Bakılı polkovnikin qiyamı, tikə-tikə doğranan rəis, Tundrada qətliam…

0
587

“Havaya 10-a yaxın təyyarə qaldırmışdılar. Bombanı hara gəldi tökürdülər. Ağcaqanad kimi qırırdılar insanları. Yüzlərlə əsgər isə yerdən hücuma keçmişdi. Hələ tankları, topları demirəm. Minlərlə məhbus öldürüldü. Bir hissəsi isə Tundraya qaça bildi. Onlar da yəqin ki qurda-quşa yem oldu. Mehdiyevi isə tutdular”.

 

Bunu Andrey Malkin xatırlayacaqdı. Həmin hadisədən 50 il sonra. 1998-ci ildə…

…1930-cu illərdən başlayaraq, SSRİ-nin ucqarlarında həbs düşərgələri yaradılırdı. Bu düşərgələr Həbs Düşərgələri Baş İdarəsinə (Qlavnoe Upravlenie Laqerey) tabe olduğundan elə beləcə də adlanırdı – QULAQ. Xırda cinayətkarlardan tutmuş siyasi məhbuslara qədər çoxlu sayda dustaqların yerləşdirildiyi düşərgələr Maqadandan ta Murmanska qədər hər yerdə vardı. 1930-cu ildən 1953-cü ilə qədər 14 milyona yaxın sovet vətəndaşı QULAQ-dan gəlib keçmişdi. Onların arasında minlərlə azərbaycanlı da vardı. Bir ucu Şimal Buzlu okeanına dirənən Komi Respublikası da onlarla həbs düşərgəsinin yerləşdiyi ərazilərdən biriydi. Təkcə Vorkuta ətrafında 6 belə düşərgə vardı. Bu düşərgədə cəza çəkən azərbaycanlıların sayı isə 3 mini keçirdi… Bir qədər irəli gedərək qeyd edim ki, yazının sonunda Komidə, xüsusən də Vorkutada həbs düşərgələrində cəza çəkmiş bir qrup azərbaycanlının siyahısını dərc edəcəyik. Düzdür, onların arasında rus və yəhudi millətindən olanlar da var. Amma bir həqiqət də var ki, həmin şəxslər də Azərbaycanda doğulub yaşamış və burada həbs olunmuşdular. Onların arasında siyasi məhbuslar da vardı, ağır cinayət törətmiş şəxslər də. Amma o dövrün hadisələrini qələmə almış yazıçı Oleq Volkovun “Zülmətə atılmışlar” kitabında deyildiyi kimi, onların – yəni azərbaycanlıların çoxu bir türk ziyalısıydı. “Onlar burada nədən cəza çəkdiklərinin səbəbini də düz-əməlli anlaya bilmirdilər”.

 

…Kominin Peçora rayonunun Abez stansiyası yaxınlığında yerləşən həbs düşərgəsi isə ümumiyyətlə, beynəlmiləl bir düşərgə idi. Burada cəza çəkənlər arasında kimlər yox idi? İrland kommunist Mark O’Konnel, fransızlar Roje Buye, Anri Mulen, Jan Kok, Bernar de Vrier, Jak Kostikoff, Reymon Suaya, Roje Marke, Pyer Danzas, Aleksandr Meqebroff, amerikalılar Con Nobl, Bill Marçuk, Rey Spark, ingilislər Harri Kitinq və Peter Kartrayt, italiyalı Françesko Qulemonti, Salvator Petri, hətta iki seneqallı və bir mərakeşli.

 

Müharibənin ən qanlı-qadalı illərini arxada qoymuş azərbaycanlı aviasiya polkovniki Mehdiyev isə 3 ildən çox idi ki, Abez yaxınlığındakı düşərgədə cəza çəkirdi. Polkovnik Boris (bəzi mənbələrə görə Boran) Mehdi oğlu Mehdiyevin adını yəqin ki ilk dəfədir eşidirsiniz. Elə mən də sizin kimi…

 

1948-ci il iyulun 4-də onun başçılıq etdiyi üsyan barədə də sovet tarixşünaslığı susub. Onillərlə bu hadisə barədə bircə kəlmə də yazmayıb. Hətta Aleksandr Soljenitsın belə Nobel mükafatı aldığı “Arxipelaq QULAQ” əsərində bu üsyana bir-iki cümləylə toxunmuşdu. Qısqanc yanaşmışdı, Mehdiyevin adını isə ümumiyyətlə, çəkməmişdi.

 

Amma… Amma bayaq qeyd etdiyim kimi, 48-ci ilin iyul ayının 4-də Abezdən başlamış məhbusların bu üsyanı bütün Komini bürümüşdü. Və sovet hökuməti bu üsyanı yatırmaq üçün Şimal qütbündə əməlli cəbhə açmışdı.

