Bəlkə Kreml bir nəzər salsın? Axı Caqaryanla Minasyan oradadır!

0
480

Müttəfiqlərin arasından qara pişik qaçıb. Hərçənd Ermənistan başçısının kürəkəni Mikael Minasyanın  hazırda maskası tamamilə yırtılmış “xəlvəti diplomatiyası”ından sonra Moskva ilə İrəvanı etibarlı müttəfiqlər adlandırmaq üçün gərək xeyli tərəddüd edəsən. Sərkisyan klanı Brüsseldə Moskvanın kürəyinə xəncər saplamağa imkan tapmamış Tehranda digər tanınmış rusiyalı diplomatın, cənab Lavrovun həmyerlisi-Rusiyanın İrandakı səfiri Levan Semyonoviç Caqaryan lap Vladimir Putinin öz layihəsinin-“Şimal-Cənub” nəqliyyat dəhlizinin gələcəyini şübhə altına qoyan sözlər danışıb.

Ermənistanı təmsil edən diplomatın Brüsseldə imperiya haqlarını və maraqlarını əlinin arxası ilə kənara itələdiyi kimi Tehranda da Putinin geostrateji layihəsini erməni diplomat pozmağa çalışıb, hərçənd Rusiyanı təmsil etsə də. Söhbət Ermənistanın yox, Rusiyanın səfirindən gedir! Levan Caqaryan kadr diplomatdır, uzun müddət Rusiya XİN-in MDB deparatamentinin rəhbəri işləyib. Ona görə də o çətin ki, müvafiq direktivlər olmadan xarici diplomatik missiyalarla görüşlərdə və söhbətlərdə sözləri necə gəldi səpələsin, qarşısına çıxan hər kəsi Rusiyanın  Azərbaycanın da iştirak etdiyi “Şimal-Cənub” dəhlizində qətiyyən maraqlı olmadığı haqda məlumatlandırsın. Üstəlik auditoriyanı çoxdan yaddan çıxmış və perspektivsiz İran-Ermənistan dəmir yolu layihəsinə inandırmağa çalışsın.

Lakin əgər Brüsseldəki böyük satqınlıq Kremlin maraqlarına qarşı yönəlmişdisə və bu təkcə Moskvanın baş ağrısıdırsa, “Şimal-Cənub” nəqliyyat dəhlizinin qarşısına daş dığırlamaq birbaşa Azərbaycanın da geosiyasi-iqtisadi perspektivlərinə təsir edir. Hərçənd bu, ilk növbədə Rusiyanın özünün maraqlarına zərbədir.

Əks halda necə ola bilər, axı ümumi uzunluğu 5.6 min kilometr olan “Şimal-Cənub” nəqliyyat dəhlizi Azərbaycandan və İrandan keçməklə Rusiyanın Hindistanla, Baltik regionu ilə kommunikasiya əlaqələrini təmin edir. Bu dəhlizlə Rusiyanın ən ucqarlarından belə dəniz və quru yolu ilə yükləri Mumbaya daşımaq üçün cəmi 14 gün vaxt lazımdır. Yeni marşrut Süveyş kanalından keçən ənənəvi marşrutdan iki dəfə qısadır.

Təxminən bir il əvvəl Bakıda prezident İlham Əliyevin təşəbbüsü ilə Bakıda İran və Rusiya prezidentlərinin də iştirakı ilə keçirilən üçtərəfli sammitdə bu beynəlxalq dəhlizin qərb qanadının tikintisi məsələsi detallı şəkildə müzakirə olunmuşdu.

Bu haqda 2016-cı il avqustun 8-də Bakıdakı çıxışında V.Putin  açıq demişdi: “Bizə “böyük qafqaz üçlüyü” üçün “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi vacibdir. Bu dəhliz Hindistanı, İranı, Fars körfəzi ölkələrini Azərbaycan və Rusiya ilə birləşdirəcək, daha sonra Avropaya uzanacaq. Dəhlizin Azərbaycanla İranı birləşdirəcək hissəsinin tikintisinə “Rusiya dəmir yolları” operatorluq etməyə hazırdır”.

Əlbətdə, “Şimal-Cənub” dəhlizinin reallaşması imkanlarını İranla Ermənistanı birləşdirən dəmir yolunun tikintisi imkanları ilə müqayisə etmək mümkün deyil. Xüsusən də Rusiya ilə Gürcüstan arasındakı münaqişəni nəzərə alanda. Başqa məsələdir ki, multimodal yük daşımaları İranla Ermənistanın maraqlarına uyğundur. Ancaq beynəlxalq dəhliz Gürcüstandan keçməlidir və oradan Rusiyaya uzanmalıdır, bəs Gürcüstanla ərazi problemini nizamlamadan bu problemi necə həll etmək olar? Görünür bu sual Caqaryanı maraqlandırmır, o, ancaq bir məqsəd güdür ki, iranlılara eyham etsin-Moskva Azərbaycandan keçən beynəlxalq dəhlizdə elə də maraqlı deyil. Maraqlıdır, bu, səfirin özünün, yoxsa Rusiya XİN-in mövqeyidir? Ümumiyyətlə, Rusiya XİN buna necə reaksiya verir?

Belə görünür ki, səfirin dedikləri böyük ölçüdə Azərbaycanın regional layihələrdən təcrid etdiyi  Ermənistanın maraqlarına cavab verir. Rəsmi Bakının səyləri ilə Ermənistan bütün strateji regional layihələrdən kənarda qalıb.

