Azərbaycanı sevməyən NAZİR QIZININ Avropada ACINACAQLI HƏYATI

0
1088

Azərbaycanı sevməyən NAZİR QIZININ Avropada ACINACAQLI HƏYATI - İLK DƏFƏ (FOTO)

“Qafqaz günləri”

Картинки по запросу Banine

XIX əsrin sonları, XX əsrin əvvələrində Bakının neft maqnatlarının sayı durmadan artırdı. Elə bu dövrdə neft səltənətinin milyonçuları Şəmsi Əsədullayev və Musa Nağıyevin ailəsində toy çalınır. Nağıyevin qızı Ümmülbanu ilə Əsədullayevin oğlu Mirzə ailə qururlar. Mirzə öz dövrünə görə olduqca savadlı gənc idi. O, ailə biznesini idarə edirdi. Mirzə Əsədullayev həmçinin Azərbaycan Demokratik Respublikası dövründə Ticarət və Sənaye naziri vəzifəsində çalışmışdı.

İki milyonçunun ailəsində dünyaya göz açmaq bəlkə də, kimlər üçünsə böyük xoşbəxtlik sayıla bilər. Lakin qəhrəmanımızın acı taleyi elə onunla birgə doğulur. Sonralar öz “Qafqaz günləri” əsərində yazacaqdı: “Mən doğma anamı tanımırdım. 1905-ci ildə inqilabı gərginliyi aradan qaldırmaq istəyən hakimiyyət Qafqazı millətlərarası qarşıdurmaya təhrik etdi. Azərbaycanlıları, erməniləri, rusları, kürdləri, iranlıları üz-üzə qoydular. Anamı qəddarlıqdan və ağlasığmaz talanlardan qorumaq, eyni zamanda doğmaq üçün atam doğma Bakıdan uzaqda yerləşən bir kəndə göndərir. Doğuş çox ağır keçir, yaxınlıqda həkim olmadığından anam həyatla vidalaşır, mən isə sağ qalıram”.

Ümm-Əl-Banu dördüncü qızını dünyaya gətirərkən, körpəsinin üzünü görmədən dünyadan köçür. Qızcığaza anasınının əziz xatirəsinə Ümm-Əl-Banu adı verilir.

Banine adlı şəxsin şəkli.

Balaca Banu və bacılarını alman əsilli Anna adlı mürəbbiyə böyüdür. Odur ki, bacılar hələ kiçik yaşlarından alman, fransız və ingilis dillərində danışmağa başlayırlar. Əsədullayevlər ailəsi hər ilin yay aylarında Mərdəkanda yerləşən bağ evinə köçürdü. İllər sonra Ümmülbanu bağ həyatını belə xatırlayırdı: “Bağda hər yer mənim dostum idi, armud ağacları, çiçəklər, qızılgül tağları, hətta hovuz və pilləkanlar. Hər yerdə özümə yeni sirdaş tapırdım və çox xoşbəxt idim. Onlar insanlardan fərqli olaraq yaxşılığı yadda saxlayıb, təşəkkür etməyi də bacarırdılar”.

Ögey ana, yad ölkə…

Картинки по запросу Banin və baciları

Dul Mirzə Əsədullayev yenidən ailə qurmaq qərarına gəlir. Bu dəfə onun seçimi zərif və şarmlı gürcü qızı Tamara Datiyeva olur. Tamara çox müasir və qərb mədəniyyətinə meyilli qadın idi.

1920-ci ildə bolşevik dəstələri Azərbaycanı zəbt edir. Bununla da şərqin ilk demokratik Cümhuriyyəti süquta uğrayır.

Ölkənin aydın səmasını bürüyən qara buludlar Ümm-Əl-Banunun ailəsindən də yan ötmür. Ölkənin ticarət və sənaye naziri Mirzə Əsədullayev də digər dövlət rəsmilərilə birgə həbs edilir. Əsədullayevin gənc xanımı və böyük qızları Fransaya qaçırlar.

