Bakı-Tiflis-Qars təkcə Ermənistan üçün deyil,Rusiyaya da təhdid sayılmalıdır

0
560

Bakı-Tiflis-Qars dəmiryolunun (BTQ d/y) açılması qlobal əhəmiyyətinə görə Bakı-Tiflis-Ceyhan neft kəməri qədər əhəmiyyətli hadisədir. Və həmişəki kimi Ermənistan Qafqaz regionundakı bütün önəmli layihələrinin xaricində qaldı.
Xatırladaq ki, 900 km-lik dəmir yolu tam gücü ilə işləməsi halında ildə 17 milyon ton yük və 1 milyondan çox sərnişin daşıımaq qabiliyyətindədir.
Layihənin Ermənistanda yaratdığı pərtlik və dilxorçuluğu görmək üçün onların mətbuatına nəzər salmaq kifayətdir. Rusiyanın ermənipərəst deputatı Konstantin Zatulinin Ermənistanın 1-ci informaisya saytına verdiyi müsahibə də bu əhval ruhiyyəni əks etdirir.
Zatulin müxbir Aram Sərkisyanla söhbətində BTQ d/y-nun həm Ermənistan, həm də Rusiya üçün təhdid olduğunu iddia edib: “Aydın məsələdir ki, bu layihə Ermənistan və Rusiya üçün ciddi rəqabət yaratmağa yönəlib. Çünki həmin dəmiryolu vasitəsilə həm sizin (Emrənistanın-red.) həm də bizim ölkəni yan keçməklə sərnişin və yük axınlarının reallaşdırılması planlaşdırlır. Bu, həm də əsas nəqliyyat kəmərlərindən Rusiyanı kənarda qoymaq istəyən saysız-hesabsız planlardan biri sayılır. Ermənistan isə sözün əsl mənasında “tabu” elan edilmiş ölkəyə çevrilir. (Tabu-qəti qadağan olunmuş yer, yasaqlanan torpaq və s.)
Erməni müxbir bu cür layihələrin əslində regional əməkdaşlığın və sabitliyin möhkəmlənməsinə də şərait yaratdığı barədə səslənən fikirlər barədə soruşub. Zatulin bunu inkar etməyib. O, dəmiryollarının bir infrastruktur olaraq uzunmüddətli perspektivdə sadə sərmayə quruluşundan daha vacib əhəmiyyət daşıdığını bildirib. “Bu cür yollar öz ətrafında müəyyən mühiti formalaşdırır və bunu anlamaq lazımdır”, – rus deputat etiraf edib.
Buna rəğmən, Konstantin Zatululin BTQ d/y-nun həm Ermənistan, həm də Rusiyaya qarşı yönəlmiş plan olduğu fikrində qalıb. “BTQ d/y məlum istiqamətdə çəkilən ilk nəqliyyat dəhlizi deyil. Bu yol sadəcə olaraq “Bakı-Tfilis-Ceyhan” neft kəmərinin dəmir yolu şəklini almış davamıdır”, – Zatulin bildirib.
Müxbir Rusiya və Ermənistanın hazırkı anda hansı addımlar ata biləcəyi və necə reaksiya göstərməli olduğunu da soruşub. Zatulin nə Rusiya, nə də Ermənistanın bundan ötrü müharibəyə girəcəyini söyləyib. Onun fikrincə, hər iki ölkə yük daşımaları üçün daha cəzbedici variantlar təklif edə bilər. Bunlardan biri də İranın Ermənistan vasitəsilə beynəlxalq nəqliyyat marşrutlarına qoşula bilməsidir. Lakin o, bunun üçün ən böyük əngəlin Gürcüstan olduğunu bildirib. “Gürcüstanın bu cür magistrallara maneçilik törətməməsi üçün onun maraqlarının nədən ibarət olduğunu araşdırmaq lazımdır”, – rusiyalı deputat vurğulayıb.
Zatulin indiki anda Rusiyanın Gürcüstana təsir imkanlarının zəif olduğunu da etiraf edib: “Gürcüstan xarici siyasi istiqamətini artıq müəyyən edib-Avroatlantik məkan. Burada Saakaşvilinin simasında anti-Rusiya güclərinin ağır məğlubiyyətinə, hakimiyyət qüvvələrinin dəyişməsinə rəğmən iki ölkə arasında münasibətlərdə hər hansı irəliləmə müşahidə edilmir. Çünki münasibətlərin kökdən yaxşılığa doğru dəyişməsi üçün Abxaziya və Cənubi Osetiya məsələsini həll etmək lazımdır ki, bu da olduqca çətin görünür”.(musavat.com)

BIR CAVAB BURAXIN