanmış nüvə sazişini “cırıq atacağı” ilə hədələmişdi.

Burası da var ki, Trump-ın dövlət katibliyinə namizədi Rex Tillerson ExxonMobil şirkətinin keçmiş rəhbəridir və ABŞ-ın gələcək İran siyasətini onun formalaşdıracağı düşünülür. Amma bundan əvvəl ABŞ Konqresi cənab Tillerson-un namizədliyini təsdir etməlidir.

NATO-nun ən böyük ordusu və “xəlifə”

Britaniyada tanınmış jurnalist Robert Fisk “The İndependent” qəzetində yazır ki, “Türkiyə tək qalıb…”

“Birincisi, bunun irqi səbəblərini bilmək lazımdır, – yazır Fisk, – Əgər Yeni il gecəsi bu 39 kişi və qadın Parisdə və ya Brüsseldə və ya Berlində qətliam edilsəydi xəbər başqlıqları 3-4-gün kükrəyərdi. Əgər ölənlər Qərbi avropalılar olsaydı, xəbər başlıqları iki-üç gün təlatümə gələrdi. Amma əlbəttə, bu hadisə Türkiyədə olub və buradakı adamlar Xristian aləmində olduğu qədər ağdərili deyillər. Ona görə də xəbər başlıqları çox tez sakitləşib. “Bizim evimiz deyil” demişik, biz qərblilər”.

Fisk yazır ki, elə buna görə də bu kütləvi qırğında ölənlərin əksər hissəsinin ərəblər olduğunu oxucuların çoxu bilmir. Halbuki balaca Livandan üç nəfər həlak olub, dörd nəfər yaralanıb. Bunların müsəlmanı da var, xristianı da…

Müəllif yazır ki, buna görə də Livanın yerli telekanallarında qalxan şivəndən çox adamlar xəbərsizdirlər.

Orada telekanllar bu hadisə barədə elə reportajlar, ölənlərin yaxınları ilə elə müsahibələr veriblər ki, axırda baş nazir jurnalistlərdən “dərd içində olanları dinc buraxmağı” xahiş edib.

Daha sonra Robert Fisk qətliamın hərbi səbəbindən yazır: “Suriya müharibəsi ilə çilingağac oyunu oynayan Türkiyə deyildimi? Silahların və pulların öz sərhədindən keçib o taydakı İŞİD və Cəbhət ən-Nüsra və ya “mötədilllərə” çatmasına yol verən Türkiyə deyildimi? Öz kürdləri və Suriya kürdləri ilə müharibəyə gedən Türkiyə deyildimi? NATO-nun ən böyük üzvü olan Türkiyə ordusu bu yaxınlarda bu təşkilata bir azca sədaqətsizlik etməmişdimi?”

“Əgər demokratik yolla seçilmiş diktator qonşunun vətəndaş müharibəsində, Pakistanın Əfqanıstanda etdiyi kimi… vasitə olursa, o lider öz şəhərlərində qətliamlardan başqa nə gözləyə bilər?” – yazır Robert Fisk.

Məqalədə deyilir ki, İstanbul qətliamının siyasi səbəbi də var. Fisk yazır ki, “türklər əvvəlcə Avropa İttifaqına üzv olmaq istəyirdilər, amma indi elə də həvəsli görünmürlər”.

Jurnalist yazır ki, miqrantları Avropaya buraxmamaq üçün Brüssellə sövdələşməyə girən Türkiyə indi Rusiya, İran, Çin və başqa qeyri-ərəb ölkələri ilə dostlaşır.

Məqalədə deyilir ki, “ürəyində Türkiyə imperiyasının xiffətini çəkən adam” indi niyə ərəblərə laqeyd olaraq “antiosman xarici siyasəti” yürüdür? Axı o, 2011-ci il inqilablarından sonra ərəbləri dəstəkləyirdi.

