Bakıdakı “Marlboro” maşınları və ya büdcədən yayındırılan milyonlar…

0
720


İqtisadi mahiyyətinə görə aksizlər bir tərəfdən yüksək rentabelli məhsul istehsalından əldə edilən əlavə mənfəətin bir hissəsinin dövlət büdcəsinə tutulması, digər tərəfdən isə sosial cəhətdən zərərli malların istehlakının məhdudlaşdırılması məqsədilə tətbiq edilir. Aksizləri digər vergilərdən fərqləndirən əsas xüsusiyyət onların məhdud sayda məhsullara, yəni qanunvericilikdə ciddi surətdə “aksizli” adlanan mallara tətbiq edilməsidir. 1992-ci ildən tətbiq edilən aksiz vergisi əlavə dəyər vergisi ilə birlikdə dövriyyədən vergini əvəz etmişdir. Hal-hazırda dövlət büdcəsinin vergi gəlirlərinin tərkibində aksizlər kifayət qədər yüksək xüsusi çəkiyə malikdirlər.
Aksiz tutulan mallara, o cümlədən idxal mallarına aksiz markalarının tətbiqi Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş qaydalara əsasən tənzimlənir. Azərbaycan Respublikasının ərazisində istehsal olunan markalanmalı mallara tətbiq edilən aksiz markaları bu malların istehsal olunduğu yerdə onların istehsalçıları tərəfindən yapışdırılır. Respublika ərazisinə idxal olunan pivəyə tətbiq olunan aksiz markaları Azərbaycan Respublikasının gömrük-buraxılış məntəqələrində həmin malı idxal edən şəxs tərəfindən gömrük orqanlarının əməkdaşlarının nəzarəti altında yapışdırılmalıdır.
Aksiz markalarının üzərində Azərbaycan Respublikasının simvolları, seriya, sıra nömrəsi, təyinatı və növü əks olunmalıdır. Eyni seriyaya malik olan aksiz markalarının sıra nömrələri təkrarlanmamalıdır. “Daxili istehsal”, “idxal”, və “müsadirə” üçün nəzərdə tutulmuş aksiz markalarının rəngləri bir-birindən fərqlənir.
Vergilər Nazirliyinin və bu sahə ilə məşğul olan digər dövlət orqanlarının internet saytlarından götürdüyümüz bu məlumatlarla oxucularımızı çox yormadan keçək əsas məsələyə. Bildiyimiz kimi, aksiz vergisi tələb olunanlar sırasında tütün məhsulları da vardır. Bu məhsullar ölkədə ən çox istifadə olunan məhsullar sırasındadır. Tütün məhsullarının ölkəyə idxalından aksiz vergisi tətbiq olunmaqla dövlətimiz xeyli gəlir götürür. Götürürmü? Bakı şəhərinin müxtəlif küçələrində “Marlbro” sözü yazılmış siqaret satılan köhnə avtomobilləri, tinlərdəki köşkləri görəndə bu sualın üzərində bir az düşünməli olursan. Həmin köhnə avtomobillərdə və bəzi tinlərdəki köşklərdə aksiz markası ilə markalanmayan siqaretlər satılır. Deməli, həmin məhsulları satanlar vergidən yayınır. Bəs bu məhsullar ölkəyə necə gətirilir? Gömrük-keçid məntəqələrindən necə keçirilir? Dövlət Gömrük Komitəsinin ən çox yaydığı məlumatlardan biri məhz aksiz markasız siqaretlərin müsadirəsi ilə bağlıdır. Ancaq bu məhsulların sonrakı taleyi haqda heç bir məlumat verilmir. Həmin məhsullar məhv edilirmi? Qanunsuz şəkildə yenidən bazara çıxarılaraq dövriyyəyə buraxılmır? Bu suallara növbəti yazımızda cavab tapmağa çalışacağıq.
Hələlik şəhərin müxtəlif ünvanlarında aksiz markası olmadan satılan siqaretlərdən bəhs edək. Babək prospektində söhbətləşdiyimiz satıcıdan nə üçün aksiz markası olmayan siqaret satdıqlarını soruşuruq. Cavabı çox qəribə və əslində “məntiqlidir”: “Belə məsləhətdir. Siz narahat olmayın. Özlərinin xəbəri var. Siz bilirsiniz bu yoldan gündə nə qədər vergi, gömrük, polis və digər orqanların işçiləri keçir? Hələ indiyə kimi, bizə bununla bağlı heç nə deyilməyib”. Adam düz deyir da. Bu məhsulları paltosunun altında gizlədib satmır ki. Yolun ortasında bir köhnə avtomobilin üzərinə “Marlboro” yazılmış yekə bir lövhə qoyaraq siqaret satır. Və heç onun vecinə də deyil ki, aksiz markası olmayan məhsulların satışına görə onlar müsadirə edilməklə fiziki şəxslər 150 manatdan 250 manatadək, vəzifəli şəxslər 300 manatdan 500 manatadək, hüquqi şəxslər 1.500 manatdan 2.500 manatadək cərimə oluna bilər. Bu məhsulları satanlar onu da bilmirlər ki, saxta aksiz markaları ilə markalanmış məhsulları (malları) əldə etmə, saxlama və ya satma 2.000 manatdan 3.000 manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə islah işləri və ya 3 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Ancaq onların nə günahı var. Onlar müəyyən pul müqabilində satışı həyata keçirib dolanışıqlarını təmin edirlər. Belə məhsulları qanunsuz yollarla ölkəyə gətirib satdıranları tapıb cəzalandırmaq lazımdır. Onu da qeyd edək ki, aksizsiz məhsullar aksiz markası ilə markalanan məhsullardan heç də ucuz satılmır. Hətta onlardan daha baha qiymətə sırınır camaata. Deməli bu adamlar vergidən yayınmaqla külli miqdarda pul qazanırlar. İndi yazacağıq deyəcəklər ki, bəs yıxılanı baltalayırsınız. Yıxılanı baltalamırıq, o, elə qol budaq atıb ki, baltalamasan mümkün deyil. Bəs keçmiş vergilər naziri Fazil Məmmədovun işçiləri indiyədək hara baxırmış? Bu aksiz markası ilə markalanmayan siqaretlərin satıldığı maşınları heç vergi işçiləri görməyib? Əgər görüblərsə kiçik sahibkarların boğazına çökəndə milyonlar qazanılan bu işə niyə biganə yanaşıblar? Onlar indiyədək niyə cərimələnməyib? Yoxsa bu daşın da altından Fazil Məmmədov çıxacaq? Amma mənim şəxsi qənaətim budur ki, yeni nazir Mikayıl Cabbarov korrupsiyadan tamamilə kənar məmurdur və tezliklə bu işə də bir əncam çəkəcəkdir. Çox keçmədən vergidən yayındırılan milyonlar dövlət büdcəsinə yönəldiləcəkdir.
P.S. Bu məqamda İranın sabiq prezidenti Əhmədinejatın bir sözü yada düşür: “Atom bombası pisdirsə niyə Amerikada var, yaxşıdırsa niyə bizdə olmasın”. İndi adama deyərlər ki, bu siqaretlərin ölkəyə girişi qadağandırsa, niyə hər yerdə var, yox əgər qadağan deyilsə niyə qanunsuz satılır? (Cahanpress.com)

BIR CAVAB BURAXIN