Böyük xalqın qüdrətli Ordusunun qurucusu Ulu Öndər Heydər Əliyev

0
2499

Böyük xalqın qüdrətli Ordusunun qurucusu Ulu Öndər Heydər Əliyev.

Silahlı Qüvvələrin döyüş hazırlığının yüksək səviyyəyə çatdırılması müasir hərbi texnika ilə yanaşı, bu texnikanı idarə edə biləcək savadlı zabit korpusundan da əhəmiyyətli dərəcədə asılıdır. Bu baxımdan Azərbaycanda beynəlxalq standartlara cavab verən hərbi təhsil sisteminin formalaşdırılması ordu quruculuğunda önəmli bir addım olmuşdur. Belə ki, Ali Baş Komandan milli ordu quruculuğu Silahlı Qüvvələrin modernləşməsi proseslərində beynəlxalq təcrübəyə istinad edilməklə güclü, qüdrətli, məğlubedilməz Azərbaycan Silahlı Qüvvələrini formalaşdırmışdır. Kursant və zabit heyətinin dünyanın ən qabaqcıl hərbi təhsil müəssisələrində hərb sənətinin sirlərinə yiyələnməsi ordumuzun peşəkarlıq səviyyəsinin yüksəlməsinə yol açmışdır. Artıq bu gün regionun ən qüdrətli ordusu olan Azərbaycan Silahlı Qüvvələri dövlət sərhədlərimizi qorumaqla yanaşı, bir sıra ölkələrdə həyata keçirilən sülhməramlı əməliyyatlarda iştirak edir və böyük müvəffəqiyyətlər qazanırlar. Bunun ən böyük səbəbi ulu öndər, əbədiyaşar sərkərdə Heydər Əliyevin əsasını qoyduğu ordu quruculuğu strategiyasının Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsidir. Məhz bu uğurlu siyasət nəticəsində Azərbaycanın dövlət büdcəsində müdafiə xərcləri üçün nəzərdə tutulan vəsait artıq bir neçə ildir ki, ardıcıl olaraq Ermənistanın ümumi büdcəsini ötüb keçmişdir. Bununla yanaşı, Azərbaycan Prezidentinin Fərmanı ilə yaradılan Müdafiə Sənayesi Nazirliyində 400 addan çox müdafiə təyinatlı məmulatın istehsalının həyata keçirilməsi ölkəmizin hərbi qüdrətinin artmasının mühüm göstəricilərindən biridir. Bu, Azərbaycana öz ordusunu zəruri silah, sursat və texnika ilə təchiz etmək üçün əvəzsiz imkan yaratmışdır.

Zərdab Rayon Gənclər və İdman İdarəsinin əməkdaşı – Kamal Xəlilov

 

Heydər Əliyev idarəetmənin ustadı və siyasətin kamil bilicisi idi

Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə ikinci dəfə hakimiyyətə qayıdışı ilə Azərbaycan  dövlətçiliyi özünün yüksək zirvəsinə çatdı. Azərbaycan xalqı dünya tarixinə neçə-neçə böyük mütəfəkkirlərlə yanaşı, Cavanşir, Babək, Şəmsəddin Eldəniz, Məhəmməd Cahan Pəhləvan, Qızıl Arslan, Uzun Həsən, Şah İsmayıl Xətai, Nadir şah kimi qüdrətli dövlət xadimləri də bəxş etmişdir. Əsrlər keçdikdən sonra – XX yüzillikdə xalqımız daha bir dahi şəxsiyyət yetirdi. Dünyanın Atatürk, Nehru, de Qoll kimi nadir tarixi simaları sırasında Heydər Əliyev şəxsiyyəti öz layiqli yerini tutdu. Zəhmətkeş bir azərbaycanlı ailəsində dünyaya göz açan, min cür maneələrdən, çətinliklərdən keçərək, Yer kürəsinin altıdan bir hissəsini əhatə edən SSRİ kimi nəhəng bir dövlətin rəhbərlərindən biri səviyyəsinə ucalan Heydər Əliyev Azərbaycan tarixinə, həm də, Qurtuluş Mübarizəsinin Qalibi kimi daxil olmuşdur. Misilsiz dövlət xadimi kimi ən mürəkkəb, ən ağır, hətta çıxılmaz hesab olunan vəziyyətlərdən Vətən üçün, doğma xalqından ötrü heç kəsin gözləmədiyi ən yaxşı çıxış yolu tapmaq bacarığı Allahın ona bəxş etdiyi vergidir: Heydər Əliyev Böyük Azərbaycanlıdır. Azərbaycan xalqının, Azərbaycan torpağının misilsiz təəssübkeşi, XX yüzilliyin 90-cı illərində yenidən müstəqilliyə qovuşmuş dövlətçiliyimizin Azərbaycan Respublikasının xilaskarıdır. Bu gün hər bir Vətən övladına gün kimi aydındır ki, əgər XX yüzilliyin sonunda Ulu Tanrı şəxsiyyət və zaman problemini xalqımızın xeyrinə həll etməsəydi, Heydər Əliyev kimi qüdrətli şəxsiyyətimiz olmasaydı, müstəqilliyimizi bu dəfə də qoruyub saxlaya bilməyəcəkdik!

