Britaniya mətbuatı: Putin qalib gəldi. Bəs sonra?

0
567

Putin qalib gəldi. Bəs sonra?

“The Guardian” yazır ki, Vladimir Putinin dördüncü müddətə prezident seçiləcəyinə heç kim şübhə etmirdi. İndi Qərdbdə onu bəziləri Putin 4.0 adlandırırlar. Yəni Putin nömrə 4.

Ötən 6 il Rusiya və Qərb arasında münaqişəni daha da dərinləşdirib. Lakin buna baxmayaraq Putin özünün 3-cü müddətindən 2012-ci ildə olduğundan daha güclü çıxa bilib.

O Rusiyanın böyüklüyünü bərpa etməyə çalışdığını bəyan edərək, bu yolda hətta Krımın ilhaqı kimi ziddiyyətli addımlara əl atıb və bütün opponentlərinə qalib gəlib.

Lakin indi Kremlə yaxın olan mənbələr də təsdiq edirlər ki, Putinin bu müddətdəki əsas vəzifəsi özü üçün çıxış variantı hazırlamaq olacaq.

Moskvadakı Carnegie Mərkəzindən jurnalist və təhlilçi Konstantin Gaaze bildirir ki, Putinin növbəti müddət üçün ən böyük vəzifəsi “özünün və onu əhatə edən böyük bir insan dəstəsinin gələcək üçün təhlükəsizliyini təmin etmək olacaq”.

“Məncə bunun ən asan yolu özünü ömürlük prezident elan etmək olacaq” – Gaaze deyib.

“The Guardian” yazır ki, 2007-ci ildə Putin Medvedevi öz xələfi seçəndə Rusiya elitası müəyyən bir məqamda ümidini ona bağladı. Elitaya belə gəlmişdi ki, Medvedevi dəstəkləyə bilər.

Gaazenin fikrincə, indi sadəcə olaraq hamıya belə gəlir ki, onu əvəz edəcək heç kim yoxdur.

“The Guardian” yazır ki, Putinin hakimiyyətdə olduğu 18 ilin hər biri fərqli olub.

2000-ci ildən 2008-ci ildək davam edən dövrdə o əsas etibarilə yüksək neft qiymətlərindən və rusiyalıların həyat tərzinin yüksəlməsindən faydalanıb.

Bu müddətdə o, oliqarxların və müxalifətin üstünə düşüb.

O sanki elektoratla yazılmamış müqavilə imzalamışdı: Mən iqtisadiyyatı düzəldəcəyəm. Siz siyasətdən kənar dayanın.

Medvedevin prezident olduğu 4 il Rusiya üşün uğursuz zaman idi. Rusiya bu dövrdə NATO-nun Liviyaya müdaxiləsinə yol verdi və 2011-ci ildə saxtalaşdırılmış seçkilərə görə böyük küçə nümayişləri keçirildi.

Məhz bu məqamda Putin və Medvedev açıq-aşkar toqquşdular.

Bundan sonra şəhərlərdəki orta sinif tərəfindən dəstəklənən etiraz aksiyaları oldu. Bu şərait Putin 3.0-ı, yəni 3 nömrəli Putini formalaşdırdı.

PutinFotonun müəllifiREUTERS

O vaxt Moskva Carenegie Mərkəzindən Aleksandr Baunov Slon portalında yazırdı ki, Putin elitadan üz çevirərək sosial baxımdan mühafizəkar hərəkatlara və fəhlə sinfi populizminə meyl etdi.

“Qoy cəhənnəm olsun bu elita, – yazırdı Baunov, – Biz indi yalnız sadə insanlara, fəhlə kütlələrinə arxalanırıq”.

Bunun ardınca 2014-cü ildə Krımın ilhaqı və Putinin Qərblə kəllələşməsi başlandı. Bu onun populyarlığının yüksəlməsinə səbəb oldu.

Belə görünür ki, indi Putin həmin platformadan düşmək fikrində deyil.

7 il əvvəl o Münhen konfransında demişdi ki, ABŞ-ın hegemonluğuna qarşı çıxacaq.

Putin özünün illik hesabatını edəndə və bu çıxışın yarısını Rusiyanın nüvə arsenalının modernləşdirilməsinə həsr edərək, yeni tip raketləri göstərəndə bu bəziləri üçün Münhenin əks-sədası kimi səslənmişdi.

Millətçi-vətənpərvər “Komsomolskaya Pravda” qəzetinin müxbiri Dmitri Smirnov yazırdı: “Putin özünün Münhen çıxışını yenicə başa vurdu. Bu çıxış planet üçün yeni davranış qaydalarını təsbit etdi”.

Rusiyada seçki siyasəti çox qeyri-rəqabətlidir. Əsl siyasət demək olar mövcud deyil.

Bəziləri ümid edirlər ki, bundan sonra Kremlə təhlükə yaratmayan gənc siyasətçilər ordusu yetişəcək.

Gaaze deyir ki, bu, siyasəti siyasətsizləşdirmək cəhdidir.

“Daha siyasi hakimiyyət uğrunda mübarizə olmayacaq. Yalnız bir ölkə naminə könüllülük və xidmət olacaq. Hakimiyyətdə olanlara belə gəlir ki, bu, sakitlik yaradacaq”, ekspert yazır.

BIR CAVAB BURAXIN