Brejnevin “enerji” dərmanlarını futbolçulara göndərən “KQB” şef

0
665

Yevgeni Çazov uzun illər SSRİ Səhiyyə Nazirliyinin 4-cü idarəsinin rəisi vəzifəsində çalışıb. Həmin dövrdə bu vəzifəni Kremlin baş həkimi kimi də adlandırırdılar. Bu idarənin əsas vəzifəsi Kreml məmurlarının sağlamlığının keşiyində dayanmaq olub. Akademik Çazov isə birbaşa birincilərin səhhətinə cavabdehlik daşıyıb. Və bu illər ərzində məşhur kardioloq çox hadisələrin şahidi olub.

Modern.az saytı həmin hadisələrdən biri, SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin sədri Andropovun Çazovdan gizli xahişi haqqında yazını təqdim edir.

 

Hazırda səhhətində ciddi problemlər olan 88 yaşlı akademik mətbuata həmişə açıq adam olub. Elmi əsərləri ilə yanaşı, Çazovun çox maraqla qarşılanan  “Kremlin baş həkiminin qeydləri” kitabı da işıq üzü görüb. Andropovun ondan gizli xahişi haqqında isə akademik çox-çox sonralar mətbuatda bölüşüb:

“O illər olduqca gərgin iş rejimində çalışırdım. Üstəlik kənar təzyiqlər də olurdu. Bəzən mənim hansısa bir xüsusi orqana xidmət etdiyimi də deyirdilər. Bütün bunlar boş şayiələr idi. Mən sadəcə öz həkimlik fəaliyyətimlə məşğul olurdum. Siyasi Büronun üzvlərinin çoxusu yaşlı insanlar idi. Onların səhhətində yaranan problemlər təkcə yaşları ilə bağlı deyildi. Uzun illər partiya işində çalışan bu siyasətçilər pillə-pillə vəzifələrə yüksəlmişdilər. Bir çoxları müharibəni görmüşdü və təbii ki, bu da onların sağlamlıqlarında mənfi izlər buraxmışdı. Səhiyyə Nazirliyində yaratdığımız 4-cü idarə olduqca məhsuldar fəaliyyət göstərirdi. Digər xarici ölkələrdən bu təcrübəmizi götürmək istəyənlər çox idi. Vaxtlı-vaxtında pofilaktik və diaqnostika tədbirləri həyata keçirilirdi. Brejnev idarənin işindən razı idi. Bu razılığa görə də 1975-ci ildə Dövlət mükafatına layiq görülmüşdüm. Leonid İliçin çəxsi həkimi kimi onun səhhətini daima nəzarətdə saxlayırdım. Necə deyərlər, Brejnev harada mən də orada olmalıydım. Bütün vasitələrlə onun sağlamlığında yaranan problemləri aradan qaldırmağa çalışırdıq. Brejnev daha çox stomatoloji problemlərdən əziyyət çəkirdi. Həmin dövrdə səhiyyənin bu sahəsi Almaniyada daha çox inkişaf etmişdi. Buna görə də mən Almaniyadan üç nəfər yüksək ixtisaslı mütəxəssisləri Moskvaya dəvət etmişdim. Onlar yerli həmkarları ilə mütəmadi olaraq Baş katibin bu problemi ilə məşğul olurdular. Ancaq Brejnev yaşlaşdıqca səhhətində problemlər daha da artırdı. Bu da öz növbəsində “politbüronu” narahat edirdi.

