Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər etmiş moldovalı jurnalist işdən çıxarılıb

0
593

“Moldovanın “TV7” telekanalının çəkiliş qrupunun Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə səfər etməsi və oradan reportaj hazırlaması barədə məlumatlar Azərbaycanın Moldovadakı səfirliyi  tərəfindən araşdırılıb”.

 

Bu barədə APA-ya Azərbaycan XİN-in mətbuat katibi Hikmət Hacıyev məlumat verib. O bildirib ki, səfirlik faktla bağlı Moldovanın “TV7” telekanalının rəhbərliyinə müraciət edib: “Daha sonra Moldovanın “TV7” telekanalının rəhbərliyi Azərbaycanın Moldovadakı səfirliyinə məktubla müraciət edərək yaranmış vəziyyətə görə üzrxahlığını ifadə edib. Belə ki, kanalın rəhbərliyi hazırlanmış reportajın “TV7” telekanalında efirə getmədiyini bildirərək müvəqqəti olaraq daxili istifadə üçün yalnız videohostinqdə yerləşdirildiyini qeyd edib. Münaqişəyə münasibətdə müəllifin baxışı ilə kanalın redaksiya siyasəti arasında uyğunsuzluğu əsas götürərək yekunda kanalın redaksiyası bu verilişi efirə verməkdən qəti imtina edib”.

 

Məktubda o da qeyd olunub ki, süjetin müəllifi və artıq “TV7” telekanalından xaric edilmiş Lyuba Maksim kənar şəxslər üçün qapalı olan videolinki onun səfərini təşkil etmiş, Brüsseldə yerləşən “European Friends of Armenia” erməni lobbi və diaspora təşkilatına göndərib.

 

H. Hacıyev əlavə edib ki, “European Friends of Armenia” təşkilatı Ermənistan mediası ilə birlikdə “YouTube”da yerləşdirilmiş bu videonu yalandan Moldova televiziyasında efirə getmiş veriliş kimi təqdim etməyə çalışıb: “Amma aparılmış araşdırma və kanalın rəhbərliyinin müdaxiləsi nəticəsində bu yalan ifşa olunub. Bu video “YouTube” videohostinqindən də silinib”.

Sosial səhifələrdə payla

BIR CAVAB BURAXIN