Bilirəm ki, gəncəliləri bir məsələ də narahat edir

0
577


 

Bilirəm ki, gəncəliləri bir məsələ də narahat edir. O da çoxmənzilli binaların təmiri məsələsidir. Şəhərdə 72 belə bina var və bu binaların təmiri də nəzərdə tutulacaqdır.

Axar.az xəbər verir ki, bunu Gəncə səfəri zamanı sakinlərlə görüşündə Prezident İlham Əliyev bildirib.

Prezident əlavə edib: “Beləliklə, bugünkü görüşümüz hesab edirəm ona görə əlamətdardır ki, bu gözəl, möhtəşəm filarmoniyanı biz birlikdə açırıq. Eyni zamanda, Gəncənin gələcək inkişafı ilə, görüləcək işlərlə bağlı sizə və gəncəlilərə bu məlumatı verirəm biləsiniz ki, Gəncə daim diqqət altındadır və şəhərin inkişafı, abadlaşdırılması, gözəlləşdirilməsi məni çox-çox sevindirir. Çünki Gəncə hər bir Azərbaycan vətəndaşı üçün əziz, doğma şəhərdir, bizim qədim mədəniyyət, incəsənət mərkəzimizdir. Son illər Gəncənin abadlaşdırılması istiqamətində çox yaxşı işlər görülür. Mən onu da bildirmək istəyirəm, – 15 səfərimin təcrübəsi müqayisə aparmaq üçün əlbəttə, mənə kifayət qədər imkan verir, – görürəm ki, son illər ərzində Gəncə doğrudan da çox sürətli inkişaf dövrünü yaşayır. Tarixi binalar bərpa olunur, yeni binalar tikilir, xiyabanlar, parklar, yaşıllıqlar salınır. Gəncə şəhərinə giriş indi çox gözəl və möhtəşəmdir, dahi Nizaminin əsərləri göz oxşayır. İndi dünya miqyasında böyüklüyünə görə üçüncü park Gəncədədir. Bu, hamımızı sevindirir. Heydər Əliyev Parkı doğrudan da möhtəşəm bir ictimai istirahət zonasıdır.

Mən bütün bu uğurlar, nailiyyətlər münasibətilə gəncəliləri, şəhər rəhbərliyini təbrik etmək istəyirəm, onların fəaliyyətini yüksək qiymətləndirirəm. Mən bundan sonra da Gəncənin hərtərəfli inkişafı üçün əlimdən gələni edəcəyəm ki, şəhər daha da gözəlləşsin, daha da abadlaşsın. Sizi bu gözəl hadisə münasibətilə bir daha təbrik edirəm”.

Prezident İlham Əliyev çıxışının sonunda bildirib: “Doğrudan da bu gün çox əlamətdar bir gündür. Bu filarmoniyanın tikintisi, açılışı doğrudan da çox tarixi bir hadisədir. Təkcə ona görə yox ki, belə bir möhtəşəm bina tikilib və gəncəlilərin sərəncamına verilir. Eyni zamanda, ona görə ki, bu bina, bu möhtəşəm memarlıq abidəsi dövlətimizin gücünü və siyasətini göstərir, xüsusilə indiki şəraitdə ki, dünyada müəyyən dərəcədə tənəzzül yaşanır, iqtisadi böhran, maliyyə böhranı, xoşagəlməz halların çoxalması. Deyə bilərəm ki, indi bir çox ölkələrdə nəinki filarmoniyalar tikilmir, ümumiyyətlə, inkişafla bağlı perspektivlər də yoxdur. Amma görün, Azərbaycan nə dərəcədə inkişafda olan ölkədir, bizim imkanlarımız nə dərəcədə böyükdür ki, biz hətta o qədər də asan olmayan illərdə də mədəniyyət ocaqlarına bu qədər diqqət göstəririk, bu qədər vəsait ayırırıq. Filarmoniyanın binası başqa cür də ola bilərdi. Daha sadə, daha az xərc tələb edən bina ola bilərdi. Ancaq bizim yanaşmamız ondan ibarətdir ki, Gəncə kimi tarixi şəhərə bu cür gözəl memarlıq abidəsi yaraşır. Ona görə biz bunu da etdik. Həm gəncəlilər sevinir, həm də mən çox sevinirəm. Çünki hər bir adam öz əməyinin nəticəsini görəndə, əlbəttə ki, çox sevinir”.

 

BIR CAVAB BURAXIN