Bakının azad olunmasının 100 illiyi ilə bağlı beynəlxalq simpozium öz işini başa çatdırıb

0
449

Sentyabrın 14-də Bakıda “Birinci Dünya müharibəsi dövründə Osmanlı dövləti – Azərbaycan əlaqələri və Qafqaz İslam Ordusu” mövzusunda beynəlxalq simpozium öz işini başa çatdırıb.

Arazinfo.com-a Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutundan verilən məlumata görə, Prezident İlham Əliyevin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” və “2018-ci ilin Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında” sərəncamlarına əsasən keçirilən simpozium Azərbaycanın Milli Ordusunun Qafqaz İslam Ordusu ilə birlikdə Bakını erməni-bolşevik işğalından azad etmələrinin 100 illiyinə həsr edilib.

Simpoziumun bağlanış mərasimində AMEA-nın Tarix İnstitutunun direktoru Yaqub Mahmudov və Türkiyənin Atatürk Araşdırma Mərkəzinin (ATAM) sədri Mehmet Ali Beyhan çıxış ediblər.

Yaqub Mahmudov Ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” sözlərini xatırladaraq, Azərbaycan-Türkiyə qardaşlığından danışıb: “Azərbaycan və Türkiyə ən ağır dönəmlərində bir-birlərinə dəstək olmuşlar. 1915-ci ildə Çanaqqalada azərbaycanlılar, 1918-ci ildə isə Azərbaycanda türklər birlikdə savaşmışlar”.

Tarixçi alim bildirib ki, Bakının erməni-bolşevik işğalından azad edilməsi Azərbaycan tarixində həyati əhəmiyyətə malik bir hadisədir: “Qafqaz İslam Ordusunun hərbi uğurlarında Azərbaycan xalqı, könüllü xalq dəstələri, o cümlədən Əliağa Şıxlinski, Həbib bəy Səlimov və başqaları fəal iştirak edib. “Azərbaycan Xalq Cümhuriyyəti İli” çərçivəsində Qafqaz İslam Ordusunun fəaliyyəti ilə əlaqədar Azərbaycan və türk xalqlarının qəlbində artıq qardaşlıq abidəsi ucaldılıb. Real həyatda ucaldılacaq abidə də buna müvafiq olmalıdır. Qardaşlıq abidələrində Azərbaycan və Türkiyənin dövlət bayraqlarının birlikdə dalğalanması hər iki tərəfin ürəyindən olardı”.

Y.Mahmudov deyib: “Tarix İnstitutunda aparılmış tədqiqatlar nəticəsində sübut edilib ki, 1918-ci ilə qədər Cənubi Qafqazda heç zaman erməni dövləti olmayıb. Böyük dövlətlərin və Osmanlı imperiyasının bəzi siyasi dairələrinin təzyiqi ilə Azərbaycan Xalq Cümhuriyyəti hökuməti 1918-ci il mayın 29-da qədim Azərbaycan şəhəri İrəvanı ətrafındakı 9 min kvadrat kilometrlik ərazi ilə birlikdə ermənilərə güzəştə gedib”.

Professor Mehmet Ali Beyhan bildirib ki, Qafqaz İslam Ordusunun xilaskarlıq missiyası Azərbaycanda və Türkiyədə hər zaman təqdirlə qarşılanıb: “Qafqaz İslam Ordusunun hərbi hərəkatı və zəfəri Türkiyə və Azərbaycanın ən çətin vəziyyətlərdə bir-birinin köməyinə düşünmədən çatacağını ən bariz şəkildə nümayiş etdirib. Bundan 100 il əvvəl baş verənlər Nərimanovun Mustafa Kamal Paşaya 1921-ci ildə göndərdiyi məşhur məktubunda dediyi kimi, “qardaşın qardaşa borc verməyəcəyini, qardaşın qardaşın əlindən tutacağını” göstərib”.

Beynəlxalq elmi konfransda Azərbaycan, Türkiyə və dünyanın digər ölkələrindən olan alimlər məruzələrlə çıxış ediblər. Konfransda “Qafqaz İslam Ordusunun formalaşmasında və fəaliyyətində Azərbaycan milli hərbi qüvvələrinin rolu”, “Osmanlı imperiyasının xarici siyasətində İrəvanın ermənilərə verilməsi məsələsi”, “Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinin Gəncə dövrü: iyun böhranı”, “Azərbaycan Xalq Cümhuriyyəti dövlət xadimlərinin Bakının azad edilməsində siyasi-diplomatik mübarizəsi”, “Böyük dövlətlərin Bakını ələ keçirmək siyasəti Almaniyanın arxiv sənədlərində”, “Bakı nefti və Azərbaycan Xalq Cümhuriyyətinin dövlət müstəqilliyinin tanınması məsələsi” və digər mövzularda məruzələr dinlənilib.

Xatırladaq ki, beynəlxalq simpoziumun təşkilatçıları AMEA-nın Tarix İnstitutu və Türkiyənin Atatürk Araşdırma Mərkəzidir.

 

 

BIR CAVAB BURAXIN