Bəlkə cib telefonumu həmişəlik söndürüm? – Anar yazır

0
630

Arazinfo.com Kulis.az-a istinadən  Anarın “Zəng kiminçün çalınır” yazısını təqdim edir.

Telefonum zəng çaldı. Xəbər ilan kimi qulağımı çaldı: Rafiq Hüseynov rəhmətə gedib.

Təxminən bir ay bundan qabaq cib telefonuna zəng etmişdim. Həyat yoldaşı Səbinə xanım cavab vermişdi: “Rafiq komadan çıxdı, indi yaxşıdı”.

Çarəsiz xəstəliyindən xəbərim olsa da, hər halda hələ xeyli müddət yaşayacağına ümid edirdim. Sonra eşitdim ki, Bakıya gəlib və müalicəsinə davam etməkçün Almaniyaya aparıblar. Ən yüksək səviyyədə müalicəsi üçün Heydər Əliyev Fondu, şəxsən hörmətli Mehriban xanım hər şəraiti yaradıb. Sağ olsun!

Vaqif Səmədoğlunun bir şeiri var. Yusif ona telefonla atasının ölüm xəbərini çatdırır. Vaqif telefon dəstəyini qantelə bənzədir və “düşdü əlimdən dünyanın ən ağır qanteli” yazır.

Cib telefonlarının “qanteli” yoxdur, amma ara-sıra ilan kimi çalırlar. Keçən ay böyük saz ustası Ədalətin ölümüylə bağlı bir yazı yazmışdım. İngilis şairi Con Donnun misralarını xatırlatmışdım: Bir kəs öləndə soruşma ki, çan kiminçün çalınır? Çan səninçün çalınır. Hər insanın ölümü bəşəriyyəti azaldır və deməli, sənin də ömrünün bir parçasını özüylə aparır. Çanları telefon zəngləri əvəz etsə də, ölüm elə həmin ölümdür. Tanıdığın, yaxşı tanıdığın adamların itkisi dost görüşlərini,  ünsiyyət saatlarını xatirələr aləminə çevirir. Özəlliklə nəsildaşlarının itkisi. Nə qədər Nazım Hikmətin misralarını təkrar etmək olar: “Nəslimin yarpaq tökümü başladı”.

Bu artıq yarpaq tökümü deyil, meşənin qırılmasıdır. Yenə də Nazım: “Yaşamaq bir ağac kimi tək və hürr və bir orman kimi qardaşcasına”.

Hansı dramaturqunsa bu adda pyesi var: “Ağaclar ayaq üstə ölür”,  orman get-gedə seyrəlir, Hürr yaşamaq yaxşıdır, tək qalmaq çətin.

Hər nəslin sifətini teatrda, kinoda, televiziya ekranlarında təcəssüm etdirən şəxslər olur. Həsən Turabov bizim nəsli teatrda, Həsən Məmmədov kinoda, Rafiq Hüseynov TV ekranında təcəssüm edirdi. Həsənlərin ikisi də artıq yoxdur. İndi Rafiq də dünyasını dəyişdi.

Rafiq Hüseynov etibarlı dost, mövqeyində sabit, əqidəsində sadiq insan idi. Televiziyanın özəlliklərini dərindən hiss edən, doğma dilimizin bütün gözəlliyini, özəlliyini  dinləyiciyə, tamaşaçıya çatdıra bilən savadlı, nadir nitq mədəniyyətinə və qabiliyyətinə  malik sənətkar idi. Hər sahədə bilikliydi, ünsiyyətdə  yapışıqlı, maraqlı, zarafatcıldı, ömrünün xoş günlərində kefindən qalmayan oğlan idi. Gözəl musiqi hissi vardı. Mənə ifa etdiyi mahnılardan ibarət kaset bağışlamışdı. Hərdən ovqatımın müəyyən anlarında bu mahnıları dinləməyi xoşlayıram. Mahnılarda səmimi və  təsirli bir tərzdə uzaqlara getmiş dostundan, uzaqlarda qalmış gəncliyindən, amma hələ də sönməyən gənclik həvəsindən, sevgilərindən, ayrılıqlarından, İçərişəhərdən oxuyurdu. Geniş tanınmağın şirinliyini və acısını çəkmişdi, fərəhli illəri də olmuşdu, ağır günləri də…  Oğul itkisinin müsibətini də yaşamışdı, yenidən ata olmağın sevincini də. Hisslərlə, fikirlərlə, görüşlərlə, səfərlərlə, yorulmaz əmək fəaliyyətiylə dopdolu bir ömür sona yetdi.

Bu yazını aldığım acı xəbərin təsiriylə noyabrın 1-də yazıram. Noyabrın 2-si əziz dostum Emin Sabitoğlunun doğum günüdür. Yaşasaydı 80 yaşı olardı. Ölümünə bir gün qalmış dost məclisində yığışmışdıq. Mənim maşınımda Vaqif Səmədoğluyla birlikdə məni evimə ötürüb getdilər, səhərisi gün görüşməyi vədələşdik. O gecə yuxuda gördüm ki, Emin ölüb. Səhər tezdən telefon zəng çaldı. Dəstəyi Zemfira qaldırdı:

– Nə? Nə danışırsan?

Xəbəri mənə çatdırmamış:

– Emin ölüb?- dedim.

Tək qalmış qaya kimi

Uçulur sağım-solum.

Bilirəm gec-tez bir gün

Mənə çatacaq növbə.

Hələ ki möhlətə var –

Beş il, beş ay, beş saat.

Yaşamaq nə şirinmiş,

Necə qısaymış həyat.

79 yaşında həyatın qısalığından şikayətlənmək olmaz. Amma hər halda daha bəd xəbərlər eşitmək istəmirəm. Telefon zənglərindən diksinmək istəmirəm. Bəlkə cib telefonumu həmişəlik söndürüm?

Allah Rafiqə qəni-qəni rəhmət eləsin…

 

BIR CAVAB BURAXIN