Bolqarıstanlı türk şair: “Azərbaycan olmasaydı, Bolqarıstan türkləri əriyib gedərdi” – MÜSAHİBƏ

0
794

1950-90-cı illər arasında Bolqarıstanın ictimai-mədəni həyatının önəmli nümayəndələrindən olmuş şair Durhan Hatipoğlunun Kulis.aza müsahibəsi

 

– Azərbaycanlı mütəxəssislərin Bolqarıstan türklərinin həyatında oynadığı roldan danışaq.

 

– 1877-1944-cü illər arasında Bolqarıstanda yaşayan 2,5 milyon türk azlıq tamamilə cahil vəziyyətdə qalmışdı, qorxunc cəhalət vardı, 100 nəfərdən 1-2 nəfəri oxumuşdu. Kommunistlər iqtidara gələndə xalqı öz tərəfinə çəkmək üçün “Biz hamımız bərabərik” – desələr də, türk əhalisinin təhsili üçün heç bir iş görmədilər. 1950-ci ildə Türkiyəyə miqrasiya başlayanda bolqar dövlətinin ağlı başına gəldi. Stalin də bunu görərək bəzi tədbirlərə əl atmaq məcburiyyətində qaldı. Çünki o vaxt Bolqarıstan türkləri sosialist blokunun cənub sərhədində yaşayırdılar, onlar sosializmin tərəfinə keçirmək lazım idi. Türkiyəyə miqrasiya başlayınca zavodlar dayandı, kənd təsərrüfatı iflic oldu, Bolqarıstan iqtisadiyyatı  çökdü. Stalin Çervenkovu çağırıb “İqtisadiyyatınız iflic olur, siz bu miqrasiya sazişini necə imzalayarsınız?” – demişdi. Miqrasiyanın qabağını almaq üçün Moskvadan Nazim Hikməti göndərdilər, təbliğata başladılar. Stalinin əmri ilə türklərin təhsil səviyyəsinin yüksəldilməsi qərarlaşdırıldı. Ancaq müəllim yox idi, Stalinin əmri ilə azərbaycanlı pedaqoqlar gəldi. Türkiyə sevgisi Azərbaycan sevgisinə döndü. Çox maraqlıdır. İnsanlar gördülər ki, azərbaycanlılar da türkdür, ancaq onların mədəni səviyyəsi daha yüksəkdir. 1955-ci ildə Azərbaycandan böyük bir ədəbiyyat-mədəniyyət heyəti gəldi: Səməd Vurğun, Rəsul Rza və başqaları ilə birlikdə teatr artistləri, müğənnilər Kırcaaliyə gəldilər. Ətraf kəndlərimizdə bunu eşidən insanlar Kırcaaliyə axın etdilər. On minlərlə insan gəlmişdi. Kolxozun yük maşınlarından biri dərəyə aşmışdı, 6 insanımız həlak olmuşdu. Bu gün də o dərənin adı “Azərbaycan dərəsi”dir. Sevgini görürsənmi? Bolqarıstan türklərinin üzlərini Türkiyədən çevirmək üçün Stalin Azərbaycan türklərini göndərdi. Bunu çox insan bilmir, qəsdən edilən bir iş olsa da, bizim üçün böyük bir fürsət idi. Xatırlayıram, Maarif Nazirliyində nazirin baş müşaviri Ələkbərov adlı bir azərbaycanlı müəllim idi. Onu Stalinin göndərdiyi bir kadr kimi gördükləri üçün Ələkbərov istədiyi hər işi görürdü, türk məktəblərinə istədiyi qədər pul ayırtdıra bilirdi. Ona qarşı heç bir reaksiya göstərə bilmirdilər. Azərbaycandakı milli oyanış prosesi Türkiyədən əvvəl başlayıb, bunun səbəbi Azərbaycanın yetişdirdiyi böyük dühalardır. Bir Axundovu təsəvvür edin, Sabiri təsəvvür edin. Onlar olmasaydı…

 

– Şərq oyanmazdı…

 

– Xüsusilə, Azərbaycan xalqı oyanmazdı. Azərbaycan xalqı Anadoludakı türklərdən əvvəl oyandı. Onların mədəni səviyyəsi Anadoludan çox üstündür. Bunda klassik rus ədəbiyyatının və mədəniyyətinin də böyük təsiri var. Mən Axundovu oxuyanda bunu hiss edirəm. Türkiyədə aydın təbəqə Atatürkün inqilabları sayəsində meydana çıxıb, Azərbaycanda isə mədəniyyət öz dinamikasıyla inkişaf edərək indiki səviyyəyə yüksəlib. Mən bu fərqi Bolqarıstan türkləriylə Anadolu türkləri arasında da görürəm. Azərbaycan xalqı bunu bilməlidir.

