Lap beşikdə, bələkdə
Eşitdik bu qarğışı:
“Gəzməyə qürbət ölkə,
Ölməyə vətən yaxşı…”.
Bir qürbət ölkə gəzmək
Düşmədi payımıza.
Bu vətəni kəfəntək
Ölçdülər boyumuza.
Qayçıtək Arazı da
Aralığa qatdılar.
Bu kəfəni bir az da
Kəsdilər, qısaltdılar.
Kimin əli çıxdısa,
Kimin dili çıxdısa
bu kəfənin altından,
Əlini də kəsdilər,
Dilini də kəsdilər
bu vətənin adından.
…Bu kəfəni bir aç-bax;
hələ diriyik, Allah!
Bu kəfəndən ağappaq
bizə köynək tik, Allah!
Biz də bəndənik axı,
Bizə nə dərd, nə qəm ver.
Ölməyə yox, ilahi,
Yaşamağa vətən ver!.