Heydər Əliyev XX yüzilliyin son dərəcə mürəkkəb və ziddiyyətli tarixi şəraitində fəaliyyət göstərmiş dahi şəxsiyyətdir. Azərbaycan tarixinin əlli ildən çox bir dövrü Heydər Əliyev şəxsiyyəti ilə, Onun mübarizə yolu, böyük quruculuq fəaliyyəti ilə sıx bağlıdır. O, Yeni Aərbaycanın qurcucusudur. Heydər Əliyev, bu quruculuğa hələ XX yüzilliyin 50-ci illərindən başlamışdır. O öz xalqının bağından qopub gələn Böyük Aərbaycanlıdır, öz yurdunun, doğma torpağının misilsiz təəssübkeşidir. Heydər Əliyev öz xalqının dahi oğlu olmaqla yanaşı, həm də dünyanın ən qüdrətli tarixi simaları sırasına yüksəlmiş nadir şəxsiyyətdir, ümumdünya tarixinin azərbaycanlı dahisidir. Məhz o zaman – 1993-cü ilin iyun günlərində Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanın qurtuluşunda həlledici dönüş baş verdi. Müdrik siyasətçi bir neçə gedişdən sonra vətəndaş müharibəsi təhlükəsini aradan qaldırdı. Xarici düşmənlərin və onların daxildəki əlaltılarının Azərbaycanı parçalayıb yox etmək, müstəqil dövlətimizi aradan qaldırmaq planı puça çıxdı. Dövlətimizin, xalqımızın tarixi müqəddəratının idarəçilik sükanı dahi dövlət adamının əlinə keçdi. Vətən, millət, bütün xalqımız məkrli düşmənlərin hazırladığı uçuruma yuvarlanmadı, fəlakətdən, ölüm qəzasından yan keçdi. Qurtuluş savaşında qələbəyə doğru dönüş başlandı.

Zərdab Rayon Gənclər və İdman İdarəsinin əməkdaşı  – Bahar Qurbanova

 

Müəllifi Ulu Öndər Heydər Əliyev olan milli ideologiya xalqın birliyini təmin edir