 

– Kırcaalidəki türk teatrlarında müdir olanda hər ilin repertuarına Azərbaycandan əsər daxil etdiyinizi bilirəm. Kimlərin əsərləriydi, o əsərləri necə əldə edirdiniz?

 

– Bizdən əvvəl Bolqarıstan türklərinin ədəbiyyatı yox idi. Şipka meydan müharibəsindən sonra ziyalılar Anadoluya qaçıb, biz ədəbiyyatsız qalmışıq. Yeni dönəmi biz başlatdıq. Mən ilk şeirlərimi yazarkən ən çox Səməd Vurğunu oxuyurdum. Müəllimlər mənə Bakıdan kitablar gətirirdilər. Onları oxuyaraq yetişdim. Səməd Vurğun heca vəzninin güclü şairidir, Rəsul Rzanı oxuyanda orda klassik şeirin qaydalarına riayət edilmir. Ancaq mən dərindən analiz edəndə gördüm ki, Rəsul Rza da şeirin qaydalarına həssaslıqla riayət edən qələm ustasıdır. Gördüm ki, sərbəst vəzndə şeir yazmaq daha çətin imiş. Rəsul Rzanın şeir texnologiyası daha üstün imiş. 1951-də Nazim Moskvaya getdi, onun şeirlərini oxumağa başladıq. Ancaq bizim yetişməyimizin təməlində Azərbaycan mədəniyyəti var. Sanki mən Azərbaycan mədəniyyətiylə əmizdirilmişəm. Teatrda müdir olandan sonra…

 

– Neçənci ildə müdir oldunuz?

 

– 1964-cü ildə müdir oldum. Məndən əvvəlki müdirlər repertuara bolqar və yunan klassiklərini daxil ediblər, öz əsərlərimiz yoxdur. Bizim mədəniyyətimizə uzaq olan əsərləri xalqımız qəbul etmirdi. Biz tamaşaya qoyurduq, ancaq millət həzm edə bilmirdi. Rusların güldüyü bir şeyə biz gülə bilmirik, hər millətin özünə görə mədəniyyət kodları var. Sınaq üçün “Arşın mal alan”ı türkcəyə tərcümə etdim. Gördüm ki, millət onu öz əsəri kimi alqışlayır. Xalq əsəri düzgün dərk etdi. Daha sonra “O olmasın bu olsun”u tamaşaya qoyduq. Yaxşı komediya aktyorlarımız vardı, onlar səhnəyə çıxan kimi millət qəhqəhə çəkirdi…

 

– Onlar teatrın aktyorları idi, yoxsa kənardan həvəskar kimi dəvət edirdiniz?

 

