Bakının məşhur qonaqları – Azərbaycanlı aktyorların qısqandığı tacik sənətçi…    

0
952

Azərbaycan özünün qonaqpərvərliyi ilə məşhurdur. Ölkəmizə gələn əcnəbilər xalqımızın qonaqpərvərliyindən ürəkdolusu danışır, süfrəmizin zənginliyindən söz açır, Azərbaycan təbiətinin gəzməli-görməli yerlərinə valeh olduqlarını gizlətmirlər.

Ötən illər ərzində çox məşhurlar Bakıda qonaq olublar. Həmin məşhurların belə qısa və ya uzunmüddətlik səfərləri Bakının və insanlarımızın keçmişində silinməz izlər qoyub.
.
“Bakının məşhur qonaqları” layihəsində müxtəlif illərdə paytaxtımızda olmuş dünya şöhrətli simaların səfərindən, onların təəssüratlarından söz açılır, o səfərlərin şahidlərinin xatirələri təqdim edilir. Bakıya kimlər gəlməyib?!

Bu dəfə haqqında danışacağımız şəxs Azərbaycanda lentə alınan dörd filmdə yaddaqalan obrazlar yaratmış, kinomuzun Qazan xanı, tacik aktyor Həşim Qadoyevdir.

 

DOSYE: Tanınmış teatr və kino aktyoru, teatr rejissoru, yazıçı, SSRİ Xalq artisti (1988) Həşim Qadoyev 1937-ci il mayın 10-da Tacikistanın Qulyab şəhərində anadan olub. 1960-cı ildə Qnesin adına teatr məktəbini bitirən Qadoyev 1965-ci ildə eyni yerdə Ali Rejissorluq kurslarını başa vurub.

1961-ci ildə isə A.Lahuti adına Tacikistan Akademik Teatrında aktyor və rejissor fəaliyyətinə başlayıb. 1963-cü ildən isə kinodadır. Qadoyev aktyor karyerası boyunca Söhrab, Ferdinand, Hamlet, Xlestakov, İsmail Samani, Edip və s. rolları ifa edib.

Rejissor kimi isə bir çox tamaşaları, o cümlədən onlardan ən əsası olan “Edip”i 100 dəfədən artıq səhnələşdirib. H.Qadoyev 2008-ci ildə Abu Abdullah Rudakinin yubileyi münasibətilə bu böyük şairin həyat və yaradıcılığı barədə tamaşa hazırlamışdı.

Həşim Qadoyev tacik və xarici rejissorların 50-dən artıq filmində çəkilib. Onun fəlsəfi düşüncələri “Çərxi qardun” həftəliyində 10 ildən artıq çap olunub. Həşim Qadoyev 11 kitabın – “Rozho”, “Asso”, “Tanho”, “Əndişaho”, “Mən!?”, “Kunc”, “Kometalar”, “Donbuz”, “Ku”, “Düşüncələr”, “Mənim Söhrabım”ın müəllifidir.

Söhrab rolunu yaradarkən Həşim Qadoyev “rola daxil olmaq” üçün qədim ədəbiyyatı, memarlığı, həykəltaraşlığı, Firdovsi dövrünü, qədim sikkələri öyrənir, özündən geyimlər fikirləşir, idmanla məşul olub əzələlərini şişirdir, əlini, qolunu bərkidir. Bu cəfakeşlik öz bəhrəsini verir – teatr tənqidçiləri tamaşa haqqında müsbət fikirlər səsləndirərək, aktyor oyununa yaxşı qiymət verirlər.


“Rüstəm və Söhrab” filmi bugünə qədər Sovet dövrünün ən yaxşı tacik filmi hesab olunur.

Keçmiş İran şahı Məhəmməd Rza Pəhləvinin həyat yoldaşı, Şahbanu Fərəh Pəhləvi tacik aktyor Həşim Qadoyevin və onun tərəf müqabilinin “Rüstəm və Zöhrab” tamaşasındakı oyunundan elə təsirlənir ki, ağlayaraq huşunu itirir.

