“Aprel müharibəsi Ermənistan ordusunda silahlanma və döyüş hazırlığı ilə bağlı çatışmazlıqları ortaya çıxardı. Əgər Azərbaycan dayanmasaydı, sonrakı hadisələrin necə cərəyan edəcəyini təxmin etmək çətin olardı”.
Bu sözləri rusiyalı hərbi ekspert Pavel Felgenqauer Ermənistanın “1in.am” saytına verdiyi müsahibədə söyləyib.
Felgenqauer Ermənistan ordusunu problemlərinin bununla bitməyəcəyini bildirib: “Əlbəttə, Ermənistan tərəfdən bütün bunlardan dərs çıxarmaq, çatışmazlıqları öyrənmək üçün cəhdlər edilib. Lakin bir çox fundamental problemlər hələ də qalıb. Ermənistan ordusu indi də geridə qalmaqda davam edir. Bu, əslində sizin (Ermənistanın-red.) günahınız yox, bədbəxtliyinizdir. Hərbi əməliyyatlar üçün bu gün yalnız Azərbaycan ordusunda olan müasir silahlar lazımdır. Məsələn, Azərbaycan tərəfi aprel müharibəsində Ermənistan ordusunun zirehli maşın və texnikalarını məhv etməyə qadir pilotsuz uçan aparatlardan (PUA) istifadə etdi.İrəvanın əlində belə bir vasitə mövcud deyil. Bunlardan heç Rusiya ordusunun arsenalında da yoxdur. Azərbaycan hərbi texnika ilə bağlı bir sıra sahələrdə Ruisyadan daha da irəlidə görünür. Çünki bu texnika onlara İsrail tərəfindən verilir. Bizim (Rusiyanın-red.) isə öz resurslarımızla bu cür PUA-lar istehsal etmək gücümüz yoxdur.
İndi bizdə bununla bağlı daha çox “demək olar ki, bitirmişik” sözlərini eşitmək olur. Lakin “demək olar ki” ayrı, “bitirmişik” ayrı anlayışlardır. Rusiyanın əlində sadəcə kəşfiyyat PUA-ları var. Zərbə PUA-ları üzərində iş gedir. İrəvanın isə ümumiyyətlə bu cür silah əldə etməsi qeyri-mümkün görünür”.
Ekspert İrəvanın hərbi texnikanın keyfiyyəti məsələsində də geridə qaldığını vurğulayır: “Ermənistan hələ də sovet texnikası ilə təchiz olunub. Azərbaycan isə İsrail tərəfindən modernləşdirilən zirehli texnikaya malikdir. Əgər bir gün irimiqyaslı hərbi əməliyyatlar başlasa Azərbaycanın öz hərbi-texniki üstünlüyündən necə istifadə edəcəyi o zaman ortaya çıxacaq.
Bunu bu cür təsvir edək: Bir-birinə rəqib iki futbol komandasından biri braziliyalı oyunçunu alır, o birisinin isə belə bir imkanı olmur. O zaman kim qallib gələcək? Təbii ki heyətində braziliyalı oyunçu olan komanda üstünlük əldə edəcək. Lakin bu komanda həmin oyunda uda bilərmi, onu söyləmək çətindir”. (Musavat.com)