“Başıboş yelbeyin…”: Klinton Trampı ilk döyüşdə darmadağın edir

0
579

ABŞ-da prezidentliyə namizədlər Hillari Klintonla Donald Trampın çoxdan gözlənilən ilk canlı teledebatı bu gün Bakı vaxtı ilə saat 05.00-də başlayıb və respublikaçıların namizədinin CNN efirində darmadağın edilməsi ilə nəticələnib.

Tamaşaçıların 66 faizindən çoxu bu debatda Hillari Klintona üstünlük veriblər, Donald Tramp isə debatda tamamilə hazırlıqsız, tez-tez səhvlər buraxan və yalan danışan, rəqibinə ona hücum etmək üçün əlverişli imkan yaradan qabiliyyətsiz, boşboğaz siyasətçi kimi görünüb. Hər halda bu, aparıcı Amerika nəşrlərinin və şərhçilərinin gəldikləri qənaətdir.

ABŞ-da prezidentliyə namizədlərin televiziya ilə canlı yayımda debatı bir qayda olaraq seçki kampaniyasının ən mühüm və ən həlledici mərhələsi hesab olunur. Artıq formalaşmış ənənəyə görə namizədlər aparıcının müxtəlif mövzularda suallarına cavab verirlər və öz seçki platformalarının əsas məqamlarını seçicilərə təqdim edirlər. Bu dəfə də belə olub və Donald Trampla Hillari Klinton Hofstra universitetinin konfrans zalından CNN-in canlı efirinə çıxıblar. Bu debat 100 milyona yaxın tamaşaçı tərəfindən canlı izlənilib, habelə sosial şəbəkələr debatdan canlı yayım veriblər. Debatın aparıcısı məşhur moderator Lester Xolt olub.

İlk seqmentdə ölkədə iqtisadi vəziyyəti və iş yerlərini müzakirə edən namizədlər müxtəlif fərqli məsələləri qabardıb. Hilari Klinton iqtisadiyyatın hər bir vətəndaşa xidmət etməsi, minimal əmək haqqının yüksəldilməsi, iş yerində qender bərabərliyi, gəlirlərin işçilər arasında bölüşdürülməsi və ali təhsildə təhsil haqqı yükünün yüngülləşdirilməsinin iqtisadiyyatın əsas problemləri kimi gördüyünü bildirib.

Donald Tramp isə əsas narahatlıq mənbəyi kimi şirkətlərin istehsalı ölkədən xaricə çıxarmalarını, ölkəyə ziyan vurduğunu iddia etdiyi xarici ticarət razılaşmalarını və korporativ vergilərin indiki 35%-dən 15%-ə endirilməsinin vacibliyini qeyd edib.

Klinton rəqibinin vergi təklifinin yalnız varlı təbəqə üçün sərfəli olacağını və bunun tarix boyu heç vaxt nəticə vermədiyini, əksinə, orta təbəqəyə ziyan vuracağını iddia edib. Ölkəni 21-ci əsrin bərpa olunan enerji superdövləti kimi görmək istədiyini deyən Klinton, bu sahənin də əhəmiyyətini vurğulayıb.

Tramp Klintonun dəstək verdiyi ticarət razılaşmalarının ölkənin ziyanına olduğunu və uzun müddət ərzində Klintonun da daxil olduğu administrasiyanın bunu dəyişmək üçün heç bir addım atmadığını deyib.

Namizədlər bir-birinin xarici borc strategiyalarını məsuliyyətsiz adlandırıb.

İkinci seqment son vaxtlar diqqət mərkəzində olan irqi problemlərə toxunub. Hər iki namizəd problemlərin mövcudluğunu qəbul etsə də, bu məsələyə yanaşmaları da fərqlənib.

Klintona görə ölkədə irqi qeyri-bərabərlik var və bu, digər sahələrlə yanaşı, təhsil və ədliyyədə özünü daha çox göstərir. Bunun həll edilməsi və qarşılıqlı etibarın qazanılması üçün isə polisin əhali ilə daha sıx ünsiyyətdə olmasını vacib sayıb. Əhalinin əlində həddən çox silah olmasını da problemin səbəblərindən biri kimi qeyd edib.

Tramp polis-icma münasibətlərinin vacibliyi məsələsində Klintonla razılaşsa da, diqqəti qaradərili və latino icmalarında cinayətlərin qeyri-proporsional dərəcədə çox olmasına yönəltməyə çalışıb. Cavabında Klinton onu bu icmalara qarşı mənfi rəy yaratmaqda günahlandırıb.Klinton hər bir vətəndaşın hüquqlarının toxnulmazlığının vacibliyindən vurğulayıb.

Növbəti segment ölkənin xarici təhlükəsizliyinə həsr edilib və kiber hücumlar əsas problemlırdən biri kimi qeyd edilib. Klinton bu təhlükənin həm fərdlər, həm də dövlətlərdən gələ biləcəyini, və Rusiyanın bu dövlətlərdən biri olduğunu açıq şəkildə bildirib. Namizədə görə, Tramp, Rusiyanın bu siyasətinə baxmayaraq president Putinə rəğbətlə yanaşır.