Teatr və kino fəaliyyətinə görə Həşim Qadoyev çoxsaylı mükafatlara layiq görülüb. Qadoyev 1973-cü ildə “Rüstəm və Söhrab” filmindəki Söhrab roluna görə Tacikistan SSR Dövlət mükafatına layiq görülüb. O, 1979-cu ildə Tacikistanın xalq artisti, 1987-ci ildə SSRİ Dövlət mükafatı laureatı və 1988-cu ildə SSRİ xalq artisti fəxri adlarını layiq görülüb.

Həşim Qadoyevin çəkildiyi filmlər sırasında Azərbaycan rejissorlarının ekranlaşdırdığı 4 film yer alır. Tacik aktyor təkcə bizim “Dədə Qorqud” filminə çəkilməyib. O, 1982-ci ildə “Məlikməmmədin nağılı” adlı Azərbaycan xalq nağılının motivləri əsasında çəkilmiş “Əzablı yollarla” filmində Qarayel rolunu oynayıb. Rejisor Tofiq İsmayılovun bu filmi Amerika kinoprodüserləri tərəfindən seçilibb 1989-cu ildə ABŞ-da nümayiş etdirilən 17 ən yaxşı sovet kinolenti siyahısına slınmışdı.

Həşim Qadoyev 1989-cu ildə rejissor Ənvər Əbluçun neftçilərin həyatından bəhs edən “Qara gölün cəngavərləri” filmində Qulu roluna da çəkilib.

Yalanın üzə çıxması

 

Həşim Qadoyev Azərbaycan tamaşaçısının yaddaşında Qazan xan kimi qalıb. O, 1975-ci ildə rejissor Tofiq Tağızadənin ekranlaşdırdığı “Dədə Qorqud”  filmində yaratdığı obrazla Azərbaycanda tanındı. Xatırlayırsınızsa, filmdə belə bir epizod var: Oğuz igidlərinin əlindən buraxılan nəhəng buğanı Qazan xan zərərsizləşdirir. Onunla güləşir, buğanı yerə yıxır və başını kəsərək Bayandur xanın hüzuruna gətirir.

Həşim Qadoyev sonradan öz vətəninə dönəndə  bu epizodla bağlı bəzi şişirtmələr edib. O, guya buğanı təkbaşına öz gücünə yıxdığını, bununla da baş verə biləcək faciənin qarşısını aldığını deyib. Ölkəsində verdiyi müsahibələrdə, çıxış etdiyi televiziya proqramlarında bunu belə söyləyib. Lakin yalanın ömrü 40 gün olar, deyərlər. Bir gün Qadoyevlə birlikdə “Dədə Qorqud” filmində çəkilən və Beyrək rolunu yaradan Rasim Balayev Tacikistana, “Pusqu” filminin çəkilişinə dəvət alır. Təsadüfən, həmin filmdə də Qadoyevlə bir çəkilməli olur. Fasilədə filmin aktyor heyəti Rasim Balayevə Qadoyevin “qəhrəmanlıq”ını danışıb öküzü necə yıxdığını nağıl edirlər. Qadoyev də düz Rasim Balayevin yanında oturub onları dinləyirmiş. Balayevin həqiqətləri açıb-tökəcəyindən ehtiyatlanırmış. Lakin Rasim Balayev uydurmaları başa düşsə də, Qadoyevi pis vəziyyətdə qoymamaq üçün deyilənləri qismən də olsa təsdiqləyir. “Deyəsən, belə bir şey olub” deyərək, vəziyyətdən çıxır. Lakin Rasim Balayev Azərbaycan mətbuatına verdiyi bir neçə müsahibəsində bu barədə həqiqəti danışıb:

 