 

***

 

…Həmin gün məhbusların hamam günüydü. İki gün əvvəl isə barakdan 3 məhbusu çıxarıb harasa aparmışdılar. Heç kimin məhbus yoldaşının başına nə gəldiyindən xəbəri yox idi. Hamama ilk olaraq Mehdiyevin briqadir olduğu dəstə aparıldı. Elə soyunma otağına girəndə məhbusları dəhşət bürüdü. Otağın bir küncündə qanlı köynəklər və şalvarlar atılmışdı. Suşin soyadlı məhbus şalvardakı yamağa işarə vurub, bunun yoxa çıxan məhbuslardan birin olduğunu bildirdi. Məhbuslar hamamdan çıxıb onları müşayiət edənlərdən nə baş verdiyini soruşdular. Əsgərlər heç nədən xəbərləri olmadığını dedilər. Beş dəqiqə sonra isə məhbuslara düşərgədəki zabitlərdən biri yaxınlaşdı:

 

– Onlar daha yoxdurlar. Heç meyitlərini də görməyəcəksiniz. Haydı hamama!

 

Mehdiyevin zabitin yaxasından yapışmağıyla, məhbusların əsgərləri tərksilah etməyi bir oldu. Dərhal barakın qapıları açıldı. Yüzlərlə məhbus bayıra axışdı. Gözətçilərin atəşi belə məhbusları saxlaya bilmirdi. Artıq ilk itkilər də vardı. Amma məhbuslar ildırım sürətiylə əsgər kazarmasına hücum etdilər. Onlarla məhbusun əlində silah keçmişdi. İyirmiyə yaxın əsgər və zabit öldürülmüşdü. Yerdə qalanlar isə əsir götürülmüşdü. Məhbusların qarşısını saxlamaq mümkün deyildi. Onlar ancaq Mehdiyevi eşidirdilər. Mehdiyev isə azadlığa çıxmış dəstəyə ilk əmrini verdi:

 

– Bəsdir qul kimi yaşadıq, cəza çəkdik! Qardaşlar, ölsək də, azadlıqda ölək!

 

Silahlanmış məhbuslar başqa düşərgələrə də hücum edib dustaqları azadlığa buraxmaq qərarına gəlmişdilər. Mehdiyevin planına görə, ilk hücum Labıtnanqdakı düşərgəyə oldu. Qısa atışmadan sonra əsgər və zabitlər təslim oldular. Bu düşərgədəki məhbuslardan biri rəis İvançukun gözlərini çıxardı. Sonra isə İvançukun meyitini tikə-tikə etdilər. Sən demə, düşərgə rəisi bir neçə gün əvvəl buradakı məhbuslardan dördünü tikanlı məftillə döydürmüşdü. Artıq 5 min dustaqda silah vardı. Yerdə qalanlar isə dəyənəklə, metal çubuqlarla silahlanmışdılar. Labıtnanqdan sonra İqarka və Peçoradakı düşərgələrə də hücum oldu. İntadakı düşərgədən də məhbuslar azad edildikdən sonra Mehdiyevin ətrafında az qala böyük ordu yaranmışdı: 30 min məhbus azərbaycanlı polkovnikin əmrindəydi.

 

 

Üsyan barədə Moskvaya xəbər çatmışdı. Moskva Komidəki hərbi qüvvələrlə üsyanı yatıra bilməyəcəyini gözə anlayırdı. Ona görə də Komiyə xüsusi dəstələr göndərmək qərarına gəlmişdi. Həmin dəstəni gətirəcək dəmiryolu isə dustaqlar tərəfindən partladılmışdı. Avtomobil yolundan isə söhbət gedə bilməzdi. Moskvadan hərbi birləşmələrin Komiyə gec çatacağına əmin olan Mehdiyev Vorkutaya hücum edib, oradakı şaxtalarda cəhənnəm əzabı yaşayan dustaqları xilas etmək əmri verir.

 

Avqustun 7-də dəstə Vorkutaya doğru hərəkətə keçir. 80 kilometrə yaxın yolu piyada qət etmək lazım olacaqdı. Vorkutaya 40 kilometr qalmış, Çum-Seyda qəsəbəsi yaxınlığında dəstə dincəlmək qərarına gəlir. Və…

 

…Səhər saat beşdə üsyançı məhbuslar təyyarələrdən atılan bomba səsinə oyanırlar. Mehdiyev “meşələrə dağılın” əmrini verir. Göydən isə bomba yağış kimi yağırdı. Hər tərəf meyitlə doluydu. Zarıyanların, yaralıların səsi bir-birinə qarışmışdı. İmdad diləyənlərə kömək edən yox idi. Az qala meyitləri tapdalaya-tapdalaya meşəliyə üz tuturdu məhbuslar. Meşədə isə pusqu qurulmuşdu. Dustaqların xəbəri yox idi ki, onlar hər tərəfdən mühasirədədirlər. Bu dəfə avtomat və pulemyot atəşi ilə qarşılaşdı onlar. Demək olar ki, hər ağacın dibində bir meyit vardı. Təslim olan dustaqları belə yerindəcə güllələyirdilər. Çox az adam Tundranın dərinliyinə üz tutub xilas ola bilmişdi. Üsyançılar pərən-pərən edilmişdi. Üsyanın rəhbəri Mehdiyev isə yarlı vəziyyətdə əsir götürülmüşdü.

