Bosfora alternativ İstanbul kanalının inşası baş tutacaq

0
404

Türkiyə ilə ABŞ arasında gərginliyin artmaqda davam etdiyi bir vaxtda İstanbul ətrafında yeni kanalın inşası ilə bağlı müzakirələrin tez-tez gündəmə gəlməsi iqtisadi baxımdan heç də yaxşı günlərini yaşamayan ölkə üçün bütün hallarda qeyri-adi görünür. Bosfor boğazına paralel olaraq çəkilməsi nəzərdə tutulan və ona alternativ hesab edilən yeni kanalın  əslində  iqtisadi baxımdan böyük gəlirlər gətirə biləcəyi də şübhə doğurmur. Mərmərə və Qara dənizi birləşdirəcək və ən çılğın layihələrdən biri hesab edilən yeni gəmiçilik  kanalı ilk dəfə 2011-ci ildə o vaxt Türkiyənin baş naziri olan Rəcəb Tayyib Ərdoğan tərəfindən gündəmə gətirildi. O bildirdi ki, Bosfor boğazından gəmilərın keçidi üçün tez-tez problemlər əmələ gəldiyindən və tıxaclar yarandığından əlavə kanalın çəkilməsinə ehtiyac var. İlk vaxtlar Ərdoğanın yeni təklifi müəyyən qədər  inandırıcı təsir bağışlamadı və bunu onun  siyasi imic qazanmaq xatirinə səsləndirdiyi ehtimal edildi. Lakin Ərdoğanın yeni kanalın çəkilməsi ilə bağlı qətiyyətli mövqe nümayiş etdirməsi göstərdi ki, məsələ olduqca ciddidir. Bu müstəvidə də 2013-cü ildə Türkiyə Nəqliyyat Nazirliyi tərəfindən kanalın çəkilməsi ilə bağlı layihə üzərində işə başlanıldı. Layihənin hazırlanması üzərində iş 5 il davam etdi. 2018-ci ilin noyabr ayında kanalın çəkiləcəyi ərazi üzrə ilk qazma işlərinə başlanıldı. Məqsəd kanalın inşasının ətraf mühitə vura biləcək zərəri müəyyən etmək idi. Araşdırmalar zamanı məlum oldu ki, kanalın inşası zamanı ekologiyaya dəyəcək zərər minimum həddədir və ciddi təhlükə doğurmur. 2019-cu il yanvar ayının 16-da isə Türkiyə Nəqliyyat naziri Əhməd Arslan bildirdi ki, yeni kanalın inşası ilə bağlı tender elan ediləcək.

İstanbul adaya çevriləcək

Yeni layihəyə əsasən kanal Bosfor boğazına paralel şəkildə inşa ediləcək. Mərmərə dənizindən başlayacaq kanal Kiçikçəkməcə gölü, Sazlıdərə su anbarı ətrafından keçərək Qara dənizə çıxacaq. Bununla da İstanbul faktiki olaraq ada şəhərə çevrilmiş olacaq. Layihəyə əsasən yeni kanalın uzunluğunun 45 kilometr, eninin 400, dərinliyinin isə 25 metr olması nəzərdə tutulub. Kanalın inşasının 2023-cü ildə başa çatdırılması  planlaşdırılıb. Yeni kanaldan gün ərzində 160 gəminin keçməsi nəzərdə tutulub. Qeyd edək ki, Bosfor boğazından da hər gün 160 gəmi keçir. Ümumiyyətlə isə Bosfor boğazından ildə 53 min gəmi keçir və bu olduqca böyük rəqəm hesab edilir. Yeni kanalın inşası 50 milyard dollara başa gələcək. Türkiyəli mütəxəssislərin fikrincə yeni kanalın inşası nəqliyyat gəmilərinin də işini yüngülləşdirərək onlara Bosfordakı tıxacla bağlı boşdayanmalara itirilən 1,4 milyard dollara qənaət etməyə imkan verəcək. Bundan əlavə yeni nəqliyyat kanalının işə düşməsi Bosfor boğazında neft tankerlərinin qəzaya uğraması, onların hər an hansısa səbəbdən toqquşması təhlükəsini azaltmış olacaq. Həqiqət naminə onu da deyək ki, yeni kanalın çatışmayan cəhətləri də az deyil. Belə ki, Bosforla müqayisədə yeni kanalın dərinliyi və eni daha azdır. Xatırladaq ki,  Bosfor boğazının eni 7000-3700 metr arasındadır. Bosfor boğazının minimal dərinliyi isə 33 metr hesab edilir. Bu baxımdan eni 400, dərinliyi isə 25 metr hesab edilən yeni kanal Bosforla müqayisədə daha az  imkanlara malikdir. Buraya kanalın inşası zamanı gözlənilməz ekoloji problemlərin ortaya çıxa bilməsi ehtimalını da əlavə edəndə onun reallaşdırılmasının nəzərdə tutulduğu kimi  heç də asan olmayacağı dərhal diqqəti cəlb edir. Bundan əlavə dar kanalda da gəmilərin toqquşa bilməsi risqi böyükdür və bu da layihənin mənfi tərəflərindən biri hesab edilməkdədir. Amma  bütün hallarda Bosfor ətrafında yaranan  tıxaclar və vaxtaşırı baş verən iri və xırda qəzalar yeni kanalın inşa edilməsini zərurət kimi ortaya çıxarıb.

