Bahalı brilyant üzüyü birinci katibin arvadına kim bağışlamışdı?

0
744

1970-ci ildə Avropanın ən məşhur muzeylərinin (ad açıqlanmır) birindən oğurlanan 8 karatlı qədim brilyant üzük interpol vasitəsi ilə axtarışa veriləndə, məlum olub ki, həmin üzük SSRİ ərazisindədir. SSRİ DTK-sının sədri Yuri Andropov bu məsələni çox ciddi şəkildə öz nəzarətinə götürüb. Qısa müddətdən sonra həmin dövrdə Gürcüstanın daxili işlər naziri işləyən Eduard Şevardnadze brilyant məsələsi ilə bağlı Moskvada Andropovla görüşüb və bildirib ki, üzük Gürcüstanın birinci katibi Vasili Mjavanadzenin həyat yoldaşındadır, həmin üzüyü ona gürcüstanlı milyonçu, gizli sexlərə və müxtəlif təyinatlı qeyri-qanuni obyektlərə sahib olan Otar Lazişvili hədiyyə edib…

İstər Gürcüstanda, istərsə də Moskvada kifayət qədər əlaqələri olan Lazişvili məsələdən agah olanda, gecikmədən yaxın münasibəti olan SSRİ baş prokuroru Roman Rudenkonun yanına yollanıb. Ancaq görüş baş tutmayıb, DTK əməkdaşları onu baş prokurorun qəbul otağında həbs ediblər. İki sutkadan sonra isə qiymətli üzük birinci katibin ailəsindən geri alınıb. Bu hadisə Vasili Mjavanadze üçün vəzifəsini itirmək təhlükəsi demək idi. Gürcüstanda isə birinci katibə qarşı cəbhəni daxili işlər naziri Eduard Şevardnadze açmışdı.

Vasili Mjavanadze 1902-ci ildə Kutaisidə fəhlə ailəsində anadan olub. Yeniyetməlik yaşlarından şəhərin kiçik zavodlarında fəhləlik etməyə başlayıb. 1924-cü ildə hərbi xidmətə çağrılıb, elə bundan sonra da həyatını orduya bağlayıb, Leninqrad hərbi-siyasi akademiyasını bitirib.

1953-cü ilə qədər Mjavanadze ayrı-ayrı hərbi dairələrdə komandanların siyasi məsələlər üzrə müavini vəzifəsində xidmət edib, general-leytenant rütbəsi daşıyıb. 1941-1945-ci illərdə müharibə zamanı həm Nikita Xruşovla, həm də Leonid İliç Brejnevlə xidməti münasibətlərlə yanaşı, yoldaşlıq münasibətləri də olub. Bu münasibətlər gələcəkdə onun siyasi karyerasında mühüm rol oynayıb.

1953-cü ildə Nikita Xruşov hakimiyyətə gəldikdən sonra başladığı geniş miqyaslı kadr islahatında Gürcüstanla da bağlı öz qərarlarını verib. O, kadr seçimində keçmiş cəbhəçi yoldaşlarını unutmayıb və Vasili Mjavanadzeni Gürcüstana birinci katib təyin edib.

1961-ci ilə qədər Xruşovla Mjavanadzenin münasibətlərində heç bir problem olmayıb. Qarşılıqlı anlaşma və dostluq münasibətləri sayəsində hər şey öz axarında gedib. 1961-ci ildə partiyanın 22-ci qurultayına hazırlıq işləri gedəndə, Xruşov bu qurultayda İosif Stalinin nəşinin mavzoleydən çıxarılması məsələsini qaldırmağı planlaşdırıb. Bununla bağlı qurultayda bir neçə nəfərin təkliflə çıxış etməsi vacib sayıldıqda, Xruşov həmin şəxslərdən birinin Gürcüstan nümayəndəsinin olmasını zəruri sayıb. Onun göstərişi ilə Mjavanadzeyə çatdırıblar ki, qurultayda çıxış edərək Stalinin mavzoleydən çıxarılması məsələsini təklif etməlidir. Mjavanadze əvvəlcə bununla razılaşıb. Qurultaya bir gün qalmış isə Moskvaya gələn birinci katib təklif-çıxışdan imtina edib. Boğazını şərflə bağlayan Mjavanadze güclü soyuqdəymədən səs tellərinin xırıltılı olduğunu, tutulduğunu bəhanə edərək çıxışının mümkünsüz olduğunu söyləyib. Təbii ki, bu “uşaq bəhanəsi” Xruşovun qəzəbinə səbəb olub və o, əsəbi şəkildə Mjavanadzeyə münasibətini bildirib: “Biz sizsiz də, Gürcüstansız da Stalini mavzoleydən çıxaracağıq…” Və məlum olduğu kimi Xruşov öz istəyinə nail olub.

