Bakıda şok: maskalı dəstə evlərə hücum edir

0
568

Bakının Müşfiqabad qəsəbəsində bir qrup maskalı şəxs evlərə basqın edərək sakinləri soyurlar.

Bu barədə Axar.az-a qəsəbə sakinləri məlumat veriblər. Onlar bildiriblər ki, maskalı quldurlar hətta ev sahibi mənzildə olanda belə, onu bıçaqla təhdid edərək, qapını açmasını tələb edirlər:

“Son illərdə burada oğurluq halları artıb. Oğurluq hadisələrinin üstünün illərlə açılmaması soyğunçuları cəsarətləndirib. Artıq onlar gecə evlərə basqına keçiblər”.

Sakinlərin sözlərinə görə, 3 nəfərdən ibarət qrup başlarına maska keçirərək, evlərə girir. Hətta ev sahibinin mənzildə olması belə, onları niyyətlərindən daşındırmır.

Növbəti belə hadisə bu gecə, saat 03 radələrində qəsəbədəki şəxsi həyət evlərindən birində yaşanıb. Həyətə girən quldurlar qapını və pəncərəni döyərək, ev sahibini təhdid ediblər. Evdə ailənin oyanmasına baxmayaraq, pəncərəni qırmağa çalışan quldurlar əllərində bıçağı nümayiş etdirərək, qiymətli əşyaları, pul və qızılı tələb ediblər. Yalnız qonşulara xəbər yayılandan və DİN-in 102 Qaynar Xəttinə müraciət ediləndən sonra quldurlar gediblər. Ailə isə onları açıq-aşkar hədələyən quldurların qayıtmayacağına əmin deyil.

Sakinlər bildirib ki, qəsəbədə onlarla oğurluq hadisəsinin üstünün açılmaması, bunun ardınca isə maskalı quldurların açıq hücumu bu cinayətdə polisin əlinin olması haqda yanlış şübhə yaradıb:

“Artıq bu cinayətkarların polislə əlbir olmasını da düşünməyə başlamışıq”.

Sözügedən məsələ ilə bağlı Abşeron Rayon Polis İdarəsindən bildirdilər ki, Müşfiqabad qəsəbəsi Qaradağ və Binəqədi rayonlarının inzibati ərazisinə daxil olduğu üçün məsələ haqda həmin ərazilərdə fəaliyyət göstərən polis orqanları dəqiq bir fikir deyə bilərlər.

Qeyd edək ki, quldurluq hadisəsi Abşeron rayonu ərazisindədir. Hadisə ilə bağlı olay yerinə də Abşeron RPİ-nin əməkdaşı gəlib.

Sakinlər bildirir ki, bu, ənənəvi qaydadır. Hər belə hadisədən sonra bir polis əməkdaşı gəlir, bir neçə gündən sonra isə araşdırmanın taleyindən xəbər olmur.

BIR CAVAB BURAXIN