Biz artıq regionda sülhə, təhlükəsizliyə və əmin-amanlığa nail olunmasında maraqlıyıq

0
1523

Biz artıq regionda sülhə, təhlükəsizliyə və əmin-amanlığa nail olunmasında maraqlıyıq

Anım gününün qeyd olunması, Qələbə münasibətilə medal və ordenlərin təsis olunması, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın mənəvi diqqəti və qayğısı, xəstəxanalarda, reabilitasiya mərkəzlərində müharibədə xəsarət almış şəxsləri şəxsən ziyarət etmələri Vətən müharibəsi iştirakçılarına olan ali diqqətin təcəssümüdür. Qazilərə və şəhid ailələrinə xüsusi qayğının göstərilməsi bu gün də dövlətimizin sosial siyasətinin əsas istiqamətlərindən biridir. Ümumilikdə indiyədək 10 mindən artıq şəhid ailəsi, müharibə əlili dövlət tərəfindən mənzillərlə təmin edilmiş, müharibə əlillərinə 7 mindən çox minik avtomaşını verilmiş və digər sosial yardımlar göstərilmişdir. Bundan sonra da Azərbaycan bir çox istiqamətlərdə olduğu kimi, şəhid ailələrinə və müharibə veteranlarına dövlətin diqqət və qayğısı sahəsində də dünya miqyasında öz modelini ortaya qoyaraq nümunəvi olmağa davam edəcək.

Biz artıq regionda sülhə, təhlükəsizliyə və əmin-amanlığa nail olunmasında maraqlıyıq. İkinci Qarabağ müharibəsi qurtaran kimi Ermənistanla sülh müqaviləsinin bağlanmasını və sərhədlərin delimitasiyasına başlamağı təklif edən ilk Azərbaycan olub. Daha sonra biz öz mövqeyimizi artıq bütün dünya ictimaiyyətinə də yaxşı məlum olan sülh müqaviləsinin bağlanmasının 5 prinsipi ilə daha da dəqiqləşdirdik. Ermənistan isə həmin prinsiplərə etiraz etməmişdi, əslində, Ermənistanın beynəlxalq hüquqa əsaslan bu prinsiplərə etiraz etmək haqqı da yoxdur. Lakin sentyabrın 12-dən başlanan erməni təxribatı bir daha göstərdi ki, bizim nə qədər ki, Ermənistan kimi məkrli qonşumuz var, hər zaman müharibəyə, təxribatlara hazır olmalıyıq. Azərbaycan Ordusu hər zaman düşmənə cavab verməyə hazır olmalıdır, “Dəmir yumruq” yerində olmalıdır və yerindədir!

Vətən müharibəsi dövründə özünün ən yüksək həddinə çatmış xalq-iqtidar-ordu birliyi bu gün də öz möhkəmliyini qoruyub saxlayır, hətta bu birlik daha da güclənib, möhkəmlənib. Çünki Azərbaycan xalqı da şahid olur ki, Ermənistan ilə aparılan siyasi-diplomatik danışıqlara, Ermənistanın sözünə, imzasına arxalanmaq olmaz. Ermənistan sülh danışıqları prosesindəki məsuliyyətsiz hərəkətləri və son təxribatı ilə Azərbaycan qarşısında etimadını tamamilə itirmişdir. Hətta Ermənistan nəinki Azərbaycan qarşısında etimadını itirmiş, erməni cəmiyyəti daxilində baş qaldırmış parçalanmalar və qütbləşmələr Ermənistanın öz müstəqil dövlətçiliyini şübhə altında qoymuşdur. Belə bir qeyri-stabil və işğalçı dövlətlə qonşu olduğumuz üçün bizim şəhidlərimizin qanı bahasına əldə etdiyimiz Qələbəmizi qorumaq, dövlət sərhədlərimizin təhlükəsizliyini qorumaq, Ermənistanla sərhəd rayonlara köçürüləcək vətəndaşlarımızın həyat və sağlamlığını qorumaq üçün harada yerləşməsindən asılı olmayaraq təhlükə doğuran legitim hərbi hədəfləri məhv etmək və sərhəddə təhlükəsizlik zolağı yaradılmasını tələb etmək də daxil olmaqla, bütün müdafiə vasitələrindən istifadə etməyə haqqımız çatır.

 

Gülnaz Məmmədova – Zərdab Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin işçisi