Bir gün Dövlət Təhlükəsizlik Komitəsinin sədri Yuri Andropov məni yanına çağırdı. Onunla münasibətlərim dostluq səviyyəsində idi. Mənə qarşı çox isti münasibət bəsləyirdi. Kabinetində görüşdük. Qısa söhbətdən sonra mənə tapşırıq verdi ki, xarici ölkələrdə yeni tibbi texnologiyalar, yeni dərman pereparatları haqqında ona müntəzəm məlumatlar verim. Bu mənim üçün çox da çətin tapşırıq deyildi. Çünki həmin vaxtlar xarici ölkələrdəki həmkarlarımla sıx əlaqələrim var idi. Onlarla tez-tez fikir və təcrübə mübadiləsi aparırdıq. Həmin ərəfədə amerikalı həmkarlarımdan biri mənə məlumat vermişdi ki, öz ölkələrinin institutlarının birində yeni pereparat hazırlanıb. Bu pereparat insanın fəallığını, iş qabiliyyətini artırır. Yəni orqanizmə əlavə enerji verir. Həmkarım onu da mənə demişdi ki, bu pereparatın hazırlanması hələ sirr olaraq saxlanılır və bu haqda heç kimə demək lazım deyil. Ancaq mən bu sirri Andropova açdım. “KQB” rəhbəri həmin andaca öz qərarını verdi və bildirdi ki, Brejnev günü-gündən zəifləyir, həmin dərmanı biz təcili əldə etməliyik. Çox qısa müddətdən sonra biz həmin pereparatın əldə edilməsinə nail olduq. Ən başlıcası isə Leonid İliç həmin dərmanı qəbul etdikdən sonra özünü çox gümrah və enerjili hiss edirdi. İnanın ki, Baş katibin yerişində yeni bir sürət var idi. Andropovla aramızdakı dərman pereparatı söhbəti təkcə Brejnevlə yekunlaşmadı. Andropov dəlicəsinə futbol azarkeşi idi. “Dinamo” komandasına azarkeşlik edirdi. Komanda hər dəfə məğlub olanda ona çox pis təsir edirdi. “Dinamo”nun növbəti məğlubiyyətlərinin birində məni çağırıb dedi: “Yevgeni İvanoviç, mənim bu məğlubiyyətləri seyr etməyə daha gücüm yoxdur. Komandanın məşqçisini göndərəcəm yanınıza, həmin pereparatlardan onlara verin və qəbul qaydalarını başa salın”. Bir neçə müddətdən sonra tədbirlərin birində Andropov məni kənara çəkib qulağıma pıçıldadı: “Enerji pereparatı öz işini görür. Komandada xeyli irəliləyiş var…”

Ən əsası isə antidopinq komissiyası hətta xarici səfərlərdə belə futbolçularımızın qanında bu pereparatın olmasını aşkar edə bilmirdilər”.

 

Akademikin Andropovun səhhəti ilə bağlı xatirələri də maraqlıdır:

“Andropovun səhhətində də hər şey qaydasında deyildi. O, xüsusilə böyrəklərindən əziyyət çəkirdi. Mən öz növbəmdə çalışırdım ki, bu problemlər aradan qalxsın. Həkimlər fərdi şəkildə onun müalicəsi ilə məşğul olurdular. Həftədə ən azı iki dəfə mən onunla görüşürdüm. Onda olan xəstəliklə hələ uzun illər yaşamaq olardı. O ki, qaldı Andropovun ölümü ilə yayılan müxtəlif söz-söhbətlərə mən həkim kimi qeyd edirəm ki, bunlar boş söhbətlərdir. Andropovun ölümünü sürətləndirən öz günahı, sağlamlığına qarşı məsuliyyətsizliyi olub. 1983-cü ildə artıq Baş katib vəzifəsində olarkən Andropov məzuniyyətini Krımda keçirməyi qərara almışdı. Mən onda Almaniyada xidməti ezamiyyətdəydim. Krımda olarkən Andropov dağları gəzməyə çıxıb, bir az iqlim dəyişikliyi, bir az havanın nisbətən soyuq olması, digər tərəfdən də gəzintidən sonra daşların üzərində əyləşmək Andropovun böyrək problemlərini kəskinləşdirib. Təcili onu istirahət evinə gətiriblər və Moskvaya xəbər veriblər. Həmin andaca Ustinov mənə zəng vurdu və bildirdi ki, artıq 40 dəqiqədən sonra təyyarə Almaniyada məni gözləyəcək, təcili gəl. Ustinovla Andropov həmkar olmaqla yanaşı, həm də yaxın dost idilər. Mən birbaşa Krıma uçdum. Andropovun vəziyyəti ağır idi. Biz onu Moskvaya xəstəxanaya çatdırdıq. Ancaq gec idi. O mənim əllərimin arasında öldü, çox sakit və səssiz-küysüz. Yalnız bir cümlə dedi: “Yevgeni İvanoviç, bağışlayın, mən həkimə qulaq asan xəstə olmadım”.

 

BIR CAVAB BURAXIN