Onu ram etmək bir o qədər də asan olmayıb. Yüksək vəzifə, var-dövlət, ali rütbələr bu xanım üçün çox da maraqlı görünməyib. Gözəlliyi heç də onun həyatına həmişə xoşbəxtlik gətirməyib, ən yüksəkçinli məmurların təklifləri onu bezdirib, yatağını bölüşməmək üçün qadına yaraşmayan sərtliklərə, kobudluqlara da əl atıb. Ancaq bəzən tabe olmaq məcburiyyətində də qalıb. Dövrünün ən məşhur aktrisalarından biri olan və qənirsiz gözəlliyi ilə seçilən Tatyana Okunevskaya uzun bir ömür yaşasa da, “böyük”lərin hədəfində olmağı onun həyatına çox acılar qatıb…
Tatyana Okunevskaya 1914-cü ildə Moskvada anadan olub. Orta təhsilini başa vurduqdan sonra Moskva Arxitektura İnstitutunda ali təhsil alıb. Tələbəlik illərində vaxtının daha çox hissəsini teatr dərnəklərinə sərf edən Tatyana 1933-cü ildə Moskva Real teatrında aktrisa kimi fəaliyyətə başlayıb. Yaratdığı obrazlarla qısa müddət ərzində məşhurlaşıb, rejissorlardan yeni rollara dəvət alıb. Aktrisanın uğur və sevinc dolu illəri çox da uzun sürməyib. 1937-ci ildə atası və nənəsi repressiya qurbanlarının siyahısına düşüb, həbs olunublar və həbcdən iki həftə sonra güllələniblər. Bu hadisə Tatayana Okunevskayanın həyatında qara izlər buraxıb.
Üstündə “xalq düşmənin qızı” adı olan aktrisa teatrda çətinliklərlə üzləşsə də, bu dəfə kino sahəsində uğurlar qazanmağa başlayıb. Bir müddət sonra yenidən teatra dəvət alan Okunevskaya səhnədə saysız-hesabsız tamaşaçıların sevimlisinə çevrilib, onun iştirak etdiyi tamaşalara ən yüksəkçinli məmurlar təşrif buyurublar, təkcə onun yaratdığı obrazları seyr etmək üçün yox, həm də onun gözəlliyinə tamaşa etmək üçün.
Bu tamaşaçılardan biri də qadınlara qarşı xüsusi “məhəbbət”i ilə ad çıxaran Lavrenti Beriya olub. Beriya aktrisadan istədiyini almaq üçün bir neçə dəfə polkovnik Rafael Sarkisovu Tatyana Okunevskaya “elçi” göndərib. Qeyd edək ki, milliyətcə erməni olan Sarkisov bir növ sutenyor olub, Beriyanın intim həyatına cavabdehlik daşıyıb, Beriyanın xoşuna gələn xanımı nəyin bahasına olursa-olsun, onun hüzuruna gətirmək, şefinin əyləncəsini lazımınca təşkil etmək, intim əlaqədən sonra xanım hamilə qalarsa, onu aborta aparmaq, Beriyanın məşuqələrinə çevrilən qadınların ailəsində problem yarananda qardaşlarını, ərlərini, atalarını çox asanlıqla həbs etdirmək kimi missiyanı həyata keçirib. Sarkisov aktrisanın qapısını döyəndə Okunevskaya məsələdən dərhal agah olub.
Erməni polkovnik çox mülayim bir şəkildə ona müraciət edib:
– Tatyana Kirillovna, yoldaş Beriya sizinlə görüşmək istəyir. Xidməti avtomobil aşağıda sizi gözləyir. Görüş “NKVD”-də, kabinetdə olacaq.
Aktrisa təmkinini pozmadan təklifdən imtina edib:
– Əlbəttə, bizim Lavrenti Pavloviçə böyük hörmətimiz var. Amma onunla kabinetdə görüşməyə heç bir lüzum görmürəm. Biz yalnız teatrda aktrisa və tamaşaçı qismində görüşə bilərik…
Okunevskayanın bu hərəkəti Beriyanı qıcıqlandırsa da o, “əlavə” tədbirlərə əl atmayıb, əlverişli məqam gözləyib. Nəhayət, günlərin birində Kremldə növbəti dövlət tədbirinə hazırlıq görüləndə Beriya şəxsən özü aktrisaya zəng vuraraq onu tədbirə dəvət edib. Sözsüz ki, Okunevskaya Kreml tədbirində iştirakdan imtina etməyib.
Sonralar Tatyana Okunevskaya öz xatirələrində bu dəvət haqqında yazıb:
“Kremldə keçirilən tədbirdə iştirak etmək hər incəsənət adamına qismət olan bir şey deyildi. Bu şərəf sayılırdı. Buna görə mən də Beriyanın dəvətini böyük məmnunniyyətlə qəbul etmişdim. Vaxt tamam olanda yaşadığım mənzilin qapısı döyüldü. Beriyanın köməkçisi maşının gözlədiyini söylədi. Mən aşağıya enəndə o avtomobilin arxa qapısını açdı. Beriya da arxa oturacaqda əyləşmişdi. Bir müddət getdikdən sonra maşın bir həyət evinə daxil oldu. Köməkçi və sürücü yox oldular. Beriya dedi ki, hazırda Kremldə tədbirin rəsmi hissəsi gedir, bir az gözləyək. Məni içəri dəvət etdi. Böyük zaldakı masanın üstündə dünyanın ən ləzzətli təamları düzülmüşdü. O məni masaya dəvət edəndə söylədim ki, çıxış öncəsi heç nə yemirəm. Gülümsədi və özü masanın arxasına keçərək yeməyə və həm də içməyə başladı. Özü də çox qeyri-mədəni və kobud şəkildə. Beləcə, bir saata yaxın vaxt ötdü. Sonra o kiminləsə başqa bir dildə, yəni qeyri-rus dilində telefonla danışdı və mənə bildirdi ki, tədbirin bədii hissəsi keçirilməyəcək, Koba (Stalini nəzərdə tuturdu) belə göstəriş verib. Mən təəssüfümü bildirdim:
– Çox böyük həvəslə hazırlaşmışdım bu tədbirə. Təəssüf ki, baş tutmadı.
