Sağ əlini əyib, axsayaraq avtobusa girir, özünü əlil kimi göstərib insanlardan pul toplayır. Avtobusdan düşdükdən sonra isə qolunu işlədərək və axsamadan yoluna davam edir. “20 Yanvar” metrostansiyasına daxil olur və bu dəfə qatarda əlil kimi dilənməyə başlayır…
Bununla bağlı sosial şəbəkələrdə yayılan video əslində bir fırıldağı ifşa edir. İnsanların hisslərindən istifadə edərək, onları necə aldatdığını göstərməkdən ötrü bir nəfərin çəkdiyi videodakı dilənçini axtarmaq üçün Xezerxeber.az-ın əməkdaşları “20 Yanvar” metrostansiyasının yaxınlığına baş çəkiblər. Məlum olub ki, çox insan bu dilənçinin qurbanı olub.
O da məlum olub ki, bu vəziyyət birinci dəfə deyil müşahidə olunur. Özünü fiziki qüsurlu şəxs kimi aparan belələrinin sayı kifayət qədərdir. Avtobus və taksi sürücüləri hər gün onlarla belə faktla rastlaşdıqlarını deyiblər.
Sakinlər də bu vəziyətlə tez-tez üzləşdiklərini bildiriblər. Saxta əlillərə görə ehtiyacı olanlara da pul verməkdən çəkinənlər var.
İnsanların mərhəmət hissindən sui-istifadə edərək pul toplayan peşəkar dilənçiləri şəhərin müxtəlif yerlərində görmək mümkündür. Özünü fiziki məhdudiyyəti olan şəxs kimi aparan bu insanlar obrazlarını dəyişməklə yanaşı, diləndikləri məkanları da tez-tez əvəzləyirlər.
Sosioloq, dilənməyi işləməkdən asan bilən və iş qabiliyyəti normal olan belə insanların digərlərinə də mənfi nümunə olduğunu deyir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: