BƏZƏN ƏL UZATDIĞIN SƏNƏ ZƏRBƏ VURUR  

0
914

 

 

Deyirlər vəfasız dost kölgə kimidir, işıqlı gündə səni izləyər, buludlu gündə gözdən itər. Mənə gəldikdə, dostum o adamdır ki, ona fikirlərimi aydın deyə bilirəm. Bu gün məhz belə bir dostumla qarşı-qarşıyayam. Sadiq, sözü haqqıyla üzə deməyi bacaran və ən vacibi sədaqətli, sözün əsl mənasında dost sözünün dəyərini bilən mahnılarıyla zövqləri oxşayan müğənni Aslan Hüseynovdur müsahibim.

 

Aslan bəy, sizcə niyə müğənnilər jurnalistlərdən tez-tez inciyirlər?

 

– Sözün düzünü deyəndə bəzi müğənnilər inciyir. Əslində bunun günahı müğənninin özündədir. Sənət adamı gərək nə danışdığını, neçə danışdığını bilsin. Yeri gəlsə özünü müdafiə eləməyi bacarsın. Səndən nə yazırlarsa sənin təkrarındır. Yəni nə demisən onu əks etdirirlər.

 

Haqsızlıqlar sizdən yan ötmədi. Bu sınaqlar sizi dəyişdirdimi?

 

– Bəli, mən bu imtahanlardan uğurla keçdim deyə bilərəm. Hətta o vaxt məni bəyənməyənlər indi mənə “müəllim” deyə müraciət edirlər. Fəxr edirəm ki, bu gün prezident tədbirlərində iştirak edirəm. Azərbaycanı qarış-qarış gəzmişəm, kəndlilər qarşısında çıxış etməkdən hər zaman məmnunluq duymuşam. Onların evinin qonağı da olmaq mənimçün şərəfdir. Fərqi yoxdur kasıb, ya dövlətli, əsas insan olmaqdı. Hamımız adi insanlarıq, kimsə kimsədən üstün deyil. Zəbt eləməmişik ki, bu səhnəni?! Məgər səhnədən bizi təcili yardımla aparmalıdırlar? (gülür). Hörmətli getmək lazımdı. Mən Alma-ata şəhərində ölməz sənətkarımız Müslüm Maqomayevlə görüşdüm, söhbət elədik. O, dedi ki, “vaxtında səhnədən getməyi bacarmalısan”. Təbii ki, bu belə də olmalıdır. Yoxsa ki, xırıldayır, səsi güclə çıxır, amma yenə də oxuyur. Zeynəb Xanlarova, Flora Kərimova bizim məktəbimizdi. Həm də böyük məktəbdir. Məktəbi olmayanlara nə deyək bəs? Əgər mən bu gün Zeynəbi xanımı, Flora xanımı, Nisə xanımı, Brilyant xanımı izləyib onlardan bəhrələnirəmsə, onlarla ünsiyyət qururamsa və onlar mənim salamımı alırlarsa, bu mənimçün şərəfdir.

 

Bütün bunlar sizi sındırmadı ki? Daha doğrusu sənətdən uzaqlaşmağınıza, küsməyinizə səbəb olmadı?

 

– Mən ümumiyyətlə sınan insan deyiləm. Heç vaxt heç kimlə qalmaqalım olmayıb.

 

Deyirlər şou-biznes qaranlıq meşədir. Orda hər adam baş tapa bilmir.

 

