Bakı müharibə hazırlıqlarını gücləndirir – yeni silahlar gəlir

0
563

 

Azərbaycan, Rusiya və Ermənistan seçki zolağından çıxdı. Bu, o deməkdir ki, Qarabağ məsələsini, sülh danışıqlarını irəli aparmaq üçün seçki bəhanəsi daha mövcud ola bilməyəcək. Diplomatik danışıqları canlandırmağı indi həm də hərbi əməliyyatlar üçün ən əlverişli sayılan yaz-yay mövsümünün başlanması diktə edir. Necə deyərlər, hərb, yoxsa sülh dilemması artıq indi yeni bir bicimdə gündəmə qayıtmaqdadır. 

Bir şey dəqiqdir və bunu Moskvada da, İrəvanda da bilməmiş deyillər ki, Azərbaycan hazırkı status-kvoya və ya qanuni ərazilərinin işğal altında qalmasına sonsuzadək dözmək niyyətində deyil. Böyük sülhün uzanması isə Bakını öz hərbi qüdrətini və döyüş hazırlığını durmadan  artırmaq zorunda qoyur. Əksər hərbi və siyasi analitiklər bu xüsusda Azərbaycanın işğalçı Ermənistan üzərində öz əzici üstünlüyünü saxladığı qənaətindədirlər.

*****

“Azərbaycanla Ermənistan arasında konflikt qızışacağı təqdirdə Azərbaycan tərəfdən 90-cı illər istehsalı olan müasir silahlar ermənilərdəki 60-70-cı illərin köhnə silahlarına qarşı istifadə olunacaq. Yəni bütün bunlar əsla müqayisə olunmaz və Azərbaycan ordusunun texniki üstünlüyü Ermənistanın hərbi-texniki potensialını 6 dəfəyədək üstələyir”. “Yeni Müsavat”ın məlumatına görə, bu sözləri rusdilli Minval.az saytına rusiyalı tanınmış analitik və tarixçi, alim Oleq Kuznetsov deyib.

Oleq Kuznetsov ile ilgili görsel sonucu

Ekspert işğalçı ölkənin növbəti, 100 milyonluq kredit hesabına Rusiyadan silah almaq istəyinə də toxunub: “Hazırda Rusiyanın büdcəsində Ermənistanın silahlanması üçün pul yoxdur və çətin ki, belə bir şey planlaşdırılsın. Ələlxüsus o vaxtda ki, biz yaxşı bilirik ki, Ermənistan Rusiyanın təsirindən çıxıb Qərbə doğru gedir. Odur ki, Rusiyada heç kim potensial qeyri-müttəfiqə sponsorluq edəsi və ya onun silahlanmasını maliyyələşdirəsi olmayacaq”.

Politoloq Qarabağda müharibəni qaçılmaz hesab edir. “Hər halda, bu gün bütün ön Asiya o dərəcədə qaynar vəziyyətdədir ki, daha bir münaqişə ocağı mümkündür. Əgər şərti desək, Qərblə Şərq arasında konflikt çox dərinə getsə, o zaman qarşıdurma istisna deyil ki, özünü təkcə Suriyada deyil, Ukraynada, Qarabağda da göstərsin”, – deyə politoloq qeyd edib.

Ekspert vurğulayıb ki, Rusiyaya sərf edəndə o, Azərbaycanla Ermənistan arasında müharibəyə göz yumacaq: “Nədən ki, Ermənistanın Rusiyaya münasibətdə mövqeyi o dərəcədə ikiüzlüdür ki, erməniləri Putinin şəxsiyyəti belə qıcıqlandırır və mən bunu da istisna eləmirəm ki, günün birində Rusiya liderinin səbri, sadəcə, tükənə bilər. Bir nüansı da xüsusi qeyd edim ki, Qarabağ danışıqları başlanan zamanlardan Rusiya siyasətində problemin həlli – sərf prezidentin prioritet məsələsidir. XİN, Müdafiə Nazirliyi, Prezident Aparatı burada yalnız köməkçilər rolundadır. Yəni konfliktin yekun həlli yalnız birinci şəxsdən, Putindən asılıdır. Putin isə belə bir mövqedədir ki, ”alma özü yetişməli və düşməlidir”. Ona görə də Azərbaycanı müharibəyə, əlbəttə ki, heç kim həvəsləndirməyəcək, ancaq Bakının tamamilə qanuni hərəkətlərinə də – nə vaxt ki, bu hərəkətlər Rusiyanın maraqları ilə üst-üstə düşəcək, – fikrimcə, Rusiyada heç kim mane olmayacaq”.

