Bakıda Məhəmməd Əliyə ehsan verən şəxs axund imiş

0
781

Bakıda tanınmış ilahiyyatçılardan birinin əfsanəvi boksçu Məhəmməd Əlinin ruhuna ehsan verəcəyi xəbəri maraqla qarşılanıb. Lent.az-ın əməkdaşı Buzovna qəsəbəsində ehsan məclisinin təşkilatçısı Hacı Soltan Əlizadə ilə görüşüb.

H.S.Əlizadə bildirib ki, gənc yaşlarından etibarən dünyaca məşhur və nümunəvi hesab etdiyi idmançılara pərəstiş edib: “Həmin idmançılar arasında Məhəmməd Əli və iranlı güləşçi İmaməli Həbibi (Mazandaran pələngi) xüsusi yer tutub. Yadımdadı, biz gənc ikən Bakıda “Mazandaran pələngi” filmini nümayiş etdirirdilər, kinokluba gedib o filmi izləyərdik. Çox böyük tərbiyəvi əhəmiyyəti vardı. Daha sonra Məhəmməd Əlinin İslam dinini qəbul etməsi xəbəri dünyada sürətlə yayıldı. Onun nə qədər əqidəli, bütöv insan olduğunu hamı gördü”.

Qafqaz Müsəlmanları İdarəsinin qazısı, Buzovna qəsəbə Cümə məscidinin axundu olan H.S.Əlizadə Məhəmməd Əli ilə görüşmək istəsə də, bu arzusu həyata keçməyib: “Amma İmaməli Həbibi ilə görüşmək nəsib oldu. İranda onu çox qoruyurlar, bütün təhlükələrdən gizlədirlər. Bununla belə onunla görüşmək qismət oldu. Amma Məhəmməd Əli ilə görüşümüz baş tutmadı. Mən bu insanlara əqidələrinə, inamlarının bütövlüyünə görə pərəstiş etmişəm. Məhəmməd Əli haqqında kitab yazarkən bizim idmançılar Amerikaya gedirdi. Mənim də ora gedib Məhəmməd Əli ilə görüşmək şansım yaranmışdı. Amma bəzi səbəblərdən baş tutmadı. Ağacan müəllim onunla görüşündə mənim yazdığım kitabdan bəhs edib. O da çox sevinib. İçində 300 fotosu olan albomunu iki yerdən imzalayaraq mənə göndərmişdi. Həmin albomdan 40 fotonu seçib kitaba əlavə etdik”.

Onlarla kitabın müəllifi olan H.S.Əlizadə idman və idmançılar haqqında ümumilikdə 3 kitab yazıb. Bu kitablardan biri Məhəmməd Əli, biri İmaməli Həbibi haqqındadır. Digər kitab isə “İdman Antologiyası” adlanır. Maraqlıdır ki, bütün bunlara baxmayaraq onun ali təhsili yoxdur: “Nə qədər kitablar yazmışam, qazı adı veriblər. Amma ali təhsil diplomunu almağa həvəsim olmayıb. Düzü, dəfələrlə təklif də ediblər. Qiyabi təhsil alıb diplom əldə etmək imkanım olub, amma istəməmişəm”.

Məhəmməd Əlinin ruhuna ehsanın verilməsi ideyasına gəlincə, H.S.Əlizadə dedi ki, bu sırf onun təşəbbüsüdür: “Hər dəfə iftarı nəyəsə həsr edirik. Bu dəfə də istədim, Məhəmməd Əlinin ruhuna ehsan verək. Ona görə də bütün xərcləri öz boynuma götürdüm. Bir sıra tanınmış adamları, idmançıları da dəvət etdik. Təxminən 100 nəfərdən artıq adamın iştirak edəcəyini planlaşdırırıq. Amma daha çox da ola bilər. Hər halda qapımız açıqdır, bura da Allahın evidir. Kim istəyirsə, buyurub gələ bilər”.

Artıq saat 16-dan etibarən axşamkı ehsan mərasiminin hazırlığına başlanmışdı. Məhəmməd Əlinin fotoları divarlara bərkidilir, qonaqların yerdən oturması üçün döşəklər düzülürdü.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

16 − seven =