– Bəziləri artistlik oxumuşdu, bir qismini müsabiqə yoluyla işə qəbul etmişdik. Xalqın içindən çıxanlar ən komik insanlar idi, onlara baş rolları verirdik. Məşədi İbadı Səlim oynayırdı, Səlim səhnəyə çıxıb ağzını açmadan millət qəhqəhə çəkərdi. “Durna” pyesini də tamaşaya qoymuşduq. 3 əsər 4-5 il repertuarımızda qaldı, xalq istəyirdi. Başqa pyeslər də vardı, ancaq xalq onlara gəlmirdi, bunlara isə gəlirdi, biletlər 1 həftə əvvəl qurtarırdı. Türk yazarlarının əsərlərinin Bolqarıstana girməsini Kommunist Partiyası qadağan etmişdi, 1 kitaba görə 7-8 il həbsdə yatanlar olmuşdu. Sofiya radiosunda işləyən Mariya adlı qadın dostum vardı, Türkiyədən gəlmişdilər. Ondan bir türk yazarının komediyasını tövsiyə etməsini istədim. Aziz Nesinin “Toros canavarı” pyesini tövsiyə etdi. Silistreli Recep Sadık adlı rejissor vardı. Pyesi ona göndərdim. Axşam oxuyubmuş, səhər mənə zəng etdi ki, gəlirəm. Bütün elanları vermişdik, 1 həftə sonra ilk tamaşa olacaqdı. Kommunist Partiyasından bir qadın mənə zəng etdi ki, tamaşanı təxirə salın. Vəziyyəti Recep abiyə dedim, çox əsəbiləşdi. O gecə qatara minib, səhər Sofiyada Mədəniyyət Nazirliyində oldum. Nazir tələbə dostum idi. Liftin qabağında qarşılaşdıq, məsələni danışdım, dedi ki, mənim otağıma çıx, gəlirəm. Nazir pyesin ilk tamaşasının olmasını əmr etdi. Sonradan öyrəndim ki, Aziz abiyə Türkiyə Kommunist Partiyasına üzv olmağı təklif ediblər. O da deyib ki, mən Kommunist Partiyasına üzv olmasam, yaxşı insan olmayacağam? Aziz abi Moskvadan qayıdanda oteldə radiodan bizim reklamları eşidib. Onun məqsədi Sofiyada çıxmış kitablarını alıb Türkiyəyə getmək imiş, reklamı eşidəndə deyib ki, əsərimin tamaşasını görmədən getmərəm. Bir polis məmuru oteldə Aziz abiyə deyib ki, sənin əsərinin ilk tamaşası təxirə salınıb, onun üçün gözləmə, Türkiyəyə get. Aziz abi Kapıkule sərhəd məntəqəsindən Türkiyəyə girən kimi əsərin ilk tamaşasına icazə verdilər. Buna ağlayarsan, yoxsa gülərsən?

 

Azərbaycanlı qardaşlarımız gələndə türklər Kırcaaliyə necə axın etmişdilərsə, qorxublar ki, Aziz abi gələndə də ətraf bölgələrdəki türklər yenə bizə axın edəcəklər. Tamaşa barədə Aziz abiyə məlumat verəndə gözləri yaşarıb, mənə 6 səhifə məktub yazmışdı. “Durhan qardaşım, bolqarlar məni aldatdılar, oyun oynadılar, öz  əsərimin Bolqarıstandakı türk teatrında tamaşasını görə bilmədim” – deyə. Aziz abi öz əsərlərinin tamaşaya qoyulmasını görmədi, mən gördüm. İndi onun əsərlərini bolqar teatrları tamaşaya qoyur. Türkiyə qapısı bizə bağlı ikən Azərbaycan türklərinin qapısı bizə açıq idi, o qapı olmasaydı, Bolqarıstan türkləri əriyib gedərdi, o mədəniyyəti almasaydıq, bu müqaviməti də göstərə bilməzdik.

 

– Nazim Hikmət Bolqarıstan idarəçilərinə “Siz sosialist yox, faşistsiniz, buradakı türkləri assimilyasiyaya məruz qoyursunuz” – deyibmiş. O barədə məlumatınız varmı?

 

– Nazim ilk dəfə 1951-ci ildə bizim bölgəyə gələndə pərişan vəziyyətə düşür. Çünki biz türkləri elmdən, təhsildən, mədəniyyətdən məhrum etmişdilər. Getdiyi hər yerdə bu rəzalətləri görür. Böyük şairin arzuları da böyükdür. Moskvaya qayıdandan sonra Stalinə məktub yazaraq Bolqarıstan türklərinin durumunu izah edib, tədbirlər görülməsini istəyib. Nazimin raportundan sonra Stalin türkcə məktəblər açıb, Azərbaycandan müəllimlər göndərib. 1957-ci ildə Nazim Varnaya istirahətə gələndə mən ona çox yaxın idim. Onun Varna şeirlərini ilk dəfə jurnalda mən çap etmişəm. O vaxt artıq Nazim abidə o həyəcan qalmamışdı. Nazim kommunizmin çirkin üzünü görməyə başlamışdı…

 

– 1956-da “İvan İvanoviç var idi, yox idi?” pyesini yazandan sonra Moskva ondan üz döndərmişdi.

 

– Qırılma nöqtəsi orada başlayır…

 

– O vaxt neçə yaşınız vardı?

 

– 19 yaşında idim, Nazim abi məni oğlu Mehmetin əvəzinə sevirdi.

