Bişkek ATƏT-lə qarşıdurma yolu seçdi

0
652

 

Qırğızıstanda qarşıdan gələn ölkə konstitusiyasına növbəti referendum ərəfəsində Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı ilə münasibətlər gərginləşməyə başlayıb. Buna səbəb isə Qırğızıstan Xarici İşlər Nazirliyi tərəfindən ATƏT-in ölkənin paytaxtı Bişkek şəhərindəki regional mərkəzinin səlahiyyətlərinin azaldılmasına yönələn addım atması olub. Belə ki, Qırğızıstan XİN-nin qəbul etdiyi qərara əsasən ATƏT-in Bişkekdəki regional mərkəzi adı çəkilən qurumun proqram ofisinə çevriləcək. Bu isə ATƏT-in regional mərkəzinin səlahiyyətlərinin kifayət qədər azaldılması və onun bölgədəki fəaliyyətinin məhdudlaşdırılması anlamına gəlir. Bundan sonra ATƏT-in proqram ofisi ölkə rəsmilərinin razılığı olmadan hər hansı bir tədbir keçirə bilməyəcəklər. Bununla bağlı Qırğızıstan XİN hələ ötən ayın 29-da ATƏT rəhbərliyinə nota göndərsə də, adı çəkilən qurum rəsmiləri problemi sakit halda həll edəcəklərinə ümidlər bəsləyirdilər. Düzdür, qırğız tərəfi bu addımın ATƏT-lə əməkdaşlığın daha çevik şəkildə aparılmasına və ikitərəfli fəaliyyətin təkmilləşdirilməsinə xidmət etdiyini vurğulayıb. Bununla bağlı müvafiq əməkdaşlıq layihəsi də hazırlanıb və ölkə rəhbərliyi tərəfindən də bəyənilib. Yaxın günlərdə Vyanaya səfər edəcək Qırğızıstan nümayəndə heyəti həmin layihəni ATƏT sədrinə təqdim edəcək və bununla bağlı onlar arasında ikitərəfli əməkdaşlıq məsələləri müzakirə ediləcək. Lakin ATƏT ekspertləri və eləcə də beynəlxalq müşahidəçilər Qırğızıstanın atdığı son addımları ATƏT-lə Bişkek arasında əmələ gələn münasibətlərdə yeni qalmaqal və gərginlik kimi dəyərləndirirlər. Belə bir fikir vurğulanır ki, söhbət faktiki olaraq Qırğızıstanla ATƏT arasında əməkdaşlığın hansısa dərəcədə genişləndirilməsi və ikili fəaliyyətlərin təkmilləşdirilməsindən deyil, beynəlxalq qurumun regional mərkəzinin fəaliyyətinin məhdudlaşdırılmasından gedir.

Bu isə faktiki olaraq ATƏT-lə Qırğızıstan arasında yeni gərginliyin əmələ gəlməkdə olduğunu göstərir. Əgər tərəflər ATƏT-in regional mərkəzinin fəaliyyətinin olduğu kimi qalması barədə razılığa gələ bilməsələr, onda bu, onlar arasında siyasi qalmaqala gətirib çıxaracaq.

Günah ATƏT-dədirmi?

