Azərbaycanlılara Moskvadakı Cümə məscidinə toplaşmaq qadağan olundu

0
508

Moskva Müsəlmanları Ruhani İdarəsi Rusiya paytaxtındakı Cümə məscidində baş verən hadisəylə əlaqədar azərbaycanlıların məktubuna rəsmi cavab verib.

Bunu “Report”a Moskva müxbirinə Rusiyada fəaliyyət göstərən “Əhli-Beyt” ictimai təşkilatının sədri Nizami Baloğlanov bildirib.

Onun sözlərinə görə, Moskva Cümə məscidində dünən baş verən qarşıdurmada təxminən 200 azərbaycanlı iştirak edib.

N.Baloğlanov bildirib ki, icma liderləri və hüquq-mühafizə orqanlarının əməkdaşları qarşıdurmanın genişmiqyaslı davaya çevrilməsinin qarşısını alıb.

Təşkilat sədri vurğulayıb ki, Moskva Müsəlmanları Ruhani İdarəsi “Əhli-Beyt” icmasına rəsmi məktub göndərib: “Məktubda qeyd olunub ki, azərbaycanlılara Məhərrəm ayı ilə bağlı Cümə məscidində tədbirlər keçirməyə icazə verilmir. Bunu müxtəlif icmalar arasında münaqişə ola biləcəyi ilə əsaslandırıblar.

Biz 20 ildir Cümə məscidində analoji tədbirlər keçirirdik. İndi məsciddə aparılan yenidənqurma işlərindən sonra isə toplaşmağımıza icazə vermirlər. Bazar ertəsi normal qaydada məsciddə toplaşaraq namazımızı qılıb, duamızı etdik. Amma sonrakı gün kimlərinsə təhrikinə görə digər müsəlmanları bizə qarşı qoydular”.

O əlavə edib ki, hazırda Moskvada yaşayan azərbaycanlıların şiələr üçün müqəddəs aylarda, bayramlarda və anım günlərində toplaşacağı heç bir yer yoxdur: “Bu səbəbdən azərbaycanlılar İranın Rusiyadakı səfirliyi yanında fəaliyyət göstərən İslam Mədəniyyət Mərkəzində toplaşmağa məcburdur”.

N.Baloğlanovun sözlərinə görə, təşkilat dəfələrlə imanlıların dualarını edib, namazlarını qılmaları üçün məkan ayrılması xahişi ilə Moskva meriyasına və azərbaycanlıların diaspor təşkilatlarına müraciət edib, amma bunun heç bir nəticəsi olmayıb, məsələ “ölü nöqtə”dən tərpənməyib.

Xatırladaq ki, dünən gecə Moskva Cümə məscidinə toplaşan azərbaycanlılara qarşı təxribat törədilib. Bir qrup gənc məscid otağına daxil olaraq azərbaycanlılara hücum edib və onların məscidi tərk etmələrini tələbi edib. Hüquq-mühafizə orqanlarının müdaxiləsi nəticəsində xəsarət alan olmayıb.

Bu gün hadisə ilə bağlı Moskva Müsəlmanları Ruhani İdarəsində Rusiyanın baş müftisi Ravil Qaynuddinin iştirakı ilə görüş keçiriləcək.

BIR CAVAB BURAXIN