 

– Varnada Əkbər Babayev də yanında idimi?

 

– O vaxt Əkbər yox idi, daha sonra mən Əkbərlə dəfələrlə Moskvada görüşdüm. Bolqarıstan Yazıçılar İttifaqının sədri Şepilov Nazim abinin başına ağıl qoymaq istəyəndə Nazim abi demişdi ki, Şepilov bu işdən anlamaz, görəcəksiniz, ömrü uzun olmayacaq. O cür də oldu, Nazim Varnada ikən Şepilovu işdən çıxardılar. Bolqarlar artıq bizim Nazimlə görüşməyimizdən qorxurdular, çünki Nazim bizə düzgün yol göstərirdi. Türkiyədən qaçan yazarlar Fahri Erdinç, Fahri Yalmaç da bolqarlar üçün təhlükəli görünürdü, onlarla görüşməyimizə əngəl törədirdilər. Məni neçə dəfə hədələdilər ki, o insanlarla görüşsən, səni universitetdən qovarıq.

 

– 1957-ci ildə Nazim Hikmət ilə Bakı Universitetində görüş keçirilir, ədəbiyyat fakültəsinin dekanı professor Əli Sultanlı “türk şeirinin Prometeyi bizə qonaq gəlib” – deyir. Universitetdə oxuyan Bolqarıstan türkləri Nazimin şeirlərini oxuyurlar…

 

– Orada Nazimlə qucaqlaşan türk qızı azərbaycanlı bir oğlanla evlənərək onu Kırcaaliyə gətirdi. Zəbi bəy Kırcaalidə vəfat etdi. O görüş barədə mənə özləri danışmışdılar. Qızlardan biri sevgili Sebilə, o biri Ləman olub. Ləman mənim şagird yoldaşım idi. O birini xatırlamıram. Kommunizm ideologiyası, xüsusilə, 1950-ci illərdən sonra şovinizmə xidmət etdi. Xalqlar bunun yalan olduğunu gördülər.

 

– Azərbaycan şifahi ədəbiyyatının – “Kitabi Dədə Qorqud” başda olmaqla –  süjetləri və nümunələrinə Balkan ölkələrinin şifahi ədəbiyyatında tez-tez rast gəlmişik…

 

– Onu deyəcəkdim. Oğuz türkləri, azərbaycanlılar, eynilə Dədə Qorqudun nəvələridir. Bolqarıstan türklərinin ləhcəsi eynilə Azərbaycan ləhcəsidir. Ona görə Bakıdan gələn müəllimlər bizim bölgələrdə sıxıntı çəkmədilər. İndi Trakiya, Egey və Aralıq dənizi sahillərindəki türklər Balkanlardan oralara gediblər,onların hamısı zehni açıq türklərdir. Bu baxımdan biz  özümüzü Azərbaycana çox yaxın hiss edirik. Bizim zehinlərimizi heç kim qapada bilməz.

 

– “Kitabi-Dədə Qorqud”un izlərini Balkanlarda axtararaq ciddi elmi əsərlər yazan professor Pertev Naili Boratavı tanıyırdınızmı?

 

– Mən Pertev Naili Boratavı 3 gün öz  evimdə qonaq saxlamışam. Şifahi xalq ədəbiyyatını toplayırdı, kəndləri gəzdirdim. Ona mən də müasir bir lətifə danışdım, çox güldü. Pertev abi Parisdən gəlmişdi, çiynindəki çantada  diktofon vardı, çox şey yazdı. O vaxt mənim işlərim ağır idi, 3 teatrın müdiriydim. 1965-ci il idi.

 

– Azərbaycana nə sözünüz var?

 

– Mən Azərbaycan xalqına çox inanıram. Azərbaycan xalqının demokratiyanı, sivilizasiyanı, dünyəviliyi kitabdan yox, təməldən öyrəndiyinə inanıram. Müstəqillik əldə etmək üçün çox qurban verib. Azərbaycan xalqı bütün problemlərin öhdəsindən gələcək. Türkiyədə isə vəziyyət daha çətindir. “Dindar və kindar nəsil yetişdirmək” cəhdlərinin Türkiyəyə böyük sıxıntılar yaradacağından qorxuram…

 

Mais Əlizadə

 

BIR CAVAB BURAXIN