– Tatyana Kirillovna, siz hələ bundan sonra belə tədbirlərə çox dəvət alacaqsınız. Bir halda ki, daha çıxış etməyəcəksiniz, süfrə arxasına keçə bilərsiniz.
– Yox, Lavrenti Pavloviç, getməliyəm.
– Bir qədəh şərab işmədən sizi buradan buraxan deyiləm.
O, süfrədəki dolu qədəhi mənə uzatdı və onu da deyim ki, bu qədəhə şərab əvvəlcədən süzülmüşdü. Çıxış yolum yox idi, şərabı içdim. 10-15 dəqiqə keçdikdən sonra mən artıq özümdə deyildim, şərabın içinə nəsə qatılmışdı. Beriya isə öz istədiyinə nail oldu…”
Tatyana Okunevskaya növbəti dəfə digər bir “Məcnun”un hədəfinə tuş gəlib. Yuqoslaviya lideri, marşal İosip Broz Tito SSRİ-yə səfəri zamanı aktrisaya vurulub. Marşal bu səfərdən bir müddət sonra aktrisanın çəkildiyi filmlərin öz ölkəsində nümayişini təşkil edib və yaradığı heyəti qonaq çağırıb. Broz Tito Okunevskayaya öz sevgisini etiraf edib, ölkəsində onun üçün iqamətgah, studiya, teatr və SSRİ-də görmədiyi bir həyat vəd verib. Okunevskaya imtina edib, SSRİ-ni Yuqoslaviya ilə dəyişməyib.
Aktrisanın həyatından növbəti qara zolaq 1948-ci ildə keçib. SSRİ paytaxtının ən məşhur mehmanxanalarından biri olan “Moskva” otelində keçirilən tədbirdə kifayət qədər yaraşıqlı və əynində hərbi mundir olan bir nəfər Okunevskayaya yaxınlaşaraq onu öpmək istəyib. Aktrisa onun sərxoş vəziyyətdə olduğunu görüb, çox sakitcə kənara itələyib. Hərbçi növbəti öpüş cəhdini edəndə, bu dəfə Okunevckaya ona şillə vurub və özünü xilas edib. Elə həmin günün axşamı aktrisa həbs edilib. Onun sillə vurduğu şəxs qəddarlığı və cəlladlığı ilə tanınan, hətta Beriya kimi amansız bir adamın çəkindiyi, SSRİ dövlət təhlükəsizliyi naziri Viktor Abakumov olub.
Okunevskayanı heç bir order təqdim etmədən həbs ediblər. Həbsin səbəbi bir cümlə ilə izah olunub: “Şəxsən Abakumovun göstərişidir”. Onun haqqında antisovet təbliğatı və vətənə xəyanət kimi maddələrlə cinayət işi açılıb. İstintaq 13 ay davam edib. Beriya istintaqın işinə müdaxilə etsə də, heç nə alınmayıb. 13 aydan sonra aktrisanı Abakumovun kabinetinə gətiriblər. Kabinetə daxil olanda Abakumov onun qollarından qandalların çıxarılmasını əmr edib. General onu kabinetin künc tərəfəində olan və üstünə meyvə, müxtəlif içkilər düzülən kiçik stola dəvət edib:
– Yəqin ki, içəridə sizi yaxşı qidalandırmırlar. Buyurun, istədiyiniz qədər nuş edin. Və unutmayın ki, sizin taleyiniz bugünkü görüşdən çox asılıdır.
Okunevskaya stola yaxınlaşmayıb:
– Nə sözünüz varsa deyin, məni aparsınlar.
Abakumov aktrisaya yaxınlaşıb onu qucaqlamaq istəyəndə Okunevskaya generala növbəti silləni vurmağa nail olub. Bununla da tərəflərin qarşılıqlı münasibətlərinə son qoyulub. Aktrisa 10 il azadlıqdan məhrum edilib və Qazaxstan düşərgələrinə yola salınıb.
Həyatının bütün incəliklərini xatirələrində yazan aktrisa sürgün illərinin hər an ölümlə üz-üzə olan səhnələrini də qeyd edib. Ancaq o, bütün işgəncələrə, aclığa, soyuğa tab gətirib və azadlığa çıxıb, sonrakı həyatını yenə də teatrla bağlayıb.
Qeyd edək ki, Tatyana Okunevskaya üç dəfə ailə həyatı qurub və hər üçü də uğursuz olub. Üç nikahdan aktrisanın İnqa adlı bir qızı olub ki, o, SSRİ rəhbərlərinin tərcüməçisi, məşhur Viktor Suxodrevə ərə gedib.
Tatyana Okunevskaya 2002-ci ildə 88 yaşında vəfat edib. O, Moskvada Vaqankov qəbirstanlığında dəfn edilib.
İlham Cəmiloğlu, Musavat.com