Azərbaycanı dünyada tanıdanlar: Baş Göynükdən başlanan ömür

0
960

Azərbaycanda bir kənd var-adına Baş Göynük deyirlər. Bu kənddə hal-hazırda on mindən çox insan yaşayır. Böyük Qafqazın ətəyində yerləşən Baş Göynüyün yaşı tariximiz qədər qədimdir. Bu qədər qədim tarixə malik kəndin insanları da ağırtəbiətli, polad iradəli, təmkinli, iti düşünən və elmlidirlər. Eyni zamanda Baş Göynük kəndi Qafqaz xalqlarının müəyyən dövrlərdə azadlıq mübarizəsi meydanı olmüşdur. Bu yerdə oxucuların nəzərinə təkcə XIX əsrdə baş vermis hadisələrin qısa statistikasını çatdırsam, görəcəklər ki, heç bir şişirtməyə yol vermirəm. 1807-1877-ci illər arasında Baş Göynükdə fasilələrlə, çar Rusiyasına qarşı beş üsyan baş vermişdir. Burada 1930-cu il üsyanını demək istəmirəm, çünki yaxın tariximizdir.

Azərbaycanda analoqu olmayan Baş Göynük kəndinin bu gün bir akademiki, bir akademiyanın müxbir üzvü vardır. Professor və dosentlərinin isə sayını dəqiqləşdirmək üçün xeyli fikirləşmək lazımdır. Mənim məqsədim isə bu deyildir. Bu yazımda vətənimiz Azərbaycanı Türkiyə Cümhuriyyətində ləyaqətlə təmsil edən başqa bir göynüklü elm adamı haqqında söhbət açmaq, onu cəmiyyətimizə yaxından tanıtmaq istəyirəm.

Sovet dönəmində kənd insanının qarşısında duran ən önəmli vəzifə övladını ali təhsilli etmək idi. Demək olar bütün valideyinlər gecə-gündüz çalışırdı ki, övladı ali təhsil alsın və gələcəkdə tanınmış simaya çevrilsin. Bu mənada hər yay gələndə insanlar səbrlə gözləyiridilər, kimin övladı qəbul imtahanlarını müvəffəqiyyətlə verə bildi? Avqust ayının əsas hadisəsi bu olurdu. 1977-ci ilin sərin avqust günlərində məhəlləmizə hay düşdü; bəs Yaqub müəllimin üçüncü oğlu Rafiq ekstern (o zaman müttəfiq respublikalara Moskva tərəfindən belə güzəşt edilirdi. İki imtahandan yüksək bal toplayan abituriyent istədiyi Respublikada ali təhsil ala bilirdi) yolu ilə Kiyev Politexnik İnstitutuna qəbul olub. Bu xəbər bir andaca bütün Baş Göynüyə yayıldı. Rafiq Səmədov Refik Samed) o dövrü çox-çox sonralar belə xatırlayır:

-O vaxtlar eksperiment deyilən bir şey vardı, yəni kim ilk iki imtahandan 9 bal toplasaydı, ali məktəbə bir başa qəbul olunurdu. Mən də o zamankı Azərbaycan Dövlət Universiyetinə (BDU) qəbul olmaq üçün iki imtahan verdim; avqustun 2-də və 8-də. Demək riyaziyyat yazılıdan 4, riyaziyyat şifahidən isə 5 qiymət alaraq qəbul oldum. Eyni zamanda ərizəmə uyğun olaraq Kiyev Politexnik İnstitutuna qəbul olmuşdum. Mən Kiyev Politexnik İnstitutunu seçdim. İlk vaxt çox çətinliklər çəkdim. Necə deyərlər, ucqar dağ kəndindən çıxıb Kiyev kimi böyük bir şəhərdə yaşamaq o qədər də asan deyildi. Qohum, tanış yox, üstəgəl yabançı dil məsələsi. Bir də gördün saqqallı professorlar auditoriyaya daxil olub, sənə xarici dildə mürəkkəb terminləri izah edir(«Region-Şəki» qəzeti, 03.10.2012)…

İndi xatırlamıram, Rafiq Səmədova qədər Baş Göynükdən Rusiyanın, Ukraynanın hansısa ali-təhsil müassisəsində təhsil alan vardımı,70-ci illərdə bu kimi məsələlər kənd daxilində böyük hadisə sayılırdı. O zaman 12 yaşında olan bir uşaq kimi mən də bu hadisəyə çox sevinmişdim. Ona görə ki, atası rəhmətlik Yaqub müəllim mənə dərs deyirdi, həm də eyni nəslin davamçıları idik.

Rafiq Səmədovun (Refik Samed) xatirələrindən:

-Cəmi üç-dörd azərbaycanlı idik. Birinci semestrin sonuna qədər rus dilini öyrənə bildik. 1983-cü ildə Kiyev Politexnik İnstitutunu bitirib Bakıya qayıtdım. Azərbaycan Milli Elmlər Akademiyasında kiçik elmi işçi kimi işə başladım. Sonra mənimlə birlikdə bir-neçə nəfəri rəhmətlik Tofiq İsmayılovun rəhbərlik etdiyi Milli Kosmik Tətqiqatlar Mərkəzinə göndərdilər. Bir müddətdən sonra Tofiq müəllimin tövsiyyəsilə Rusiya Milli Elmlər Akademiyasının Kontol Problemləri İnstitunun aspiranturasına daxil oldum. 1992-ci ildə dissertasiya müdafıə edib yenidən Bakıya qayıtdım. Kosmik Tədqiqatlar İnstitutunda elmi fəaliyyətimi davam etdirdim.