Günbəgün atasının həbsdə vəziyyətinin pisləşdiyini görən 15 yaşlı Ümm-Əl-Banu taleyin acı zəhərini yenidən içməli olur. O, öz arzularını, xəyallarını tapdayıb, atasının yeganə xilaskarı Balabəy Qocayevlə ailə qurmalı idi. Qocayev Mirzə Əsədullayevin həbsdən azad olub, Parisə köçməsini təmin edir. Gənc ailə isə öncə Gürcüstana, oradan da Türkiyəyə köçür. 1924-cü ildə isə Ümm-Əl-Banu Fransaya ailəsinin yanına gedir. Bir damla belə sevgi bəsləmədiyi ərindən ayrılmaq ona hürriyətin ləzzətini daddırır. O, bir neçə il sürən əziyyətdən sonra Balabəydən boşanmağa nail olur.

Parisdə yaşayan Əsədullayevlər ailəsinin maddi durumu getdikcə pisləşirdi. Onlar bir neçə ildən sonra Azərbaycanda vəziyyətin durulacağına və geri dönəcəklərinə ümid bəsləyirdilər. Lakin günlər bir-birini əvəzlədikcə xəyalları da Bakıdan gətirdikləri daş-qaşlar kimi puç olurdu.

Ailəyə məxsus bütün zinət əşyaları satıldıqdan sonra Əsədullayevlərin səfil həyatları başlayır. Analığı ilə daim mübahisə edən Ümm-Əl-Banu ata evindən ayrılıb, balaca bir daxmada sığınacaq tapır.

“Paris günləri”

Картинки по запросу Banine

Gənc qız Parisdə təkbaşına ac qalmamaq üçün bir neçə işdə çalışırdı. Model, satıcı, katibə, musiqi müəlliməsi və nəhayət yazıçı… Elə onu Fransa oxucusuna tanıdan Banin təxəllüsünü də bu dövrdə götürür. O, bu təxəllüsü məşhur fransız yazıçısı Jean Paulhanın məsləhətilə sahib olur. Çünki məhz bu adı fransız oxucusu daha rahat yadda saxlaya bilərdi. Ümm-Əl-Banu bütün yazılarını bu təxəllüs imzası ilə tamamlayırdı. Çox keçmir ki, yazıçı həyatda da bu adla çağırılmağını istəyir. Beləcə Ümm-Əl-Banu Baninə çevrilir.

Baninin ilk kitabı “Nami” 1942-ci ildə işıq üzü görür, ardınca isə “Qafqaz günləri”, “Paris günləri”, “Yungerlə görüş”, “Sonra” və digər əsərləri onu fransız oxucusuna tanıdır. Lakin Banini ən çox Fransada mühacirətdə olan rus yazıçılıarı sevirdilər.

Banin və Bunin

Похожее изображение

İvan Alekseyeviç Bunin ədəbiyyat sahəsi üzrə Nobel mükafatına layiq görülən ilk rus yazıçısı idi. O, Baninlə tanış olanda 76 yaşı vardı. Baninsə 40 yaşlı müdrik qadın idi. Bu maraqlı yaradıcı cütlüyün ilk tanışlığı 1946-cı ildə baş turur. Həmin dövrdə Bunin milyonların məhəbbətini qazanmış adlı-sanlı qələm ustası, Baninsə həyat nərdivanını enən ahıl ədəbiyyat dühası ilə ünsiyyətdən zövq alan qadın idi.

Bunin həyatının qürubunda ona yenidən gənclik eşqi yaşadan bu Şərq gözəlindən ilhamlanır, ona şeirlər həsr edir və incəliklə “qara gözlü ceyranım” bəzənsə “qara qızılgülüm” adlandırırdı. Bunin tez-tez Qərbli Şərq gözəlinə öz imzalı kitablarını yollayır və içərisində qeydlər qoyurdu. Məktublar adətən “Qaranlıq gecələrimin günəşi” xitabı ilə başlayırdı.