*****

Bu arada Azərbaycanın yeni partiya müasir silahlar almağa hazırlaşdığı məlum olub. Belə ki, Belarus bu il ərzində “Polonez” reaktiv yaylım atəşi sistemlərinin ixracına dair ilk müqavilənin yerinə yetirilməsinə başlayacaq. Müqavilə çərçivəsində 10 “Polonez” kompleksinin ixracı nəzərdə tutulur və ilk alıcı da məhz Azərbaycandır.

Polonez roket ile ilgili görsel sonucu

Bu sensasion məlumatı nüfuzlu “Kommersant” nəşri Belarus Müdafiə Nazirliyinə yaxın qaynağa istinadən yayıb (Virtualaz.org). Mənbə deyib ki, 10 kompleksə raketlər, nəqliyyat-doldurucu maşınlar, idarəetmə məntəqəsi, radiolokasiya stansiyası və s. daxildir. O da bildirilir ki, müqaviləyə dair hüquqi sənədlər artıq final mərhələsindədir, müştəri isə “öz maliyyə məsələlərini həll edib başa çatdırmaq üzrədir”.

Mənbə əlavə edib ki, söhbət Belarus tərəfdən ayrılan kreditdən getmir. Yəni sifarişçi raketləri öz puluna alır. Qəzet xatırladır ki, Azərbaycan müdafiə naziri Zakir Həsənov ötən il Belarusda səfərdə olub və “Polonez” komplekslərinə baxış keçirib. Müdafiə naziri yaxın vaxtlarda yenidən Minskə səfər etməyə hazırlaşır.

“Polonez” kompleksləri 2012-ci ildə Moskvanın Minskə “İsgəndər” operativ-taktiki raketlərini verməkdən imtina etməsindən sonra işlənib hazırlanıb. Bu silah prezident Lukaşenkoya “bəzi qüvvələrin fəallaşmasına cavab olaraq” lazım idi. Lakin Rusiya raketləri verməkdən imtina edib, əvəzində təklif edib ki, Rusiya ordusunun “İsgəndər”lərlə silahlanmış birləşməsi Belarus ərazisində dislokasiya olunsun. Bu variant isə Lukaşenkonu qane etməyib və Belarus hərbi sənayesi Çinlə birlikdə taktiki-texniki göstəriciləri “İsgəndər” raketlərinə uyğun olan raket kompleksinin işlənib hazırlanmasına başlayıb.

Polonez roket ile ilgili görsel sonucu

“Polonez” kompleksləri ilk dəfə 2015-ci ildə Minskdə hərbi parad zamanı nümayiş etdirilib. Daha sonra raketlər poliqonda sınaqdan keçirilib və 450 kiloqramlıq döyüş başlığına malik raketlər 300 kilometr məsafədə hədəfi 10-20 metr dəqiqliklə vurub. Çinin A-200 raketləri ilə təchiz edilən, Belarus hərbi sənayesinin idarəetmə sistemi ilə hədəfə yönləndirilən “Polonez” kompleksləri yüksək dəqiqlikli silah sistemi kimi özünü doğruldub.

Əlavə edək ki, Azərbaycan Silahlı Qüvvələrinin belə raketlərə tələbatı 2016-cı ilin aprel döyüşlərindən sonra Rusiyanın Ermənistana 4 “İsgəndər” operativ-taktiki raket kompleksi verməsindən sonra yaranıb. Bu raketləri alandan sonra Ermənistan rəhbərliyi hər addımda lovğalanaraq Azərbaycanla hərbi tarazlığa nail olduqlarını iddia edirdi. İndi isə Azərbaycan Belarusdan daşıdığı raketlərin sayına və deməli, atəş gücünə görə “İsgəndər” komplekslərindən daha üstün olan 10 “Polonez” kompleksi alır.

“Polonez” kompleksi hər biri 450 kiloqram döyüş başlıqlı 8 raket daşıyır. Müqayisə üçün “İsgəndər” kompleksi hər biri 500 kiloqram döyüş başlıqlı cəmi iki raketə malikdir. Yəni indiki halda Ermənistanın malik olduğu 4 “İsgəndər” kompleksi eyni vaxtda maksimum 8 raket buraxa bilərsə, Azərbaycanın əldə edəcəyi 10 “Polonez” kompleksi 80 belə raketlə eyni vaxtda zərbə endirməyə imkan verəcək.

Demək, düşmən tərəfdə təlaşın daha da artacağı şəkk-şübhəsizdir.

“Yeni Müsavat”ın analitik xidməti

BIR CAVAB BURAXIN