Ötən əsrin əvvəllərində yaranmış kütləvi ideologiyalar atmosferində xalqımız türkçülük və islamçılıq arasında seçim edə bilmirdi. Hətta 1918-ci ildə müstəqilliyini elan etmiş ADR dövründə də dünya azərbaycanlılarını bir hədəf ətrafında birləşdirə biləcək, xalqımızın və dövlətimizin milli maraqlarını müdafiə edəcək ideoloji konsepsiya işlənib hazırlanmamışdı. Xalq Cümhuriyyətinin qurucularından olan Fətəli xan Xoyski, Əlimərdan bəy Topçubaşov, Nəsib bəy Yusifbəyli, milli özünüdərk problemini siyasi müstəviyə qaldırmış Nəriman Nərimanov və başqaları millətimizi milli-mənəvi planda birləşdirə, milli dövlət qurmaq məqsədinə çata bilmədilər. Onlar ümumazərbaycan ideyasını aktuallaşdıraraq Şimali və ya Cənubi Azərbaycan hüdudlarını aşa bilmirdilər. Slavyan xalqları qanunpərəst, gürcülər vətənpərvər, ermənilər daha çox ruslara sadiq xalq kimi tanındığı vaxtda azərbaycanlılara qarşı ögey münasibət bəslənirdi. Amma 1969-cu ildə Azərbaycan rəhbərliyinə gəlmiş Ümummilli lider Heydər Əliyev bu stereotipi təfəkkürlərdən birdəfəlik sildi. Ulu öndər Heydər Əliyevin idarəçiliyi dövründə çoxsaylı azərbaycanlının dövlət işlərinə cəlb olunması nəticəsində xalqımızın ictimai, elmi, ziyalı elitar təbəqəsi formalaşdı. Göründüyü kimi, Ümummilli lider Heydər Əliyev hələ sovet dönəmində xalqımızın, dövlətimizin bütövlüyünü təşkil edən ideologiyanın bünövrəsini qoymuşdu. Ümummilli lider Heydər Əliyev ilkin addım kimi 1991-ci il dekabrın 16-da dünya azərbaycanlılarını vahid məqsəd ətrafında birləşdirmək məqsədində stimul rolunu oynayacaq “Hər il dekabrın 31-də Dünya Azərbaycanlılarının Həmrəylik və Milli Birlik gününün keçirilməsi haqqında” cəsarətli bir qərarı qəbul etdi. Ümummilli lider Heydər Əliyev zəruri vaxtda verdiyi xalqımızın gələcək perspektivlərinə hesablanmış mühüm tarixi qərarı ilə xaricdə yaşayan soydaşlarımızın müstəqil dövlətçiliyimizin inkişafında, dövlət quruculuğu prosesində iştirakını təmin etmişdir. AXC-Müsavat hakimiyyətinin ortaya vahid ideoloji konsepsiya qoya bilməməsi nəticəsində, nəinki, dünya azərbaycanlıları dövlət quruculuğu prosesinə cəlb edilməmişdi, hətta ölkə vətəndaş müharibəsinə sürüklənmişdi. 1993-cü il 15 iyun tarixi bütün azərbaycanlılar üçün Milli Qurtuluş günü olmuşdu. Həmin tarixdən etibarən isə müxtəlif ölkələrə səpələnmiş azərbaycanlıların vahid ideologiya, bir məqsəd ətrafında təşkilatlanması üçün əməli tədbirlər görülməyə və uzunmüddətli perspektivlərə hesablanmış siyasət yürüdülməyə başlanmışdı. Ulu öndər Heydər Əliyevin Azərbaycan Prezidenti kimi rəsmi və işgüzar səfərləri çərçivəsində xaricdə yaşayan azərbaycanlılarla görüşməsi, onların fəaliyyətləri ilə tanış olması, soydaşlarımızı Azərbaycanda investisiya layihələrində iştirak etməyə dəvət etməsi bu istiqamətdə göstərilən diqqətin bariz nümunəsidir. Diaspor nümayəndələri ilə görüşmək, onların Azərbaycana gəlməsini təşviq etmək ənənəsinin əsasını qoyan ilk dövlət başçımız ulu öndər Heydər Əliyev olmuşdu. Prezident seçildikdən üç ay sonra (1994-cü ilin yanvarında) Ümummilli lider Heydər Əliyev Almaniyada yaşayan soydaşlarımızın bir qrupunu qəbul etməklə böyük bir ənənənin əsasını qoymuşdu. Bu görüşün Avropadakı soydaşlarımızın milliictimai fəaliyyətinə təsiri böyük olmuşdu və dövlət-diaspor əlaqələrində yeni mərhələ başlamışdı. Xaricdə yaşayan soydaşlarımız arasında milli birlik ideyalarının gücləndirilməsi məsələsi dünya azərbaycanlılarının 2001-ci il noyabrın 9-10-da Bakıda keçirilmiş birinci qurultayında da Ümummilli lider Heydər Əliyevin diqqət mərkəzində olmuşdu. Qurultayda proqram xarakterli nitq söyləyən dünya azərbaycanlılarının lideri Heydər Əliyev haqlı olaraq bu tədbirin təşkil edilməsini müstəqil dövlətçiliyimizin böyük tarixi nailiyyəti hesab etdiyini bildirmişdi. Tarixdə ilk dəfə olaraq, dünya azərbaycanlılarının vətənimizin paytaxtı Bakı şəhərində belə bir mötəbər qurultaya toplanması məhz ulu öndər Heydər Əliyevin adı və fəaliyyəti ilə əlaqələndirilməlidir. Belə ki, 2001-ci il mayın 23-də xüsusi sərəncam imzalayan Ümummilli lider Heydər Əliyev belə bir qurultayın Bakı şəhərində keçirilməsini zəruri hesab etmişdi. Dünya azərbaycanlılarının, xalqımızın həyatında möhtəşəm tarixi hadisə hesab olunan bu qurulatayda 35 xarici dövlətdə yaşayan həmvətənlərimizin birləşdiyi 200-dən çox müxtəlif təşkilatı təmsil edən 403 nümayəndə və 63 qonaq iştirak etmiş, çıxış edən soydaşlarımız bu mühüm tədbiri ümumxalq bayramı kimi qiymətləndirmişdilər. Ümummilli liderimiz Heydər Əliyevin qeyd etdiyi kimi, “Dünya azərbaycanlılarının ancaq bir vətəni, müstəqil dövləti var, bu, Azərbaycan Respublikasıdır. Biz hamımız da onun ətrafında birləşməliyik”.