– Meşədən qorxmaq lazım deyil. Təzə gələndə bəzi haqsızlıqlar ucbatından getmək istədim. Hətta bu barədə Flora xanıma da fikrimi söylədim. O, məndən: ”Aslan, kimlərlə aran dəyib”, deyə soruşdu. Mənim həmin vaxt bəzi sənətdə olan adamlarla münasibətim yaxşı deyildi. Yeri gəlmişkən onlar indi yoxdurlar deyə bilərəm. Flora xanım da münasibətini bildirdi. Dedi ki, “mən heç sən sadaladığın adamları tanımıram. Səni Polad Bülbüloğlu kimi sənətkar qiymətləndirir, mən, Nisə xanım sənə oğlum, Brilyant xanım qardaşım deyir. Əgər sən dediyin adamları bizə dəyişirsənsə, deməli zəif adamsan. Qərarın qətidirsə, çıxıb getməkdə qərarlısansa, get, amma mənim telefon nömrəmi də sil”. Flora xanımın bu sözləri mənə çox təsir elədi və düşündürdü. Düşündüm ki, doğrudan da adı heç bir dəftərdə olmayan bu cılız insanlara görə niyə millətimdən, vətənimdən uzaq düşməliyəm. Şükürlər olsun ki, bu gün istər yaşlı nəslin nümayəndələri, istərsə də gənclər məni görəndə tanıyır, hörmət göstərirlər. Sevilirəmsə, bu mənim uğurumdu.

 

Aslan bəy, bəziləri deyir ki, şou-biznes yoxdur. Bəziləri şou-biznes var, amma mən orda deyiləm deyə fikir bildirir. Siz hardasınız?

 

– “Mən şou-biznesdə deyiləm” fikrini sənəti olan adamlar deyir. Çünki onlar inciyir ki, gör bu gün şou-biznesdə kimlər meydan oxuyur. Bir gün adı heç yerdə hallanmayan meyxanaçı sənət əfsanəsi Flora xanıma dedi ki, ”Flora xanım, gəlin etiraf edək ki, bu gün məni yetmiş faiz dinləyir, amma sizi otuz faiz”. Flora xanım da üzünü ona tutdu: ”oğlum, o gün olsun ki, sənə məni dinləyən otuz faiz qulaq assın”, deyə cavab verdi. Özbəkistanın xalq artisti Nəsibə xanım Abdullayeva ilə çox gözəl dostluq münasibətlərimiz var. O, mənə dedi ki sizin probleminiz bilirsiz nədir? Rəşidi, Müslümü, Şövkəti, Rübabəsi olan millətin musiqi arenasına gör kimlər gəlir. Zövqlər, düşüncələr korlanır. Ən böyük müharibəniz budu. Mən bunu bütün gənclərimizə şamil etmirəm. Savadlı ifa, zövqlü musiqilərimiz də var. Aygün Bəylər də bir dəfə çıxışında təəssüflə bildirdi ki, “bu gün belə “ifaçıların” zamanıdır”. Demirəm mən sənətkaram, amma ən azından yaxşı sənəti olan adam kimi tanınıram. Azərbaycana gələndə altı-səkkizlik ritmi eşidənlər deyirdilər ki, “Aslan, özbək ritmi burda tutmayacaq. Aranjemanlarını Azərbaycanda elə”. Bu gün artıq demək olar ki, əksər musiqilərimiz bu ritm altında ifa olunur. Buna görə düşünürəm ki, mənə çox sağ ol düşür. Bu ritmi Azərbaycana mən gətirmişəm. Mən fəxr eləyirəm ki, necə il Daxili İşlər Nazirliyinin solisti olmuşam. Mənimçün böyük şərəfdir ki, məni bu vəzifəyə hazırkı Müdafiə Nazirimiz çox hörmətli Zakir Həsənov qəbul eləmişdi. Bəlkə də bu gün məndən çox əsgərlərimiz qarşısında, qocalar, uşaq evlərində çıxış eləyən müğənni yoxdur. Şəhərdə sorğu götürülərkən adları bəyənilənlər siyahısında çəkilən müğənnilər gedirmi o yerlərdə konsert verməyə? Getsələr də tək deyil, kameralarla görünəcəklər. Bir qoyun kəsəndə belə onu təmtəraqla nümayiş etdirirlər. Etdiklərimə Allahım şahiddir. Bu mənimçün daha vacibdir. Bizi soyuqda, şaxtada qoruyan əsgərlərimiz qarşısında çıxış etmək borcumuzdu. Bu gün elə bir vəziyyət yaranıb ki, vaxtilə xalqın sevib seçdiyi müğənnilər öz millətinin zənginə cavab vermir, onlardan gizlənirlər.

 

Həyatdan qorxunuz çoxdur, ya insanlardan?

