Azərbaycanlıları Qətərdə işə düzəltmək adı ilə aldatdılar

0
724
Vətəndaşların ölkə daxili və xaricində gedən proseslərdən məlumatsızlığı, hüquqi baxımdan savadsızlığı bir çox hallarda ağır nəticələrə gətirə bilir. Belə ki, sadəlövh və tezaldanan insanlardan pul qoparmağa çalışan kəslərin sayı az deyil. 1982-ci il təvəllüdlü Bakı sakini Zeynalov Tofiq Aydın oğlu Qətərdə işə düzəldəcəyi adı ilə yüzdən çox insanı aldadıb.
Bu barədə Yasamal rayon Polis darəsindən məlumat daxil olub.
Qeyd olunan rayonun 27 saylı polis bölməsinin əməkdaşları çoxsaylı şikayətlərin daxil olmasından sonra cinayət-axtarış tədbirləri keçirərək, Zeynalovu saxlayıb və məsuliyyətə cəlb edib.
Bütün ölkələrdə olduğu kimi, Azərbaycanda da işsizliyin aktual problem olduğunu və işə düzəlmək istəyənlərin hər zaman tapıldığını yaxşı anlayan “fərasətli” Zeynalov öz qurbanları üçün yalan əhvalat uydurub, ABŞ kimi inkişaf etmiş ölkələrdə deyil, Qətərdə böyük iş perspektivləri vəd edib.
2017-ci ilin oktyabr ayından etibarən Zeynalov öz şikarlarını “tələyə” salmağa başlayıb. O, Cəfər Cabbarlı küçəsində yerləşən “Caspian Plaza” biznes mərkəzində otaq icarəyə götürüb və hamıya özünü “Munchen” şirkətinin əməkdaşı kimi təqdim edib. Maraqlıdır ki, Zeynalovun “tilovuna” 100-dən çox vətəndaş düşüb. Zərərçəkənlərin hər birinə yeni qaz layihəsi çərçivəsində Qətərdə işlə təmin olunacağını vəd edib.
Müraciət edən şəxslərin hər birindən 700 manat pul alıb və bu məbləğin Qətərdə işləmək və qalmaq məqsədilə tələb olunan sənədlərin hazırlanması üçün vacib olduğunu deyib. Ancaq “Qətərdə işdən” əsər-ətər olmayıb və onlar verdikləri pulları geri ala bilməyiblər.
İlkin dindirilmə zamanı Zeynalov topladığı bütün pulları son qəpiyinə kimi “Munchen” şirkətinin rəhbəri Rauf Həsənliyə ötürdüyünü bildirib. Hazırda müstəntiqlər cinayət tərkibini və Zeynalovun həyata keçirdiyi  dələduzluq sxemini araşdırır. Onun başqa şəxslərlə əlbir olduğu istisna edilmir.

BIR CAVAB BURAXIN