“Bakubus” sürücüsü ana və 3 övladını israrla avtobusdan düşürüb ki…

0
442

Bu gün acınacaqlı, ağır və bəlkə də bağışlanması çətin olan bir hadisə baş verib. “Bakubus” sürücüsü ana və onunla birlikdə olan 3 övladından gediş haqqı tələb edib, əks halda avtobusu sürməyəcəyini deyib.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin deputatı Fazil Mustafa bildrib.

O qeyd edib ki, doğrudur hüquq baxımından sürücü haqlıdır, çünki 5 yaşdan yuxarı uşaqların nəqliyyat xərcinin ödənilməsi Nazirlər Kabinetinin qərarı ilə müəyyənləşib:

“Ancaq düşünün, həmin ana ödəniş imkanı olmadığına görə sürücünün israrı ilə üç övladını avtobusdan düşürüb və evə dönüb. Demək ki, 3 Azərbaycan övladı imkansızlığa görə məktəbə gedə bilməyib”.

F.Mustafa daha sonra çıxış yolunu göstərib:

“Burada çıxış yolu nədir? Nazirlər Kabineti bu qərarı mütləq dəyişməlidir. Məktəbli formasında olan istənilən uşaqdan ictimai nəqliyyatda vəsait alınmamalıdır. Hökumət bunun kompensasiya yolunu tapa bilər. Əsas hədəfimiz heç bir uşağın məktəbdən kənarda qalmamasıdır. Bakı Nəqliyyat Agentliyi və Bakı Metropoliteni həftə içi günlərdə məktəbli geyimində olan uşağı məktəbə pulsuz daşımalıdır. Uşaq pul qazanmırsa, valideynin də nəqliyyat üçün ödəməyə pulu yoxdursa, uşaq oxumamalıdır?”