Fisk yazır ki, Donald Trump seçki kampaniyası zamanı müsəlmanlara qarşı bəyanatlar səsləndirəndə Erdoğan onun adının İstanbuldakı göydələnlərdən götürülməsini əmr etmişdi, amma indi Ağ Evdəki “təzə oğlanın” onu tənqidlərdən azad edəcəyinə ümid bəsləyir. “Mən bu qədər ümidli olmazdım” – yazır Fisk.

Müəllif yazır ki, bu problemin yalnız bir hissəsidir. “Rusiya təyyarəsini vurub sonra Rusiya prezidenti ilə yaxınlaşan, Suriya inqilabının əvvəlində Əsədi sevən, sonra isə ona nifrət edən, əvvəl Avropa ilə mazaqlaşıb, daha sonra ona diş qıcırdan “belə xəlifəyə” hansı ağlı başında olan yaxın durar?”

Robert Fisk yazır ki, kürdləri bombardman edərkən İŞİD-i bombardman etdiyini deyən, öz ölkəsinin daxili işlərinə qarışılmamasını istəyən Erdoğan Suriya və İraqa qoşun yeridir.

Robert Fisk hesab edir ki, belə siyasətin nəticəsi daha çox qətliamlar olacaq. “Kürdlər, İŞİD, marksistlər, nə bilim daha kimlər tərəfindən…Bəlkə daha çox çevriliş cəhdləri…”

Müəllif bu qənaətə gəlir kiI, ortalıqda çox mühüm siyasi-hərbi məsələ də var.

O yazır ki, iyuldan ötən oktyabradək Türkiyədə 7 min əsgər, 164 general həbs edilib və ya saxlanıb. Elə təkcə saxlanmaları bu adamları kinli edib.

“Xeyr, NATO-nun ən böyük ordusunda kütləvi həbslər hərbçilərin daha uğurlu çevrilişləri həyata keçirməsinin qarşısını ala bilməz. Belə çevrilişdə, xəlifənin özü zindana düşə bilər. Bəlkə daha pisi də ola bilər…” – yazır Robert Fisk.

HəkimImage copyrightCHRİSTOPHER FURLONG/GETTY IMAGES

Qadın həkimlər yaxşıdır, yoxsa kişi həkimlər?

“The İndependent” qəzetində dərc olunmuş başqa bir məqalədə deyilir ki, qadın həkimlərin pasientlər üçün kişi həmkarlarından daha yaxşı olduğunu elmi araşdırma göstərib.

Bu araşdırma zamanı 4 il müddətində xəstəxənalara 1, 5 milyon pasient gəlişi təhlil edilib.

Bəlli olub ki, qadın həkimlərin pasientləri arasında ölüm hadisələri və ya klinikaya təkrar dönüşlər kişi həkimlərdə oduğundan əhəmiyyətli dərəcədə azdır.

JAMA Internal Medicine Journal məcmuəsində dərc olunmuş məqalədə deyiliyr ki, kişi həkimlər də pasientlərə qadın həmkarları qədər diqqətli və qayğıkeş olsaydılar, 32 min insanın həyatını xilas etmək mümkün olardı.

Araşdırma hesabatında deyilir ki, faktlar kişi və qadınların tibbi fəaliyyətinin fərqli olduğunu göstərir.

Bu da aydın olub ki, qadın həkimlər klinika qaydalarına kişi həmkarlarından daha məsuliyyətli yanaşırlar. Onlar daha diqqətlə müayinə edir, pasientlərlə daha çox ünsiyyətdə olur və daha çox məsləhət verirlər.

Chicago Universitetindən tibb professoru Vineet Arora deyir ki, fərqin əsasında bir çox faktorlar dayana bilər.

Ola bilər ki, səbəb həkim yanaşması, ola da bilər ki, xəstənin həkimə reaksiyasıdır.

Beləliklə, qadın həkimlərə ənənəvi inamsızlığın əsassız olduğu bəlli olub.

Odur ki, həkiminizin qadın olduğunu biləndə, bir az da rahat nəfəs alın.

BIR CAVAB BURAXIN