BAO Türkiyədə nəzarətə götürülən Güneyli milli fəal Rahim Cavadbəyli ilə bağlı bəyanat yayıb

0
875

Bütöv Azərbaycan Ocaqları (BAO) Türkiyə polisi tərəfindən nəzarətə götürülən Güney Azərbaycanlı milli fəal Rahim Cavadbəyli ilə bağlı bəyanat yayıb. Arazinfo.com-a BAO-dan verilən məlumata görə, bəyanatda deyilir:

“Məlum olduğu kimi qədim Azərbaycan-türk şəhəri Təbrizdən olan ədəbiyyatçı, türkçü, araşdırmaçı və milli fəal Rahim Cavadbəyli  artıq 4 ildir ki, Türkiyəyə sığınıb və orada yaşayır.  BMT tərəfindən siyasi qaçqın statusu alan R.Cavadbəyli 2 Avqust 2018-ci il tarixində Türkiyə polisi tərəfindən sorğu-sual edilmədən nəzarətə götürülüb və İrana qaytarılması üçün Van bölgəsindəki gözləmə kampına göndərilib. R.Cavadbəyli molla rejiminə təhvil veriləcəyi təqdirdə onun ölüm cəzasına məhkum olunacağı gözlənilir. Türk olan və Türklüyü müdafiə edən bir şəxsin hansı əsasla Türkiyə dövləti tərəfindən İran rejiminə təslim edilməsi anlaşılmazdır. Lakin o da məılumdur ki, R.Cavadbəyli haqqında  başqa mülahizələr də var. R.Cavadbəyli vəkili vasitəsiylə məhkəməyə müraciət edib və məhkəmə 14 sentyabr 2018-si il tarixində onun işinə baxacaq.

Biz, Bütöv Azərbaycan Ocaqları (BAO) olaraq Türkiyə hökumətindən gözlədiyimiz odur ki, R.Cavadbəyli ilə bağlı məsələyə həssaslıqla yanaşılsın və tələsik addım atılmasın. Çünki Türklük və Güney Azərbaycan türklərinin milli azadlığı uğrunda mübarizə aparan  bir milli fəalın şovinist İran-fars rejiminə təslim edilməsi ən öndə gedən türk dövləti kimi Türkiyə adına layiq addım deyil. Eyni zamanda onu da bildiririk ki, Türkiyə hökumətinin R.Cavadbəyli ilə bağlı başqa məlumatları, hansısa dəlil və sübutları varsa, o da ictimaiyyətə açıqlanmalı, insanların qəlbində şübhəyə yer buraxılmamalıdır..

Biz bütün bunlara rəğmən Türkiyə hökumətinin və Türkiyə hüquq mühafizə orqanlarının R.Cavadbəyli haqqında ədalətli qərar verəcəyinə inanırıq. Çünki Türklərdə ədalət həmişə haqsızlığa üstün gəlmişdir!”

 

 

 

BIR CAVAB BURAXIN