 

– Həyatın gedişini insan tənzimləyir. Taleyi də insan üçün Tanrı yazır. Mən hüquqşünasam. Özümü müdafiə etməyi çox yaxşı bacarıram. Yalandan da olsa üzümə gülürlər. Amma arxada nə söhbətlər gedirsə, qətiyyən marağında deyiləm.

 

Aslan bəy, maraqlıdır, ailən haqqında heç vaxt danışmırsınız…

 

– Ailəm haqda danışmağı qətiyyən sevmirəm və bunu heç kimə məsləhət də bilmirəm. Ailə mənimçün müqəddəsdir. Elə danışmaya-danışmaya mən o ailəni qoruyub saxlamışam. Heç kimə aidiyyatı yoxdur mən necə yaşayıram. Mən müğənniyəm, sənətim var. Maraqlı bu olmalıdır. İndi elə vəziyyət yaranıb ki, soruşmurlar təzə mahnınız var? Maraqlanırlar ki, filan müğənni kiminlə yaşayır? Belə gündəm mənə lazım deyil.

 

Sonuncu dəfə nə vaxt sevinmisiniz?

 

– Mən hər sabah oyananda sevinirəm. Tanrıma şükürlər edirəm, dualar oxuyuram. Əgər ailəm salamatdırsa, mətbəxdə uşaqlarımın sevinc səslərini eşidirəmsə, o sevinci heç nəyə dəyişmərəm. Hər günümə sevinirəm. Şükürlər olsun atam, anam salamatdır, övladlarım toxdur, nə villam, nə də kreditdə iki yüz minlik maşınım yoxdur.

 

Hansı kaprizlərinizə dözmək olmur?

 

– Çox əsəbiyəm. Haqsızlığa dözə bilmirəm. Heç vaxt efirə çıxmaq üçün xahiş etməmişəm. Allahın nəzərində olmaq mənimçün xoşbəxtlikdi. Əsas odur ki, Tanrının yadından çıxmayım.

 

Nəyiniz çatmır?

 

– Həyatda saxtakarlıq olmasın. Bəzən dost dediyin adam sənə düşmənçilik eləyir. Əl uzatdığın sənə zərbə vurur. Təbii ki, bu bir sınaqdır həyat yolunda. Sadəlik mənimçün çox vacibdir. Heç vaxt özümü heç kəsdən üstün bilməmişəm. Mənə deyirlər, niyə özün mağazaya gedirsən? Deyirəm mən də  hamıdan biriyəm. Sənətkarlardan bəziləri mənə: ”Aslan, bura Özbəkistan deyil ki, baş əyib salam verirsən”, deyə irad tuturlar. Orda insanlar əllərini sinəsinə qoyub hörmət əlaməti olaraq bu cür salam verirlər. Qəribədir ki, burda salam verərkən səni başdan ayağa süzüb sonra cavab verirlər. Salamımız da artıq fərqli olub. Axı biz belə millət deyilik. Başqasının uğuruna sevinməyi bacarmaq lazımdı. Niyə paxıllıq eləyək? Bu gün səmimiyyətə ehtiyacım var. Heç kimin qapısını döyüb nəsə istəməmişəm. İstədiklərim, arzuladıqlarım Allahdandı.

 

  1. S: Ən gözəl fikir də pis ifadə edildikdə qiymətini itirir. Mənim qiymətli dostumsa fikirlərində dürüst olub yaşadıqlarını kitab kimi bir-bir vərəqlədi. Zamanların zalımı arzularına əl uzadanda arxasına belə dönmədən uzaqlaşmaq istəmişdi. Amma kimdən?! Xəyallarından, ruhunu çevrələyən pisliklərdən qaçmaq istəsə də, onu bura bağlayan vətən sevgisi vardı. Sabah ruzigarın onu hara aparacağını bilməsə də, qəlbindəkilərin qiymətini yaxşı bilirdi. Pisliklərin kölgəsindən gerçəklərin uzaqlaşacağını, ümidlə açdığı vətən qapısında işıqlı sabahların onu gözlədiyinə bütün varlığıyla inanırdı…

 

Müəllif  Mətanət Şamilqızı

BIR CAVAB BURAXIN