Qırğızıstanın ATƏT-in fəaliyyətini məhdudlaşdırmağa xidmət edən addımlar atması əslində təsadüfi deyil. Belə ki, bu ilin sentyabr ayının 20-də ATƏT Bürosunun Varşavada keçirilən illik toplantısında qırğız insan hüquqları müdafiəçisi Kadırjan Batırov çııxş edərək ölkə konstitusiyasına edilməsi nəzərdə tutulan dəyişiklikləri və ölkədəki qanunsuzluqları kəskin şəkildə tənqid etdi. Batırovun bu çıxışı isə ATƏT Bürosu tərəfindən Qırğızıstanda insan hüquqlarının pozulması və Konstitusiyaya ediləcək dəyişikliklərin ölkəni idarə edənlərin maraqlarına xidmət etməsi kimi dəyərləndirildi. Məhz Batırovun belə bir çıxışı ATƏT rəsmiləri tərəfindən Qırğızıstanda insan hüquqlarının pozulması barədə hay-küy qaldırmasına yol açdı. Təbii ki, ölkə rəhbərliyinin fəaliyyətinin sərt şəkildə tənqid edilməsinə və Qırğızıstanda insan hüquqlarının pozulması barədə ATƏT Bürosunun son toplantısında söylənilən fikirlərə Atambayev rejimi birmənalı yanaşa bilməzdi. Məhz bu da Qırğızıstan tərəfini hərəkətə keçməyə və Kadırjan Batırovun Varşavadakı çıxışı ilə bağlı sərt addımlar atmağa məcbur etdi. Qırğızıstan XİN dərhal ATƏT Bürosunun son iclasında səslənən ittihamlarla əlaqədar adı çəkilən quurm rəhbərliyinə etiraz notası göndərdi. Etiraz notasında Batırovun Varşavadakı toplantıdakı söylədiklərinin hər hansı bir əsasa söykənmədiyi və bunun əsassız olduğu vurğulanır. Bundan əlavə notada qeyd edilir ki, ATƏT Demokratik İnstitutlar və İnsan Hüquqları Bürosu ağır cinayətlərdə günahlandırılan və İnterpol xətti ilə beyənlxalq axtarışda olan Kadırjan Batırova toplantıda çıxış etmək üçün şərait yaratmaqla beyənlxalq hüquq normalarını kobud şəkildə tapdalayıb. Qırğızıstan XİN ATƏT Bürosunun bu hərəktini ölkədə sabitliyi və əmin-amanlığı pozmaq və təxribata əl atmaq cəhdi kimi dəyərləndirib və belə hallar təkrarlanacağı təqdirdə adı çəkilən qurumla əməkdaşlığı dayandıra biləcəyi barədə qarşı tərəfə xəbərdarlıq edib.

Qalmaqal böyüyür

Kadırjan Batırovla bağı Qırğızıstanla ATƏT arasında əmələ gələn gərginlik və qalmaqal isə böyüməkdə davam edir. Bunu Qırğızıstan Xarici İşlər naziri Erlan Abdıldayevin BMT Baş Assambleyasının 71-ci sessiyası çərçivəsində ATƏT Baş katibi Lamberto Zanyeri ilə görüşünün olduqca gərgin keçməsi də sübut edir. Erlan Abdıldayev Lamberto Zanyeriyə bildirib ki, ATƏT Demokratik İnstitutlar və İnsan Hüquqları Bürosu Batırovu son toplantısına dəvət etməklə və ona çıxış etmək imkanı verməklə faktiki olaraq Qırğısıtan tərəfindən cinayətkar elan edilən və İnterpol tərəfindən axtarışda olan caniyə himayədarlıq edib. O bununla bağlı ATƏT Baş katibinə sərt şəkildə etiraz edərək bunu ATƏT Demokratik İnstitutlar və İnsan Hüquqları Bürosu tərəfindən cinayətkarların müdafiə edilməsi və ölkəyə qarşı təxribata baş vurulması cəhdi adlandırıb. Erlan Abdıldayev Lamberto Zanyeridən ATƏT Demokratik İnstitutlar və İnsan Hüquqları Bürosunun Qırğızıstana qarşı təxribatına son qoymasını tələb edib və əks halda qurumla əməkdaşlıqdan imtina edəcəklərini qarşı tərəfin diqqətinə çatdırıb.

Bəs Kadırjan Batırov kimdir?

Kadırjan Batırov etnik baxımdan Qırğızıstanda yaşayan özbəklərin nümayəndəsidir. O vaxtı ilə Qırğızıstan parlamentinin (Joqorku Keneş) deputatı olub. 2010-cu ilin iyun ayında Qırğızıstanda etnik özbəklərlə qırğızlar arasında baş verən və çox sayda insanların ölümünə səbəb olan toqquşmalarda Batırovun fəal iştirak etdiyi iddia edilir. Qırğızıstan hökuməti separatçı hərəkətlərinə görə Batırova qarşı cinayət işi qaldırdı. Öz növbəsində Cəlalabad şəhər məhkəməsi həmin dövrdə artıq ölkəni tərk etməyə müvəffəq olan Kadırjan Batırovu əmlakı müsadirə olunmaqla qiyabi olaraq ömürlük həbs cəzasına məhkum etdi. Batırov isə məhkəmə hökm çıxarana kimi İsveçdə siyasi sığınacaq almağa nail olmuşdu. Həmin dövrdə Qırğızıstanda baş verən etnik toqquşmalara münasibət isə ATƏT-də qırğızların xeyrinə olmadı. ATƏT o dövrdə baş verən etnik toqquşmalara görə birbaşa Qırğızıstan hökumətini təqsirləndirmiş və hüquq-mühafizə orqanlarını münaqişənin qarşısını almaq əvəzinə onu daha da körükləməkdə günahlandırmışdı. Yeri gəmişkən onu da xatırladaq ki, Batırovla bərabər ölkədə qırğız-özbək etnik münaqişəsini körükləməkdə günahlandırılan tanınmış insan hüquqları müdafiəçisi Azimjon Əskərov tutularaq haqqında uzunmüddətli həbs cəzası hökmü çıxarıldı.

