Bakıda özəl klinikaya quldur basqını: həkim və xəstələri sürüyə-sürüyə küçəyə çıxardılar

0
804

11

Noyabrın 5-də Çobanzadə küçəsi, 24/05 ünvanında yerləşən “Nigar” klinikasına bir qrup şəxs tərəfindən basqın olub. Onlar xəstəxanaya soxularaq həkimləri, müalicə üçün qəbula gələnləri, hətta reanimasiyada olan xəstələri belə sürüyə-sürüyə küçəyə çıxarıblar. Xəstəxananın qapılarını qıraraq bütün mühasibat və bank sənədləri, möhür, hətta xəstəlik tarixçələri belə götürülüb, kompüterlər sıradan çıxarılıb.

Bu şikayətlə virtualaz.org-un redaksiyasına “Nigar” klinikasının təsisçisi, ixtisasca həkim olan iş adamı Şahbaz Şahbazov müraciət edib.

Onun sözlərinə görə, bunu edən ortağı İlham Məmmədovdur. Bir neçə ortaq şirkətləri olduğunu deyən iş adamının sözlərinə görə, o, bu xəstəxananın da 33% ortaqlığını tələb edib. Ş.Şahbazovun razılaşmadığını gördükdə, bu addımı atıb.

Xəstəxanadan köçürülən xəstələrin aqibəti məlum deyil. Nizami rayon məhkəməsi bu şəxslərin xəstəxanadan çıxarılması ilə bağlı qərar çıxarsa da, özəl xəstəxananın qanuni rəhbəri binanın həndəvərinə buraxılmır.

“İlham Məmmədovla 1998-ci ildən ortaqlığımız var, birlikdə bir neçə şirkət açmışıq. Bir müddət normal işləsək də, sonradan İ.Məmmədov mənə məxsus olan payı ələ keçirməyə başladı. Birlikdə açdığımız “Riyad Farm” şirkətini batırdı. İki ilə yaxındır ki, məni təqib edir. Ortaq olduğum şirkətlərdən bir ildir ki, 1 manat da olsun qazanc əldə etməmişəm. “Nigar” klinikasının isə ona heç bir aidiyyatı yoxdur. Bu klinikanı başqa bir ortağımla şərik açmışıq. Lakin klinikanın bir hissəsini ələ keçirmək istəyən İlham Məmmədov, onun əlaltısı İlham Qurbanov və onlara məxsus “Riyad” mühafizə şirkətinin qoçuları ilə birlikdə bizi işləməyə qoymur, ailəmə fiziki zor tətbiq edir. Noyabrın 5-də “Riyad” mühafizə şirkətinin 40-50 qoçusu xəstəxanamıza basqın edib, o vaxtdan bizi klinikamıza yaxınlaşmağa qoymurlar. Lisenziyalı şirkətin fəaliyyəti iflic olub. Xəstəxananın 70-ə yaxın işçisi küçəyə atılıb və maaşsız qalıb”.

Ş.Şahbazovun sözlərinə görə, bundan bir qədər öncə həyat yoldaşı, “Nigar” klinikasında həkim işləyən Arzu Şahbazova həmin qoçular tərəfindən vəhşicəsinə döyülüb. Buna səbəb isə A.Şahbazovanın həyat yoldaşının şərikli açdığı “Azintroil” MMC, “Vicdan 1”MMC və digər tikinti və ticarət obyektlərindən özlərinə çatacaq gəliri tələb etməsi olub: “Bununla bağlı Nəsimi rayon polis idarəsinə şikayət etmişik, hazırda həmin şikayət araşdırılır”.

Ş.Şahbazov bildirir ki, gənc yaşında dünyasını dəyişən qızının adını daşıyan klinika bərbad hala salınıb:

“Nigar” klinikası mənim 21 yaşında dünyasını dəyişmiş qızım Nigarın adınadır. Mən onun həkim olmasını istəyirdim, o isə hüquqşünas olmaq istədiyini bildirdi. Səbəbi belə əsaslandırdı ki, insanlar hüquqlarının pozulması səbəbindən xəstə olurlar. O, yaxşı hüquqşünas olub insanların hüquqlarını qoruya bilsə, onlar xəstələnməzlər. Mən qızımın bu şüarını xəstəxananın girişində şəkli ilə birlikdə vurmuşdum. Lakin qoçu dəstəsi xəstəxanaya girən kimi bu lövhəni də cırıq-cırıq edib. Bu hadisə mənə çox pis təsir etdi”.

Şikayətçi bildirir ki, şəriki İ.Məmmədov onu şantaj etmək üçün aldığı şirkətlərin əvvəlki sahiblərini taparaq onlara müxtəlif vədlər verir. Şantaj üçün hətta üzünü belə görmədiyi “pasient”lərdən istifadə olunur:

“8 il öncə aldığım müəssisənin köhnə sahibləri Ayaz, Bəyimxanım, Azad və Hikmət Məmmədovları tapıb. Bildiyimə görə, borcun içərisindədirlər. Onlara vədlər verərək məni şantaj edir. Məndən pul tələb edirlər və bildirilər ki, əgər bizə pul verməsən, o biri şəriklərini də tapıb pulunu əlindən alacağıq. İ.Məmmədov müxtəlif şəxslərin adından müxtəlif dövlət orqanlarına mənə qarşı şantaj dolu şikayətlər yazır. O, haqqı olmayanları tələb etmək üçün havadarlarına arxalanır. Heç vaxt müalicə etmədiyim xəstələrin adından müxtəlif orqanlara şikayət ərizələri yazılır ki, guya onlardan pul almışam”.

Şikayətçinin bildirdiyinə görə, bu azmış kimi, İ.Məmmədov yaşadığı Həsən Əliyev küçəısi, 10A ünvanındakı binanın 3-cü mərtəbəsində yerləşən şəxsi ofisi də zəbt edib. Liftin 3-cü mərtəbəni göstərən düyməsi qoparılıb, həyətə “Riyad” mühafizə şirkətinin əməkdaşları qoyulub. Ş.Şahbazov öz ofisinə də yaxın düşə bilmir.

Şikayətçi bildirir ki, İlham Məmmədov onun həyatı üçün təhlükə yaradır. O, daxili işlər, prokurorluq orqanları, hətta prezidentə qədər müraciət edib. Oktyabr ayının 28-dən özünə və ailəsinə qarşı hücumlar olduğunu deyən şikayətçinin sözlərinə görə, onu ölkədən çıxıb getməyəcəyi təqdirdə həbs olunacağı ilə hədələyirlər.

Gülnar Əliyeva

Foto Samirə Həsənovanındır

Virtualaz.org

BIR CAVAB BURAXIN