Zərdab Rayon Gənclər və İdman İdarəsinin əməkdaşı – Bahar Qurbanova 

 

1993-2003-cü illərdə Azərbaycanın sürətli inkişafı bugünkü reallıqların bünövrəsidir.

Həmin illərdə görülmüş işlər sayəsində Azərbaycan inkişaf yoluna qədəm qoydu, beynəlxalq aləmdə daxili siyasətlə bağlı bütün məsələlərdə öz prinsipial mövqeyini nümayiş etdirdi, dünyada böyük hörmətə malik oldu. Ölkə daxilində başlanan islahatlar dövlətimiz üçün həlledici rol oynamışdır; Ümummilli Lider çox bacarıqlı, son dərəcə təcrübəli dövlət başçısı və yetkin siyasi xadim kimi bu çətin və mürəkkəb vəzifələrin öhdəsindən müvəffəqiyyətlə və böyük ustalıqla gəlmək bacarığı nümayiş etdirdi. Ölkəmizin sistemli şəkildə dünya birliyinə inteqrasiya olunmasında ikitərəfli və çoxtərəfli siyasi münasibətlərin genişlənməsi istiqamətində atılan addımlar mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan Xəzər dənizinin Azərbaycan sektorundakı neft yataqlarının istismarına dair 1994-cü il sentyabrın 20-də imzalanmış “Əsrin müqaviləsi” ölkəmizin dünya dövlətləri ilə qarşılıqlı əlaqələrinin dərinləşməsi və beynəlxalq mövqelərinin möhkəmləndirilməsinə güclü təkan verdi. “Əsrin müqaviləsi” və sonrakı illərdə imzalanmış çoxsaylı neft müqavilələrinin Azərbaycanın dünya birliyinə inteqrasiyasını sürətləndirdi.1993-2003-cü illər ölkəmiz üçün həlledici illər olmuş, məhz həmin illərdə dövlətçiliyimizin möhkəm təməli qoyulmuşdur. O illərdə Azərbaycanın istər daxili, istərsə də xarici siyasətlə bağlı strateji xətti müəyyən edilmiş, Azərbaycan dünya birliyinə qovuşmuşdur. Azərbaycanın beynəlxalq təşkilatlara üzv olmaqla yanaşı, onların işlərində fəal surətdə iştirakı, səmərəli əməkdaşlıq ölkəmizin problemlərini dünya ictimaiyyətinə çatdırmaq üçün mühüm əhəmiyyət kəsb etmişdir. Həmin illərdə çox ciddi islahatlar aparılmış, bazar iqtisadiyyatı prinsipləri üstünlük təşkil etmiş, Azərbaycana böyük həcmdə investisiyaların cəlb olunması geniş vüsət almışdır. Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul edilmiş, siyasi sistem möhkəmləndirilmiş və ölkəmizin uğurlu inkişafı üçün möhkəm zəmin yaradılmışdır. Bu illər ərzində görülmüş işlər hazırda ölkəmizin uğurlu inkişafını şərtləndirmişdir və həmin dövrdə başlanmış layihələr bu gün çox uğurla davam etdirilir.