“Tacikistanda filmə dəvət almışdım. Həmin vaxt təsadüfən Həşimin məhz həmin səhnə barədə sonradan öz ölkəsində danışdıqlarından xəbərdar oldum. Buğayla döyüş səhnəsi barədə gedib öz ölkəsində danışırmış ki, “buğayla təkbaşına döyüşdüm”. Sadəcə, gülməli idi. Çünki o buğanı neçə adam ram edirdi. Bir tərəfi üstə yıxırdılar, səhnə çəkilirdi, sonra o biri tərəfi üstə yıxırdılar. Beləcə səhnələr lentə alınır və montajla birləşdirilirdi. O da ağızdolusu “özüm buğayla tək döyüşmüşəm” deyirmiş. Köməksiz o, heç nə edə bilməzdi. Buğanın ayaqlarını iplə bağlamışdılar. 5-6 nəfər onu dartırdı. Məgər buğa beləmi gücsüz heyvandır ki, aktyor onunla təkbaşına vuruşsun?!  Sadəcə, kadrları elə çəkirdilər ki, guya buğanı yerə yıxır, döyüşür və qalib gəlir. Axırda da buğanı yerə yıxıb bıçağı çıxarır. Amma onu da deyim ki, həmin buğanı doğurdan da kəsdilər və filmdə Burla xatunun qarşısına qoyulan kəsilmiş baş məhz həmin buğanın başı idi”.

 

Lakin filmin ikinci rejissoru Akif Rüstəmov həm sovet, həm də müstəqillik dövründə “Dədə Qorqud”la bağlı mətbuata verdiyi müsahibələrində Qadoyevin dediklərinin doğru olduğunu bildirib: “Filmdə Qazan xanın buğanı yıxma səhnəsi də realdır. Həşim Qadoyev heç bir montaja razılıq verməyib özü çəkildi”.

 


Qısqanılan Qadoyev

 

Həşim Qadoyev Azərbaycan filmlərinə əsasən, bir üstünlüyünə görə dəvət alıb: idmançıları xatırladan cüssəsi, bədən quruluşuna görə…

“Dədə Qorqud”dakı Qazan xan, “Qara gölün cəngavərlərin”ndəki Qulu rolu üçün də bu keyfiyyətlərinə görə dəvət alıb. Amma hər iki halda azərbaycanlı aktyorlar onun dəvətini qısqanclıqla qarşılayıb. Bunu heç rejissordan gizlətməyiblər də. Həm Tofiq Tağızadəyə, həm də Ənvər Əbluca Həşim Qadoyevlə bağlı etirazlarını bildiriblər. Rejissorların isə cavabları oxşar olub. Onlar Qadoyevin bütün SSRİ-də məşhur olan “Rüstəm və Söhrab” filmində çəkilməsi üçün uzun müddət idmanla məşğul olduğunu, vücudunu obraz üçün lazımı kriteriyalara gətirdiyini, kinoya çox məsuliyyətlə yanaşdığını cavab olaraq bizim aktyorlara bildiriblər. Ənvər Əbluc Azərbaycan aktyorlarında belə keyfiyyətlərin zəifliyini, rol üçün idmana meyillənmədiyini birbaşa onların üzünə demişdi:

“Qulu obrazı idmançı görünüşünə malik, qollu-budaqlı bir roldu. Öz aktyorlarımızdan bir neçəsi ilə danışıq aparıb, onların müəyyən müddətə idmanla məşğul olmasının vacibliyini desəm də, heç biri razılaşmadı. Bir haşiyə çıxmaq istərdim, Həşim Qadoyev “Rüstəm və Söhrab” filminə dəvət olunarkən, ona məsləhət görülüb ki, bir qədər idmanla məşğul olsun, qollarında əzələ yaratsın. İşini, peşəsini sevən aktyor bir neçə ayda istənilən nəticəni ədə edib filmə çəkildi. Nəticədə də hamı tərəfindən qəbul olundu. Təəssüf ki, bizim aktyorlar belə məsləhətlərdən yararlanmırlar. Yəqin, elə bunun nəticəsidir ki, əksər vaxtlarda kənar studiyanın  aktyorları əsas filmlərimizdə baş rolda çıxış edirlər. Mən də çox fikirləşmədən Qulu roluna Həşim Qadoyevi dəvət etdim, insafən, o, çox maraqlı obraz yaratdı”.