Erməni siyasi elitası dərk edir ki, tezliklə “Şərq-Qərb” dəhlizi kimi “Şimal-Cənub” dəhlizi də işə düşəcək, ilkin mərhələdə bu dəhlizlə ildə 3-5 milyon ton yük daşınacaq. Nəticədə Azərbaycan regionun mərkəzi və iri nəqliyyat xabına çevriləcək, ölkəyə milyardlarla dollar tranzit gəlirləri daxil olacaq. Azərbaycan hazırda Bakı-Tbilisi-Qars dəhlizinin açılmasına hazırlaşır, Astara-Rəşt dəmir yolunun tikintisindən sonra isə bu iki beynəlxalq dəhliz birləşdiriləcək.

Regional və dünya aktyorlarını Azərbaycanla bax bu cür nəhəng və qlobal layihələr birləşdirir. Bu da Cənubi Qafqazın aparıcı ölkəsi kimi Azərbaycanın siyasi rolunu, mövqelərini möhkəmləndirir. O zaman bu layihələrə qarşı mübarizə aparmaq üçün Ermənistandan başqa kim səy göstərsin ki?

Lakin nədənsə işğalçı ölkənin bu missiyasını bəzi rusiyalı diplmatlar və səfirlər yerinə yetirir. Maraqlıdır ki, buna Kremldə və Rusiya hökumətində necə baxırlar?

Hərçənd son ildə bu məsələdə Azərbaycandan tez-tez Kremlə müraciət edirlər. Moskvadakı erməni diasporunun nümayəndələri, Rusiyanın dövlət institutlarında təmsil olunan ermənilər getdikcə daha tez-tez Rusiya-Azərbaycan strateji tərəfdaşlığına qarşı manelər qururlar. Bu məsələdə Aram Qabrielyan, Marqarita Simonyan, Artur Canibekyan kimi Rusiya KİV-lərində işləyən ermənilər öndə gedirlər…Paradoksaldır, amma bu günlərdə Füzuli rayonunun Alxanlı kəndində ermənilərin açdığı atəşlə iki mülki şəxs-qadın və iki yaşlı nəvəsi həlak olanda Rusiya XİN-in mətbuat xidməti bu qeyri-insani, alçaq əməli pisləyib başsağlığı vermək əvəzinə sanki ələ salırmış kimi, rəsmi Bakını ermənilərin Azərbaycana girişinə əngəl yaratmaqda günahlandırmışdı!

Sanki bu bəyanatın müəllifləri Azərbaycanda ictimai əhvalı qəsdən qızışdırmağa , azərbaycanlılarda aqressiya və nifrət yaratmağa, onların Rusiyadan qəlbən üz döndərməsinə çalışırdılar. Bu diplomatik səhv, xəta, yaxud kabinetlərdə hazırlanmış hansısa planın tərkib hissəsi idi?

Belə görünür ki, bu, Rusiya-Azərbaycan tərəfdaşlığına vurulan daha bir xain zərbə, Rusiyanın Cənubi Qafqazdakı maraqlarına arxa çevirmək idi. Necə ki, Brüsselin və Tehranın nəzərlərdən uzaq künc-bucağında Minasyan və ya Ciqaryan Putinlə Əliyevin birgə layihəsini əlaltdan pozmağa çalışır. Ağlasığmazdır, ancaq bu xain mübarizə Moskvadakı bəzi siyasi mərkəzlərin xeyir-duası ilə aparılır. Axı onlar təkcə Azərbaycanın yox, Kremlin də maraqlarına zərbə vururlar!

Sərkisyanın kürəkəninin gizli diplomatiyası və səfir Caqaryanın Tehrandakı hiyləgərliyi, Rusiya XİN-in həmin yersiz bəyanatı Rusiya ermənilərinin Azərbaycana qarşı genişmiqyaslı çirkin kampaniyasının ayrı-ayrı epizodlarıdır. Əgər Ermənistanla Rusiya arasında qara pişik qaçıbsa Azərbaycanla Rusiya arasında son 25 ildə ilk dəfə Rusiya erməni dairələrinin əliylə problemlər meydana çıxıb. Caqaryan tipli Rusiya erməniləri Rusiyanın dövlət maraqlarını “böyük erməni ideyalarına” asanlıqla qurban verir.

Bu gün  Rusiya-Azərbaycan münasibətləri Rusiya ermənilərinin aqressiyasının girovuna çevrilib. Maraqlıdır, sabah Rusiya ermənilərinin “böyük ideyalarının” hədəfi hansı başqa ölkə olacaq?

Belə bir vaxtda gecənin yarısı Rusiya vətənpərvər azərbaycanlılarının diaspor təşkilatının qapılarını bağlayırlar. Elə rusiyalıların yolunu kəsirlər ki, onlar rus vətənpərvərləri ilə birlikdə Rusiya-Azərbaycan ittifaqını möhkəmləndirmək üçün bütün səyləri göstərirlər.

Rusiyada nəsə baş verir! Rusiya ilə bağlı nəsə xoşagəlməz vəziyyət yaranıb! Sərkisyanın kürəkəni səfir Minasyan Avropa İttifaqını Ermənistanı Rusiyanın təsirindən çıxarmağa inandırır, səfir Caqaryan isə Vladimir Putinin şəxsən məşğul olduğu layihəni pozur, erməni jurnalistləri Rusiya KİV-lərinin səhifələrində Azərbaycanın düşmən obrazını yaradırlar, erməni əsilli rusiyalı məmurlar vətənpərvər Rusiya azərbaycanlılarını informasiya-siyasət mühitindən vurub çıxarırlar…Və bütün bunlar Kremlin yanında baş verir, bəlkə dönüb baxsınlar ki, yan-yörələrində nə baş verir?!

Eynulla Fətullayev/Virtualaz.org

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

3 − three =