Mjavanadze ona qarşı dəyişən münasibətləri yaxşı hiss edib. Bütün mümkün variantlardan istifadə edərək Xruşovla əvvəlki münasibətləri bərpa etməyə çalışıb. 1963-cü ilin yazında Xruşov SSRİ-nin qonağı olan Fidel Kastro ilə Pitsundaya istirahətə gələndə Mjavanadze barışıq üçün yaxşı bir fürsət yarandığını zənn edib. Ali qonaqlar qonaq evinin böyük zalında süfrə arxasında söhbət aparanda Mjavanadze bu məclisə dəvət almayıb. Böyük zalla qəbul otağının arasındakı divar qalın şüşədən ibarət olub. Mjavanadze həmin qəbul otağında əyləşib məclisi kənardan seyr edib, gözünü qırpmadan belə gözləyib ki, bəlkə Xruşov onu zala dəvət edəcək. Düşündüyü kimi də olub. Xruşov hansısa bir məsələ ilə bağlı onu içəri dəvət edib. Mjavanadze yerindən hecə hövlnak qalxıbsa, içəri keçmək istəyəndə başı zərblə şüşə divara çırpılıb.

Hadisənin şahidi olan DTK general-leytenantı Leonov sonralar bu hadisəni belə xatırlayıb:
“Xruşov Mjavanadzeni zala çağıranda, o, elə sürətlə hərəkət etməyə başladı ki, ara divarının şüşədən olduğunu hiss etmədi. Zərbə çox güclü idi, elə bir səs çıxdı ki, sanki avtomat silahdan atəş açdılar. Onun bu vəziyyətinə hərə bir cür reaksiya verdi, Fidel Kastro yardım olunmasını xahiş etdi, Xruşov mühafizəçini tibb bacısının arxasınca göndərdi, moskvalı qonaqlardan biri isə gülməyini güclə gizlədirdi…”

Bu hadisədən çox keçməmiş Xruşov Mikoyanla söhbətində Mjavanadzenin yerinin dəyişilməsinin vaxtı çatdığını söyləyib. Mikoyan isə üstüörtülü olsa da, bu haqda Mjanavadzeyə xəbərdarlıq edib. Beləliklə, vəzifəsini itirmək təhlükəsində olan birinci katib Xruşovu özünə düşmən kimi qəbul etməyə başlayıb. Bu məqamda Mjavanadze digər bir cəbhəçi dostu Brejnevdən yararlanmağa başlayıb.

1964-cü ildə Xruşovun devrilməsinə hazırlıq işləri görüləndə Mjavanadze bu işə əsas dəstək verənlərdən biri olub. Beləliklə, uğurlu saray çevrilişindən sonra Mjavanadze hələ bir müddət də mövqelərini möhkəmlətməyi bacarıb.

Vasili Mjavanadze Gürcüstanda özünü mütləq hakim sayaraq gizli sexlər işlədənlərə, qeyri-qanuni ticarətlə məşğul olub milyonçuya çevrilənlərə himayədarlıq edib. Birinci katibin həyat yoldaşı Viktoriya, Brejnevin həyat yoldaşı olan digər Viktoriya ilə yaxın rəfiqəlik münasibətində olub. Gediş-gəlişlər münasibətləri daha yaxın edib. Qeyd edək ki, Mjavanadze ilə həmin dövrdə Ukraynanın birinci katibi olan Şelest bacanaq olublar.

Gürcüstanda yüksək vəzifələrə təyinat, partiya bileti almaq məhz böyük məbləğlər sayəsində Mjavanadzenin həyat yoldaşının əli ilə həyata keçirilib. Ailə çox zəngin yaşayıb. Mövcud sovet rejimində çəkinmədən və qorxmadan, təkcə Gürcüstanda 7 bağ və 6 mənzil sahibi olmaq heç də hər dövlət məmurunun cürəti daxilində olmayıb.

20 ilə yaxın bir müddətdə Gürcüstanın birinci katibi olan Mjavanadze, nəhayət, 1972-ci ildə Kremlə çağrılaraq təqaüdə göndərilib. Onu korrupsiyada ittiham etsələr də, hörmət əlaməti olaraq “istirahət”ə sakit buraxıblar.

Həmin gün isə Gürcüstan Siyasi Büronun xeyir-duası ilə növbəti birinci katibini, Eduard Şevardnadzeni qarşılayırdı.
Sabiq birinci katib ömrünün son illərini Moskvadakı bağında yaşayıb.

Vasili Mjavanadze 1988-ci ildə, 85 yaşında vəfat edib. O, Tbilisi şəhərində dəfn olunub.

İlham Cəmiloğlu, Musavat.com