 

Bizim aktyorlara dərs

 

Həşim Qadoyevin Bakı xatirələri  əsasən, “Qara gölün cəngavərləri” filmi ilə bağlıdır. O, Bakının əsas siması olan neft mövzusunda ekranlaşdırılan filmdə indi də yaddaşlarda qalan üstünlükəri ilə seçilib. Ənvər Əbluc filmdə Bağır rolunu oynayan və neft quyusunda qazıntı apararkən huşunu itirməli olan  Hacı İsmayılova təbiiliyi artırmaq üçün üz-gözünü neftə bulaşdırmasını söyləyir. Amma hər dəfə də görüb ki, Hacı İsmayılov pavilyondakı neftlə dolu vedrəyə iki barmağını salaraq, üzünə sürtür. Bu, rejissoru razı salmır. O, qəfil geri dönərək, Həşim Qadoyevin neft dolu vedrədə az qala,  “çimdiyini”, bütün pal-paltarını, üz-gözünü neftə buladığını görür. Axtardığını tapan rejissor bizim aktyora eyhamla “Hacı, bir ora bax” deyərək, Qadoyevi göstərir. Yəni, bax gör ki, əsl aktyor heç nədən çəkinməməlidir. Hacı İsmayılov da məhz bundan sonra özünü neftə bulayır.


“Üstəlik neft vannası…”

 

Azərbaycan aktyorları təbii ki, çox istedadlı və sənətsevərdilər. Kimlərisə onlardan üstün tutmaq fikrimiz yoxdu. Amma müəyyən mental dəyərlər var ki, onlar bizim aktyorların kompleksinə səbəb olub. Məsələn, rejissor filmin hazır kadrlarına baxanda narazı qalır, aktyorların üst-başı, üz-gözü neftə bulaşan zəhmətkeş neftçilərə bənzəmədiyini görür. Çıxış yolu kimi isə neftlə dolu iri çəllək gətirdərək, aktyorların onun içinə girməsini tapşırır. Lakin bizimkilərdən kimsə buna razı olmur. Belə olan halda Həşim Qadoyev işə keçir. O, “uşaqlar, camaat müalicə kursu almaq üçün haralarasa gedib, neftlə dolu vanna qəbul edir, siz nədən çəkinirsiz?” deyərək, özünü çəlləyin içinə tullayır. Bizim aktyorlar da ondan sonra çəlləyə tullanırlar.

 

Son olaraq….

 

Həşim Qadoyevin Bakı xatirələri yalnız çəkiliş pavilyonları ilə bağlı olub. Kinoya düşkün aktyor elə ölkəsinə gedəndə də Azərbaycanla bağlı xatirələrini danışarkən yalnız çəkiliş prosesində olub-bitənləri həvəslə nəql edib. Onu çəkilişdən sonrakı şəhər gəzintisi, başqa macəralar qətiyyən maraqlandırmayıb. Elə onun  Bakı xatirələrinin biri də yenə çəkiliş meydançasında yaşanıb. Adıçəkilən filmdə Ramiz Məlikovun oynadığı poruçik obrazı inqilabçı neftçi Qulunun evinə gələrək axtarış aparır. Bu zaman həyat yoldaşının yanında ona hörmətsizlik edir. Bundan hiddətlənən Qulu onu qaldıraraq zərblə evin küncündəki sandığın içinə tullayır. Həşim Qadoyev kadrın uğurlu alınması üçün R.Məlikovu düz 13 dəfə zərblə sandığln içində doğru atır. Amma rejissor hər dəfə narazı qalır. Axırda əli-qolu zədələnən, sandığın mismarından xəsarət alan Məlikov etiraz edir. Bu zaman yaradıcı qrup gülür. Sən demə, hələ ikinci dublda kadr alınmışdı. Sadəcə, Qadoyevlə Məlikovun gözəl oyunu çəkiliş heyətini onları yenidən izləmək istəyinə sövq etmişdi. N.Nihad\Modern.az

 

BIR CAVAB BURAXIN