Kiber hücumların cavabında bundan sonra daha sərt addımlar atəlacağını deyən Klinton, Rusiyanı bu cür əməllərdən çəkinməyə çağırıb. Tramp Rusiyanın hücumlarda iştirakının sübut edilmədiyini söyləsə də, sərt cavab addımlarının vacibliyində Klintonla razılaşıb.

İŞİD barədə mübahisədə Tramp Klintonun fəaliyyətinin bu terror təşkilatının yaranmasına səbəb olduğunu, Klinton isə Trampın problemin həlli üçün heç bir konkret planının olmamasını iddia edib.

Tramp ölkəni xarici müdaxilələrdən uzaq tutacağını və hərbi qoruma müqabilində müttəfiqlərinin də ABŞ üçün nəsə etməli olduqlarını, Klinton isə, hər şeyə rəğmən, ölkənin hərbi müttəfiqlik razılaşmalarına sadiq qalacağını bəyan edib.

Nüvə silahları ətrafında mübahisə daha qızğın keçib. Klinton Trampın hətta nüvə müharibəsi başlaya biləcəyini iddia edib. Tramp isə nüvə silahını mövcud ən böyük global təhlükə hesab etdiyini və bu səbəbdən də güclü nüvə dövləti olmağın vacibliyindən deyib.

Debatın sonunda Klinton opponentinin qadınlar barədə dəfələrlə istifadə etdiyi xoşagəlməz ifadələrini yada salıb.

“Bu nə idi, lənət şeytana? Saat yarım ərzində biz namizədlərdən birinin rəğbət doğuran ciddiyətini, ikincisinin isə tamamilə düşüncəsiz hərəkətlərini, bütün dünyada nümayiş etdirilən söhbətə hazırlıqsız gəldiyini müşahidə etdik”-“The Washington Post”  özünün redaksiya məqaləsində debatın nəticələrini belə şərh edir.

Qəzet yazır ki, Tramp ilkin seçkilərdə onun işinə yarayan laqqırtını CNN-in canlı efirinə gətirdi və tamamilə iflasa uğradı. Qəzetə görə Trampın çıxışı zibili çəmənliyə atmaq kimi bir şey idi. O, bir suala cavab verəndə ağlına gələn başqa temalardan da danışırdı. Məsələn, Hillari Klintonun məxfi elektron yazışmaları öz poçtundan aparması haqda danışanda Nyu-Yorkun La-Quardiya aerportunun acınacaqlı vəziyyətinə də toxundu.

Debatda Klinton bildirdi ki, Trampın vergi bəyannaməsini ancaq bir dəfə görmək mümkün olub-o, kazino üçün lisenziya almaq istəyəndə. “Həmin bəyannamədən göründü ki, Tramp federal gəlir vergisini ödəmir”-Hillari Klinton bildirib. Trampın isə bu irada cavabını nə orta statistik amerikalıya, nə 30 illik gəlir bəyannamələrini açıqlamış Klintonlara heç kim bağışlamazdı: “Bax mən belə ağıllıyam”.

Qəzet yazır ki, Klinton daha sonra Trampı 2008-ci il qlobal maliyyə böhranından istifadə edib varlanmaqda günahlandırıb. O, Trampın 2006-cı ildə dediklərindən sitat gətirib: “Lap əla! Mən ümid edirəm ki, hər şey çökəcək və mən nəsə alıb yaxşı pul qazana biləcəm”. Tramp bu hücuma necə cavab versə yaxşıdır? “Öz aramızdır, buna biznes deyirlər”. Bəs ipoteka böhranında evlərini, iş yerlərini itirən milyonlarla bədbəxt amerikalı necə olsun? Tramp onlara heç tüpürmək də istəmir…

“The New York Times” qəzeti isə yazır ki, Trampın seçki kampaniyası cəmi bir raund teledebatda darmadağın edildi. “Namizədlərdən ancaq biri ciddiyətə sahib , digəri isə başıboş yelbeyin olanda “debat” sözü bütün mənasını itirir”-qəzet bildirir.

Qəzet qeyd edir ki, debat zamanı Trampın az qala şalvarı belindən düşəcəkdi və Klinton onun bütün hücumlarını dəf etdi. Üstəlik öz iradlarını daha qətiyyətli, möhkəm mövqedən ifadə edə bildi.

Digər Amerika KİV-ləri də Trampın debatdakı çıxışını kəskin tənqid ediblər və yazıblar ki, indiki seçkilər daha bir məqamla yadda qalacaq: namizədlərdən ancaq biri prezidentliyə yarayır.

Trampla Klintonun ikinci debatı oktyabrın 9-da olacaq. Qeyd edək ki, son rəy sorğularına görə Hillari Klinton Donald Trampı qabaqlayırdı. İndi bu debatdan sonra Hillari Klintonun rəqibini daha da üstələyəcəyinə şübhə yoxdur.

F.Məmmədov

Virtualaz.org

BIR CAVAB BURAXIN