Zərdab Rayon Gənclər və İdman İdarəsinin – əməkdaşı Bahar Qurbanova 

 

Dünya tarixi sübut etmişdir ki, şəxsiyyətlərin gücü, ağlı, cəsarəti, siyasi iradəsi və müdrikliyi mənsub olduğu xalqın, onun yaratdığı dövlətin həyatında əvəzedilməz rola malikdir

Tarixin yetirdiyi görkəmli şəxsiyyətlərdən olan Ümumilli Lider Heydər Əliyevin parlaq siyasi zəkası bütün sədləri yararaq və qarşıya çıxan heç bir çətinliyə baxmayaraq, Azərbaycanı olduqca mürəkkəb zamanın dalğaları arasından salamat çıxarıb ona həm bölgədə, həm də dünyada layiqli yer qazandırmışdır. Ulu Öndər Heydər Əliyev bir dövlət başçısı kimi Azərbaycanın ən çətin anlarında onu xilas etmək üçün misilsiz fədakarlıqlar göstərmiş, ölkəsini bəlalardan qurtarmağı bacarmışdır. Ulu Öndər Heydər Əliyev eyni zamanda, taleyin xalqımıza bəxş etdiyi böyük tarixi şəxsiyyətdir. O, Azərbaycanın tarixi inkişaf prosesinə təkan vermişdir. Müstəqil Azərbaycan dövlətinin qurucusu kimi milli dövlətçiliyimizin ideya əsasını məhz Ümumilli lider Heydər Əliyev yaratmışdır. Milli liderliklə siyasi liderlik keyfiyyətlərinin bir dövlət adamında birləşməsi bəşər tarixində nadir rast gəlinən unikal haldır. Ulu Öndər bu iki keyfiyyəti ehtiva etməklə bərabər, fəaliyyət göstərdiyi bütün digər sahələrdə də özünü məhz birinci şəxs kimi, lider kimi təsdiq etmişdir. Azərbaycanın müasir tarixi, milli dövlətçiliyimiz bu dahi şəxsiyyətin adı ilə sıx bağlıdır. Ulu Öndərin arzu və ideyaları bu gün onun siyasi varisi, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Xalqımız bütün şüurlu həyatını Azərbaycanın tərəqqisinə həsr etmiş Ümummilli Liderini heç vaxt unutmur və unutmayacaq.

Zərdab Rayon Gənclər və İdman idarəsinin əməkdaşı – Məleykə Hümbətova

 

Ölkənin tarixində yeni inkişaf mərhələsinin təcəssümü olan “Əsrin müqaviləsi”

“Əsrin müqaviləsi” ölkəmizin həyatında yeni bir dövrün başlanğıcı kimi, Azərbaycanın XXI əsrə siyasi və iqtisadi atılışı oldu. Bu müqavilə imzalanan gündən ölkəmizdə müasir neft-qaz və nəqliyyat layihələri realizə edilməyə başlandı ki, həmin layihələr Azərbaycanın enerji təhlükəsizliyini və iqtisadi sabitliyini təmin edir. Əsrin müqaviləsinin  imzalanması Azərbaycanda yeni neft strategiyasının başlanması demək idi. Bu uğurlu strategiya nəticəsində nəinki neft sənayesini əhatə edən sahələr dirçəldi, həmçinin bütün iqtisadiyyatımız inkişaf etdi. Bu baxımdan, neft sənayesinin inkişafı qeyri-neft sektorunun inkişafına da ciddi təsir göstərdi. Ulu Öndər Heydər Əliyevin cəsarəti sayəsində “Əsrin müqaviləsi” imzalanan gündən etibarən Azərbaycanın neft strategiyası, sonra isə enerji diplomatiyası tamamilə ölkəmizin və xalqımızın milli maraqlarına xidmət etdi. Beynəlxalq neft sazişlərinin imzalanması ilə neft sazişlərində iştirak edən şirkətlərin dövlətləri ilə səmərəli və qarşılıqlı faydalı əməkdaşlığın inkişafı üçün əsaslı təməl quruldu və ölkənin dünya iqtisadiyyatına inteqrasiya prosesinin sürətlənməsi üçün şərait yarandı. Artıq bu gün Azərbaycan regionun lider dövlətidir və iqtisadiyyatının inkişafında neft amilinin böyük rolu var. Artıq neftdən əldə olunan gəlir qeyri-neft sektorunun inkişafına yönəldilir ki, bu da ölkə iqtisadiyyatının bütünlüklə çiçəklənməsi deməkdir. Ölkəmizin sürətli iqtisadi inkişafının, sosial rifahın təmin edilməsinin, güclü orduya malik olmağımızın təməlində “Əsrin Müqaviləsi“dayanır. Onu elə buna görə əsrin möcüzəsi adlandırmaq olar.

 Zərdab Rayon Gənclər və İdman idarəsinin əməkdaşı – Məleykə Hümbətova