“Beynəlxalq Əlillər Cəmiyyəti” İB-in üzvləri festivaldan qayıtdı

0
548

Bu yaxınlarda Rusiya Federasiyası Moskva Dövlət Humanitar-İqtisad Universitetində əlilliyi olan gənclərin «Жизнь безграничных возможностей!» adlı VIII Beynəlxalq festivalı keçirildi.

 Festivalda Azərbaycanı “Beynəlxalq Əlillər Cəmiyyəti” İB-in 12 nəfərdən ibarət nümayəndə heyəti təmsil edirdi. Festivaldan qayıdan nümayəndə heyətinə rəhbərlik edən İctimai Birliyin sədri Tahir Xudiyevin təəssüratlarını sizinlə bölüşürük:

   – Rusiya Federasiyası Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən əlilliyi olan gənclərin “Жизнь безграничных возможностей!”  adlı beynəlxalq festivalı təşkil edən Moskva Dövlət Humanitar-İqtisad Universiteti (MDHİU) MDB dövlətləri arasında əlilliyi olan insanların təhsil aldığı yeganə ali təhsil ocağıdır. 2016-cı ildən İctimai Birliyimizlə MDHİU arasında qarşılıqlı əməkdaşlıq barədə Saziş imzalanıb. Festivalda  “Beynəlxalq Əlillər Cəmiyyəti” İB-in Mədəniyyət şöbəsinin üzvləri 3-cü dəfədir ki, uğurla iştirak etdilər.  Bu il  keçirilən festivalın  açılışında MDHİU-nun rektoru, professor Vaqif Bayramov, Uşaq Hüquqlarının Müdafiəsi Dövlət Siyasəti Departamentinin direktor müavini  Ирина Терехина, Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyinin mədəniyyət müşaviri Nigar Axundova, Rusiya Federasiyasının əməkdar rəssamı Nikas Safronov, Ekvador Respublikasının Rusiyadakı səfiri Jorge Patricio Palacios Porros, 31 saylı Xüsusi internat məktəbin direktoru Elena Seredkina və digər qonaqlar çıxış etdilər.

 Festivalın açılışında RF Əməkdar artisti, RF İctimai Palatanın üzvü, Ailə, uşaq və anaların müdafiəsi Komissiyasının sədri Diana Qurskaya tədbir iştirakçılarını salamladı, iki gözdən əlil kimi öz həyatını misal gətirərək çətinliklərə baxmayarq ruhdan düşməməyi, arzularına çatmaq üçün həyatda mübariz olmağı onlara tövsiyyə etdi. Festival iştirakçıları qarşısında çıxış etməyi özünə fəxr bildiyini söyləyərək iki mahnı da ifa etdi.

 Sovet və Rus teatr və kino aktyoru, yazıçı, şair, kinorejissor Vladimir Novikov, əməkdar artist Sərxan Sərxan, Alena Orlovanın rəhbərliyi altında “Ümid Mələkləri” yaradıcı qrupu konsert proqramı ilə çıxış etdilər. Müsabiqə iştirakçıları festivalda gözəl rəqslər, mahnılar ifa etdilər, eləcə də maraqlı əl işləri, rəsm əsərləri, foto-şəkillər və digər inscəsənət nümunələri təqdim etdilər.

İştirakçılar arasında Azərbaycanda doğulub-böyüyən, ali təhsil alan, hazırda Moskva şəhərində yaşayan, milliyyətcə yəhudi olan İlona Yankovskayanın Azərbaycan dilində  ifa etdiyi xalq mahnısı iştirakçılar tərəfindən o dərəcədə bəyənildi ki, hamı bu Azərbaycan musiqisi altında rəqs etdi.

“Beynəlxalq Əlillər Cəmiyyəti” İB-in üzvləri  festivalda rəngarəng proqramla çıxış etdilər. İctimai Birliyimizin digər üzvü, MDHİU-nun 3-cü kurs tələbəsi Ümid Cümşüdov isə muncuqla işləmə üzrə əl işlərini nümayiş etdirdi. Nümayəndə heyətimizin çıxışları iştirakçılar tərəfindən alqışlarla qarşılandı, hətta festival başa çatdıqdan sonra onların ifasında müsabiqədənkənar mahnılar ifa etməyi də xahiş etdilər. Festivalın Diplomları ilə təltif edilən nümayəndə heyətimiz vətənə dönəndə həmvətənlərimiz tərəfindən  aeroportda Azərbaycan bayrağı ilə qarşılandı.

Bir məqamı xüsusi vurgulamaq istərdim ki, bir neçə nazirliklə İctimai Birliyimiz  qarşlıqlı əməkdaşlıq edir. Onların və digər nazirliklər və dövlət təşkilatlarının nümayəndələri həmişə keçirdiyimiz tədbirlərdə iştirak edirlər. Bu dəfəki səfərimiz zamanı əməkdaşlıq etdiyimiz Azərbaycan  Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən xüsusi dəstək aldıq. Göstərilən bu diqqət və qayğıya görə bütün kollektivimiz adından dərin təşəkkürümüzü bildiririk.

Məlahət Abdullayeva

 

                   

 

BIR CAVAB BURAXIN