Bir məsələni xüsusi qeyd edim ki, Moskvada aspiranturada oxuyarkən 6 patent almışdım. Bu patentlərin sorağı xarici ölkələrə də gedib çıxmışdı. Türkiyədə «TUBİTAK» deyilən bir təşkılat var. Onlar da elmi araşdırmalarımla tanış olurlar və yəqin ki, diqqətlərini cəlb etdiyindən 1994-cü ildə məni Türkiyəyə dəvət etdilər. Beləliklə mənim Türkiyə həyatım başladı(“Region-Şəki” qəzeti, 03.10.2012) …

Rafiq Səmədov 1994-cü ildə Adananın Çukurova Universitetində fəaliyyətə başlayır, 8 aydan sonra əvvəlki iş yerinə dönür. 1996-cı ildə yenidən Türkiyədən dəvət alır və bu dəfə Niğde Universitetində işləməli olur. 1997-ci ildə isə Dənizli Pamukkale Universitetinə keçir. Burada Elektrik-Elektronik mühəndisliyi kafedrasında professor kimi fəaliyyətə başlayır.

7 il Pamukkale Universitetində çalışan Rafiq Səmədov( Refik Samed) 2004-cü ildə Mustafa Kamal Atatürkün qurduğu Ankara Universitetinə dəvət edilir və Bilgisayar Mühəndisliyi kafedrasında professor vəzifəsində pedaqoji fəaliyyətə başlayır.

50 min tələbənin təhsil aldığı, 20 min elmi işçinin çalışdığı Ankara Universitetinin nəzdin-də 5 texnikum, 10 Texniki Peşə Məktəbi fəaliyyət göstərir. Belə bir nüfuzlu ali məktəbdə 15 il müəllim kimi çalışan Rafiq Səmədov (Refik Samed) bir ildir ki, Bilgisayar Mühəndisliyi kafedrasına rəhbərlik edir. Buna qədər isə o, bu kafedranın nəzdində 2012-ci ildə Android laboratoriyası açmışdır.

Dəyərli oxucuların diqqətinə bir məsələni xüsusi olaraq çatdırmaq istərdim. Bayaqdan barəsində danışdığım Rafiq Səmədov (Refik Samed) Azərbaycan elm ictimiyyətinə az-çox tanış olsa da, bütövlükdə insanlarımız onu bir o qədər də tanımırlar. Xarakter baxımından həddən-ziyadə təvazökar olması, elmi araşdırmaları ilə açıq şəkildə öyünərək özünü gözə soxmaması onu yaxından tanımağa imkan verməmişdir. Azərbaycan cəmiyyətinin şoulaşdığını nəzərə alsaq, Rafiq Səmədov kimi adamların kölgədə qalmasına görə təəssüflənməməliyik. Amma oturub düşünsək ki, kompyüter mühəndisliyi kimi nadir və aktual bir sahə üzrə peşəkar mütəxəssis olan Rafiq Səmədov Türkiyə Cümhuriyyətində hansı statusdadır, o zaman başımızı yuxarı qaldırmağa haqqımızın olmadığını dərk edib tər tökərik. Axı nədən onun kimi mütəxəssisi əldən verməli idik? Dünyanın kompyüterlə idarə edildiyini nəzərə alsaq, Rafiq Səmədovun Azərbaycanın elminə böyük itki olmasını qəbul etməliyik. Yeganə təsəllimiz onun qardaş Türkiyə Cümhuriyyətində çalışmasıdır. Axı biz “bir millət, iki dövlətik”. Türkiyə Cümhuriyyətinin uğuru sevincimiz, uğursuzluğu isə kədərimizdir.

Yazımın sonunda bayaqdan bəri demədiyim bir məqamın üzərinə gəlmək istəyirəm. Ankara Dövlət Universitetinin “Bilgisayar Mühəndisliyi” kafedrasının müdiri, professor, doktor Rafiq Səmədovun (Refik Samed) 2020-ci il aprel ayının 18 də 60 yaşı tamam olur. Şəkinin Baş Göynük kəndindən başlanan 60 illik ömrün hardasa 25 ilini Türkiyə Cümhuriyyətində davam etdirən Rafiq Səmədov (Refik Samed yalnız anadan olduğu Baş Göynük kəndinin deyil, həm də ana vətənimiz Azərbaycanımızın fəxridir, qürurur yeridir. O, qardaş Türkiyə ilə Azərbaycan arasında elmi, mədəni sahədə dostluq körpümüzdür, dünya elminə açılan bir pəncərəmizdır, bu günümüzdür, sabahımızdır, gələcəyimizidr. Rafiq Səmədov Azərbaycanımıza, anadan olduğu Baş Göynükə çox bağlıdır, gecə-gündüz ana vətən havası ilə nəfəs alır. Axı o bu kənddə dünyaya gəlmiş, böyümüş, boya-başa çatmış, həyatın müəyyən çətinlikləri ilə burada rastlaşmış, fiziki işlə də elə Baş Göynükdə məşğul olmuşdur. Deməli Rafiq Səmədovu (Refik Samed) indiki səviyyəyə yüksəldən ana vətənimiz Azərbaycanın bir parçası olan Baş Göynüyün torpağı, havası və suyu olmuşdur. O özü də bunu həmişə etiraf edir və yay tətillərini ancaq və ancaq Baş Göynükdə keçirir.

Sonda Türkiyədə Azərbaycanımızın başını ucaldan, onu qardaş ölkənin yüksək elmi dairələrində ləyaqətlə təmsil edən hörmətli professorumuzu bütün xalqımız, o cümlədən Baş Göynük kəndinin bütün insanlarının adından ürəkdə ntəbrik edir və bundan sonra da ona bol-bol uğurlar arzulayıram. 60 illik yubileyiniz mübarək olsun

Rafiq müəllim!

Şahin Aydəmir, yazıçı, publisist