 

Qaçan üsyançıların sonrakı taleyilə bağlı heç bir məlumat yoxdur. O cəhənnəmdən sağ çıxmış Andrey Malkinin dediyi kimi, böyük ehtimalla qurda-quşa yem olmuşdular. Təslim olub əsir düşən məhbusları isə baraklara yığıb güllələmişdilər.

 

Sonralar Saxarov Fonduna danışan keçmiş məhbus Yelena Vladimirovna Markova xatırlayacaqdı: “Bizi, yüzə yaxın qadın məhbusu kişilərin cəza çəkdiyi kazarmaya apardılar. Bu düşərgədəki məhbusların hamısını elə buradaca güllələmişdilər. Hər tərəf qan və insan beyni ilə doluydu. Və biz kazarmanı təmizləməliydik…”

 

Bəs Mehdiyev? Mehdiyevi isə ikinci dəfə məhkum etmişdilər: 25 il həbs cəzası alaraq Maqadana sürgün olunmuşdu. Onun sonrakı taleyindən də xəbər yoxdu…

 

 

***

 

 

Elə aşağıda adlarını görəcəyiniz azərbaycanlı məhbusların da çoxunun taleyindən indiyədək xəbər çıxmamışdı. Bir qisminin isə ömrünü necə başa vurduğu bəlli olsa da, yaxınlarının bu barədə məlumatsız olduqları ehtimal olunur.

 

Bu siyahıya diqqətlə baxın. Babanız, əminiz, dayınız, yaxın qohumunuzun adı ola bilər bu siyahıda:

 

 

Acayev Həbib Ramazan oğlu (1919-cu il, Bakı. Vorkutada cəza çəkib. 1 saylı şaxtada işləyib)

 

Əliyev Məhərrəm Dövlət oğlu (1920-ci il, Bakı. Ustvımlaqda cəza çəkib. Güllələnib)

 

 

Əhəd Ağarza oğlu  (1907-ci il, Bakı. Ust-Sısolsk da cəza çəkib)

 

Babuşkin Aleksandr İvanoviç  (1904-cü il, Bakı. İjemskdə cəza çəkib)

 

Bakin Aleksandr Mixayloviç  (1914-cü il, Bakı. Uxtijemlaqda məhbus həyatı yaşayıb)

 

Belodvortsev Yevgeni Konstantinoviç (1920-ci il, Bakı. Uxtijemlaqda olub)

 

Həmzəyev Heydər (1907-ci il, Bakı. Uxtada güllələnib. 1993-cü ildə bəraət alıb)

 

Gert Mixail Davıdoviç  (1914-cü il, Bakı. Uxtijemlaqda cəza çəkib)

 

Qasımov İltifat Həbibi oğlu  (1918-ci il, Bakı. Vorkutlaqda cəza çəkib)

 

Quliyev Əlibəy (1916-cı il, Bakı. Verxijemlaqda məhbus həyatı yaşayıb)

 

Məmmədov Səpfil Məmməd oğlu (1913-cü il, Bakı. Ustvımlaqda cəza çəkib)

 

Papkova Valentina Konstantinovna  (1922-ci il, Bakı. Uxtasovxozda olub. 10 il məhbus həyatı yaşayıb)

 

Məhəmməd Fətullazadə (“Ədalət” təşkilatının sədri olub. Uxtadagda güllələnib)

 

Rumyantsev Mixail Fyodoroviç (1908-ci il, Bakı. 25 il müddətinə həbsə məhkum edilib)

 

Abdullabəyov Həmdulla Ağabəy oğlu (1903-cü il, həkim. Ruhulla Axundovla birgə həbs edilib. Hüseyn Cavid və general Rokossovski ilə birgə cəza çəkib. Sonradan Komiyə sürgün edilib. Bəraət alandan sonra Bakıya qayıdıb, Tibb İnstitutunda çalışıb. 1985-ci ildə vəfat edib)

 

Xeyirov Əbdürrəhman Abdulla oğlu (1903-cü il, Bakı. Uxtijemlaqda cəza çəkib)

 

Lerker İosif İzraileviç (1886-cı il, Bakı. Vorkutada cəza çəkib)

 

Babayev Şirəli Qədeş oğlu (1897-ci il, Bakı. Vorkutada məhbus həyatı yaşayıb)

 

Mikayılzadə Əli Paşa oğlu (1888-ci il, Bakı. Vorkutada cəza çəkib)

 

Seyidmuradov Mirməhi Mirbabaş oğlu (1900-cü il, Bakı. Vorkutada məhbus həyatı yaşayıb)

Səbuhi MƏMMƏDLİ

Bakı-Sıktıvkar

BIR CAVAB BURAXIN