Bir ildə 22 ana ölümü?

0
660

Doğuş (arxiv fotosu).

2016-cı il ərzində Azərbaycanda 22 ana ölümü baş verdiyi bildirilir.

Bu haqda Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyasının hesabatında bildirilir.

APA-nın xəbərinə görə, ana ölümünün səviyyəsi hər 100 000 diridoğulan uşağa münasibətdə 13.8 faiz təşkil edib.

Nazirliyin bilgilərində qeyd edilir ki, bu kateqoriya üzrə göstəricilər ilbəil yaxşılaşır. Hər 100 000 diridoğulan körpəyə münasibətdə ana ölümləri 1996-cı ildə 44,1, 2006-cı ildə 34,2, 2009-cu ildə 24,3, 2012-ci ildə 14,9, 2015-ci ildə isə 14,4 faiz təşkil edib.

Ana ölümlərinin əksər halda ekstragenital patologiya, qadınların vaxtında həkim müayinəsindən keçməməsi səbəbindən baş verdiyi bildirilir.

Nazirliyin bilgilərində həmçinin, 2016-cı ildə ölkədə 295 körpənin 1000 qramdan az çəki ilə doğulduğu qeyd olunur. Onlardan 135-nin xilas edildiyi bildirilir.

2015-ci ilin doğuş, habelə doğuş zamanı ölüm halları ilə bağlı bilgiləri Dövlət Statistika Komitəsinin saytına daxil edilməyib.

2014-cü ilin statistikasına görə, Azərbaycanda hamiləlik, doğuş və zahılıq dövründə 25 ana vəfat edib.

Bu sahədə araşdırma aparan ekspertlər dövlət statistikasının «yumşaq» olduğunu deyirlər. Onların bildirməsinə görə, doğuş zamanı baş verən ölümlərin bəziləri «ana və uşaq ölümü» kimi qeydə alınmır.

Azərbaycan Britaniyanın «Save the Children» xeyriyyə fondunun hazırladığı illik Dünya Analıq Hesabatının reytinq cədvəlində 179 ölkə arasında 90-cı yerdədir.

Hesabatın əsas parametrlərindən biri ananın doğuş zamanı ölməsi ehtimalıdır. Həmin hesabatdakı rəqəmlərə görə, Azərbaycanda hər 1800 doğuşdan biri ananın ölümü ilə nəticələnir. Belədə isə, rəsmi açıqlanan rəqəmin reallıqdan azı 8-9 dəfə kiçik olduğu üzə çıxır.

BIR CAVAB BURAXIN