ATƏT-in 2010-cu ildə Qırğızıstanda baş verənlərlə bağlı Bişkeki günahlandırması isə bəzi faktlara söykənir. Belə ki, Qırğızıstanda baş verən etnik toqquşmalar zamanı ölənlərin 79 faizi yerli özbəklər olub. Buna paralel olaraq Qırğızıstan tərəfindən etnik toqquşmalarda günahlandırılaraq haqlarında cinayət işi qaldırılanların da 80 faizi etnik özbəklər olub. Bu isə öz növbəsində ATƏT tərəfindən o dövrdə baş verən hadisələrdə Qırğızıstan hökumətinin sərt şəkildə tənqid edilməsinə gətirib çıxardı. Baş verən etnik toqquşmalardan sonra isə ölkə əhalisinin 14 faizini təşkil edən özbəklərin parlamentə millət vəkili seçilməsi hüquqları məhdudlaşdırıldı. Hazırda Qırğızıstan parlamentində cəmisi 3 özbək deputat var. Halbuki ölkə əhalisinin cəmi 8 faizini təşkil edən ruslar Joqorku Keneşdə 4 deputatla təmsil olunublar. Təbii ki, belə bir vəziyyət ATƏT-də birmənalı qarşılanmayaraq, etnik özbəklərin hüquqlarının pozulması kimi dəyərləndirilir.

Gərginlik davam edəcək?

Qırğızıstan tərəfinin Batırovun Varşavadakı çıxışına sərt reaksiya verərək ATƏT-in Bişkekdəki regional mərkəzinin səlahiyyətlərinin məhdudlaşdırılmasına xidmət edən addımlar atması isə çətin ki, problemin aradan qaldırılmasına gətirib çıxarsın. Belə ki, bütün hallarda ATƏT-in regional mərkəzinin statusunun məhdudlaşdırılması adı çəkilən quruma meydan oxumaq, ona açıq şəkildə müharibə elan etmək anlamına gəlir. ATƏT rəhbərliyinin Qırğızıstanın bu addımına reaksiyasının necə olacağını söyləmək öncədən çətindir. Amma hər halda qarşı tərəf çətin ki, öz regional mərkəzinin fəaliyyətinin məhdudlaşdırılmasını həzm edə bilsin.

Xatırladaq ki, son illərdə ATƏT-lə əksər dövlətlər arasında gərginlik özünü göstərməkdədir. Buna da səbəb ATƏT-in öz prinsiplərindən geri çəkilməsi, bu qurumun aparıcı dövlətlərin əlində oyunçağa çevrilməsi və ona üzv dövlətlərə münasibətdə ikili standartları önə çıxarmasıdır. Bu isə adı çəkilən qurumun nüfuzdan düşməsinə yol açmaqdadır. Onu da deyək ki, məhz ikili standartlardan çıxış etdiyinə görə, yalnız Qırğızıstanda deyil, Qazaxıstanda da ATƏT-in regional fəaliyyəti məhdudlaşdırılıb. Azərbaycanda da ATƏT-in ikili standartlardan çıxış etməsi dəfələrlə tənqid edilib.

Bir sözlə Qırğızıstanla da ATƏT arasında yeni gərginliyin əmələ gəlməkdə olması adı çəkilən beynəlxalq qurumun heç də özünün xoş günlərini yaşamadığını və nüfuzunu daha da itirməkdə olduğunu göstərir.

Əziz Mustafa

BIR CAVAB BURAXIN