Onlar sanki od və külək idilər. Bütün görüşləri öncə ədəbi, sonra isə şəxsi mübahisələrlə bitirdi. Və Bunin Baninin evini tərk edib, gedirdi. Bir neçə gündən sonra isə yenidən ona məktub göndərirdi.

Bir dəfə yaşlı ədəbiyyat dühası Baninə deyir: “Kaş ki, sizinlə 20 il öncə rastlaşardım”. Baninsə cavabında sakit səslə: “Bu, necə də gözəl olardı, lakin biz tezliklə bir-birimizin sonuna çıxıb, cəhənnəmə düşərdik” deyir.

1960-cı ildə nəhayət Banin sevimli qocanın xatirəsinə həsr etdiyi “İvan Buninin son mübarizəsi” əsərini tamamlayır.

“Mən tiryəki seçdim”

“Qafqaz günləri”ndən sonra Baninin yaradıcılığının zirvəsi “Mən tiryəki seçdim” əsəridir. Bu kitabda söhbət dindən gedir və Karl Marksın “din xalq üçün tiryəkdir” fikri əsas götürülüb. Əsər ispan, holland, italyan, alman hətta yapon dilinə tərcümə edilib. Yazıçı bu əsərdə mənəvi qida olaraq xristianlığı seçməyindən, Şərq və Qərbin fərqində, eləcə də mühacir həyatından bəhs edib.

Rolf Henrix Ştürmer-Baninin mənəvi oğlu ilə müsahibə

Baninin heç vaxt övladı olmayıb. Lakin Rolf Ştürmer adlı gənci öz övladı kimi sevib və onu rəsmi varisi elan edib. Çətinliklə də olsa, Cənab Ştürmeri axtarıb tapdıq və Baninin canlı şahidi, eləcə də rəsmi varisi olaraq fransalı yazıçımız barədə qaranlıq qalan məqamları işıqlandırmağı xahiş etdik.

– Cənab Ştürmer, nə yaxşı ki, internet və sosial şəbəkələr var, yoxsa sizinlə tanış olub, söhbətləşmək imkanından məhrum olardıq. Rica edirəm, öncə özünüz haqda bizə məlumat verin…

– 61 yaşım var. Alman və polyak əsilliyəm. Almaniyanın Münxen şəhərində fəsləfə, tarix və ədəbiyyat üzrə təhsil almışam. Həyatımın 30 ilini Parisdə yaşamışam. Orada öncə kitab satıcısı, sonra isə tərcüməçi və yazıçı kimi fəaliyyət göstərmişəm. Hazırda Berlində yaşayıram. Rəssamlıqla məşğulam, həmçinin yazıçılıq fəaliyyətimi davam etdiririəm. Artıq uzun müddətdir ki, Ümm-Əl-Banu ilə dostluq münasibətimdən, onun yaradıcılığından bəhs edən yazılar yazıram. Mən Baninin ölümündən sonra onun rəsmi siması sayılıram.

– Maraqlıdır, Avropada o, Banin kimi tanınır, amma siz öz adını qeyd edirsiniz.

– Doğrudur, o, sağlığında istəyirdi ki, hamı onu Banin deyə çağırsın, amma dünyasını dəyişəndən sonra qərara aldım ki, bütün yazılarımda, xatirələrimdə əsl adını qeyd edim. Bununla həm onun haqda məlumatlar təhrifə uğramır, həm də Azərbaycan əsilli olduğu bilinır.

– Bəs Baninlə tanışlığınız necə baş tutub?