Məsələnin digər tərəfini də unutmaq olmaz. Belə ki, Qara dənizi Bosfor və Dardanel boğazları ilə Aralıq dənizinə qovuşduran dəniz nəqliyyatı barədə hüquqi normalar 1936-cı ildə Montre konvensiyası ilə müəyyən edilib. Konvensiyaya əsasən Türkiyə boğazlardan keçən gəmilərdən haqq almaq hüququna malik deyil. Yalnız gəmi bələdçiləri və naviqasiya xidmətlərinə görə, Türkiyəyə müəyyən, çox da böyük olmayan haqq ödənilir. Yəni faktiki olaraq Bosfor və Dardanel boğazlarından keçid Türkiyəyə iqtisadi baxımdan heç bir gəlir gətirmir. Üstəlik neft daşıyan tankerlərdən hər hansı birində  baş verəcək partlayış İstanbulun  sahilboyu mülki və yaşayış evlərinin havaya uçmasına, böyük dağıntılara gətirib çıxara bilər. Ona görə də yeni kanaldan istifadə təbii ki, pullu olacaq. Yeni kanaldan istifadə edəcək gəmilərdən alınacaq haqq onların yükgötürmə qabiliyyətindən asılı olacaq. Məsələn, Süveyş kanalından istifadə zamanı gəmilərdən hər ton yükə görə 8-12 dollar alınır. Bu da orta çəkili yük gəmiləri üçün bir keçidin təxminən 160 min dollara başa gəlməsi deməkdir. Yeni kanala çəkiləcək xərclərin isə 15 ildən sonra çıxacağı və  gəlir verəcəyi gözlənilir. Yəni yalnız 15 ildən  sonra yeni kanal hər il Türkiyənin xəzinəsinə on milyonlarla dollar gəlir gətirməyə başlayacaq.

Yeri gəlmişkən onu da deyək ki, Türkiyə dinc dövrdə mülki və hərbi gəmilərin boğazlardan keçidinə mane ola bilməz. Lakin müharibə başlayacağı təqdirdə Türkiyə boğazlardan keçidlə bağlı müəyyən qadağalar qoymaq hüququna malikdir. 1994-cü ildə Türkiyə boğazlardan keçidlə bağlı yeni qaydalar tətbiq etməyə başladı. Həmin qaydalarla əsasən  boğazlardan keçidi tənzimləmək məqsədi ilə Türkiyə uzunluğu 150-200 metr olan gəmilərdən tələb etdi ki,  boğaza yaxınlaşmazdan bir gün öncə hökumət orqanlarına bu barədə xəbərdarlıq etsin. Uzunluğu 200-300 metr olan gəmilər isə boğazlara yaxınlaşmazdan 48 saat əvvəl bu barədə Türkiyənin müvafiq qurumlarına məlumat verməlidirlər. Bundan da məqsəd gəmilərin boğazdan keçməsini tənzimləməkdir.

 Yeni kanalın istifadəyə verilməsi şübhəsiz ki, daha çox gəmilərin oradan keçməsinə və eyni zamanda Avropa ilə Asiya, o cümlədən Çin  arasında  ticarət dövriyyəsini on dəfələrlə artırmağa imkan verəcək. Yeni kanalın istifadəyə verilməsi həmçinin Rusiya və Ukraynanın Qara dəniz sahillərindəki liman şəhərlərinin fəaliyyətinin daha da canlanmasına, onların beynəlxalq  səviyyədə mühüm port şəhərlərinə çevrilməsinə  imkan verəcək. Yeni kanalın inşası barədə xəbər Ukraynada xüsusi sevinclə qarşılanıb. Ukraynada belə hesab edirlər ki, Bosfor boğazından keçə bilməyən iri həcmli ABŞ hərbi aviasiya gəmiləri yeni kanal inşa ediləndən sonra asanlıqla Qara dənizə daxil olmaq imkanı əldə edəcək. Lakin Montre anlaşmasına görə, istənilən halda 15 min ton yük qabiliyyətindən artıq olan hərbi gəmilərin Qara dənizə daxil olması qadağan edilib. Ona görə də yeni kanalın inşasından sonra belə ABŞ-ın hərbi aviasiya gəmiləri Qara dənizə daxil ola bilməyəcəklər.

 Əlbəttə yeni kanalın inşasının 2023-cü ildə başa çatdırılıb-çatdırılmayacağının özü də hələlik sual altındadır. Çünki, bunun üçün Türkyənin maliyyə imkanları kifayət qədər yoxdur. Xarici şirkətlərin, o cümlədən beynəlxalq bankların yeni kanalın inşası ilə bağlı maliyyə vəsaiti ayırıb-ayırmayacağı da hələlik məlum deyil. Nəhayət kanalın xərclərinin 15 ildən sonra çıxarması da xarici şirkətləri və beynəlxalq bankları qorxuda bilər. Buna paralel olaraq bölgədə vəziyyətin qeyri-sabit olması da kanalın inşasına xarici sərmayə qoymasına mane ola bilər. Buraya ABŞ-la Türkiyə arasında S-400-lərə görə əmələ gələn gərginliyi də əlavə edəndə bu amilin xarici şirkətlərin kanalın inşasına sərmayə qoyması yolunda ciddi əngələ çevrilə biləcəyi də istisna edilmir. Əgər ABŞ S-400-lərə görə Türkiyəyə daha geniş şəkildə sanksiyalar tətbiq etsə, onda xarici şirkətlərin yeni kanalın inşasında iştirak etməkdən  imtina edəcəkləri də şübhə doğurmur. Yəni bütün hallarda Mərmərə dənizini Qara dənizlə birləşdirəcək yeni kanalın inşası ilk növbədə bölgədə və Türkiyə ətrafında hadisələrin hansı istiqamətdə inkişaf etməsindən asılı olacaq.

Əziz Mustafa

Arazinfo.com