– 1986-cı il idi, bizi alman yazıçısı Baninin yaxın dostu Ernest Yunger tanış etdi. Ümm-Əl-Banunu gördüyüm ilk andan etibarən hiss etdim ki, onu daha yaxından tanımaq istəyirəm. Sonradan bəlli oldu ki, bu sevgi və hörmət qarşılıqlıdır. Biz onunla tez-tez görüşür, söhbətləşirdik. Şəxsən tanıdığı məşhurların həyatı haqda gülməli əhvalatlar danışardı. Söhbətlərimiz bəzən bir neçə saat davam edirdi. Bir müddət sonra o, məni dostlarına təqdim edib dedi: “Tanış olun bu, mənim mənəvi oğlumdur!” Bu münasibət məni çox təsirləndirdi. Bilirsiniz, mən onu heç vaxt unutmuram və xatirələrini imkanım çatdığı qədər yaymağa çalışıram.

– Sizcə, Banin niyə Azərbaycanda az tanınır?

– Çünki azərbaycancaya cəmi iki kitabı tərcümə edilib. Həm də, həyatının cəmi 18-19 ilini Azərbaycanda, qalan böyük hissəsini isə Parisdə keçirib. Etiraf edim ki, o vətənindən küskün idi. Azərbaycan Ümm-Əl-Banu üçün puç olmuş arzular ölkəsi idi. Heç vaxt bolşeviklərin qələbəsini həzm edə bilmirdi.

– Bəs bacıları ilə əlaqəsi vardımı?

– Ailəsi haqda çox danışmazdıq onunla. Bəzən özü deyrdi ki, doğmalarından tək o, sağ qalıb. Böyük bacısı Qövsərin bir oğlu var. O, digər bacıları Kübra və Sürəyyanı çox sevirdi. Hətta Sürəyyanın imtina etdiyi bir oğlu da vardı. Həmin şəxs doğulan kimi bir ingilis dayəyə övladlıq verilib və hazırda jurnalıstdir. Baninin ögey qardaşı Şəmsi ilə isə isti münasibəti heç vaxt olmayıb. Xatirələrində yalnız onun ölümü haqda qeyd edib. Ümumiyyətlə, bu ailənin çox acı taleyi olub.

– Baninin ölümü müəmmalı olub. Bildiyimə görə, qəbri yoxdur. Buna aydınlıq gətirə bilərsinizmi?

– O, hərdən deyirdi ki, öləndə məni yaşadığım məhəllədəki, Eyfel qülləsinə yaxın ərazidə yerləşən kiçik “Cimetière de Passy” qəbiristanlığında basdırın. 1992-ci ildə vəfat edəndə isə öyrəndim ki, orqanlarını elmi təcrübələr üçün anatomiya institutuna bağışlayıb. Düşünürəm ki, bunun səbəbi pulsuzluq idi. O, kasıb yaşayırdı və çox güman ki, dostlarını xərcə salmaq istəməyib. Vəsiyyətinə əməl edib, onun nəşini Anatomiya institutuna verdim. Lakin bu, fakt məni çox məyus etdi, çünki indi Baninin ziyarət edə biləcəyim məzarı yoxdur.
Bilmirəm Banin sonda öz qərarını niyə dəyişdi. Bəlkə də Avropada dəfn xərcləri baha olduğundan dostlarına əziyyət vermək istəməyib. Bu sualın cavabını heç kim bilmir.
Mən buna görə kədərlənirəm, çünki Baninin ruhuna yad etmək üçün gedə biləcəyim bir yer yoxdur.

Bu gün ilk fransız dilli Azərbaycan yazıçısı Ümm-Əl-Banu Əsədullayeva və ya sadəcə Banin öz vətənində kifayət qədər tanınmır. Əsərləri dilimizə tərcümə edilmir, bu yolda təbliğat aparılmır. Halbuki bir soydaşımızın Fransada yaşayıb, yaradıcılıqda məşğul olması artıq Azərbaycan ədəbiyyatının böyük uğuru deməkdir. Əziz Banin, Qafqazda görüşmək ümidi ilə…

Leyla Sarabi

BIR CAVAB BURAXIN